Səhabələr

Cəmiyyətlə Bütünləşən Nüzul Keyfiyyəti

Allah Rəsulu (s.ə.s.) məsələyə daha geniş aspektdən və bir bütöv şəklində baxa bilməyən bu adamlara əvvəlcə:

− Yoxsa siz Allahın düşmənlərisiniz? − deyir. Sonra da Cəbrailin gətirdiyi bu ayələri oxuyur:

−  Şübhəsiz ki, günahkarlar heyrət, yanlışlıq və dəlilik içindədirlər. O gün onlar üzü üstə cəhənnəmə sürüklənəcək və onlara: “Duyun cəhənnəmin təmasını!” − deyiləcəkdir. Şübhəsiz ki, Biz hər şeyi bir qədər (tale) və ölçü daxilində yaratdıq.[23]

Hər şeyi yaradan və yaratdıqlarının ruzisini verərək həyatlarını davam etdirən Allah bunları buyurandan sonra Məkkə müşrikləri və Nəcran əhalisi nəyi gözləyirdi. Dolayısilə, bu ayə o gün həddini aşanların səsini kəsdiyi kimi, sonralar da ortaya çıxacaq, hər həddini bilməzin payını verəcək və Qüdrəti-İlahinin hər şeyə yetdiyini hər zaman göstərən bir qiblənüma (kompas) olacaqdı.[24]

Yenə bir gün bir nəfər qədər (tale) məsələsini məsxərəyə qoymaq niyyəti ilə gəlmiş, Allah Rəsuluna (s.ə.s.) belə deyirdi:

−  Mən istədiyim kimi durub ibadət edir və namaz qılıram.

Bu adamın məqsədi nə namaz qılmaq, nə də bütün gecəni yatmayıb Allaha qulluq vəzifəsini yerinə yetirmək idi. Bunu və bundan sonra deyəcəyi şeyləri öz iradəsi ilə həyata keçirdiyini söyləməyə çalışır və bunların bir təqdir (qədər) nəticəsində olmadığını söyləmək istəyirdi. Niyyət artıq aydın idi və cavablar da buna görə olacaqdı:

− Deməli, Allah sənin namaz qılmağını təqdir etmişdir.

− Mən həm də otururam.

− Oturmağını da O, müəyyənləşdirmişdir.

−  Bəs bu ağaca tərəf gedir və onu kəsirəmsə, necə?

−  Sənin o ağacı kəsəcəyini də Allah təqdir etmişdir ki, sən də bunu edə bilirsən.

Çox qəribə yanaşma idi. Bu adam kiçicik beyni ilə İlahinin qüdrətini ölçməyə çalışır və bu ağırlığı qaldıra bilməyən tərəzisi ilə Allahın təqdirini mühakimə etmək istəyirdi.

Səma ilə əlaqə  fasiləsiz davam edirdi və Cəbrailin gətirdiyi ayələr dada yetişib işin həqiqi tərəfini ortaya qoyacaqdı.[25] Çünki O istəməsə, bircə yarpaq da tərpənməzdi. Allah nəyi istəyərsə, o olar, olmasını istəmədiyi də olmazdı.[26] Göylərin və yerin hökmü Allahın əlindədir. O, istədiyini yaradır, istədiyinə ancaq qız, istədiyinə də ancaq oğlan verir.[27] Əgər Allah cəza vermək və pislik etmək istəsə, onun qarşısını heç bir güc ala bilməz.[28] Onun göndərdiyi fəlakətin qarşısına keçib mane olmaq kimin həddidir? Əgər Allah sizə bir pislik, yaxud bir yaxşılıq diləsə, Allahın sizin haqqınızda görəcəyi bu işə kim mane ola bilər?![29]Allah bir şeyin olmasını istədiyi zaman buyruğu ona ancaq: “OL!” − deməkdir. O da dərhal olar.[30]

Əbu Cəhil “Sizdən istiqamət sahibi olmaq istəyənlər ona qulaq asarlar” mənasındakı ayəni eşidən kimi öz səviyyəsinə görə məntiqi nəticə çıxaracaq və belə deyəcəkdi:

− Baxın, görürsünüzmü, iş yenə bizim öhdəmizə buraxılıb. İstəsək, istiqaməti seçməyə üstünlük verər, istəməsək bunu etmərik!