Səhabələr

Davamçılar və möhnət illəri

Peyğəmbərimizin (s.ə.s.) hüzurunda xoşbəxtliyə qovuşanlar bu səadəti bölüşmək, paylaşmaq üçün başqa adamlar axtarırdılar. İslama dəvətin gizli şəkildə həyata keçirildiyi bu dövrdə Hz. Əbu Bəkir kimi insanlar əvvəlki nüfuzlarından istifadə edərək köhnə dostları ilə Rəsulullahı (s.ə.s.) tanış etmək yarışına girmişdilər. Onun səyi nəticəsində Peğəmbərimizin (s.ə.s.) bibisi oğlu gənc Zübeyr ibn Avvam müsəlman olur.[1] Hz. Əbu Bəkir günlərin bir günü Osman ibn Affanı və Talha ibn Ubeydullahı Onunla tanış edir... Hz. Zübeyrin gəlişindən çox keçməmişdi; Osman ibn Affan və Talha ibn Ubeydullah birlikdə Rəsulullahın hüzuruna gəlirlər. Qapıdan girib Onun camalına tamaşa edincə əriyib mum olmuşdular. Əbu Bəkrin dediklərindən daha çox şey görmüş və sanki, məftun olmuşdular...

Allah Rəsulu (s.ə.s.) onlara İslamdan danışır... Sonra da gələn ayələrdən oxuyur... İslamın gətirdiyi haqlardan, hüquqlardan söhbət açır, müsəlmanı dünyada və axirətdə başqalarından fərqləndirən məsələləri bir-bir sıralayır sapa incilər düzən kimi...