Səhabələr

Davamçılar və möhnət illəri

Bir yarış başlanmışdı. Bütün ağrıları-acıları unutduran yeni gəlişlər yaşanırdı. Bir gün də gənc və fəal bir insan olan Sad ibn Əbi Vəqqas­la[13] sevindi Rəsulullahın hüzuru. Bunların hər biri Hz. Əbu Bəkirin can dostları idi. Hz. Əbu Bəkir özünü bu işə həsr etmiş, əllərindən tutub  bir-bir Rəsulullahın (s.ə.s.) hüzuruna  gətirmişdi onları.

Sad ibn Əbi Vəqqas hələ İslamla tanış olmamışdan əvvəl bir gün yuxuda özünü zülmət bir gecədə görmüşdü. Göz-gözü görməyən bir gecə idi. Bu vaxt qaranlıq gecəyə qəflətən Bədrlənmiş Ay doğmuşdu. Qarşısında işıqdan yol açılan Sad işığı tutub getməyə başlamışdı. Bir də baxmış ki, Zeyd ibn Harisə, Əli ibn Əbi Talib və Əbu Bəkir qarşısındadır. Onlardan soruşmuşdu:

− Siz bura nə vaxt gəldiniz?

− Təzə gəldik, − deyə cavab vermişdilər. Bu  vaxt yuxudan ayılan Hz. Sad günlər ötməsinə baxmayaraq, nə zülmət gecəni, nə Bədrlənmiş Ayı, nə də qarşısında gedən adamları unuda bilmişdi. Nəhayət, bir gün Hz. Məhəmmədin insanları gizli-gizli İslama dəvət etdiyini eşidir. Gedib Onu Əcyad adlı yerdə tapır. İkindi (əsr) namazını qılırdı. Namazını qurtarar-qurtarmaz hüzuruna gəlir və elə oradaca müsəlman olur. O vaxt hələ on doqquz yaşındaydı.[14] Hz. Sad Allah Rəsuluna (s.ə.s.) ana tərəfdən qohum idi. Buna görə də Rəsulullaha (s.ə.s.) “Dayım” deyər və “Kimin belə dayısı var? “ sözləri ilə də iltifat edərdi.[15]

Hz. Sad müsəlman olmuşdu, amma anası ona mane olurdu. Sad isə valideynlərinə qarşı çox həssas davranar, könüllərini qırmamaq üçün tir-tir əsər  və bir dediklərini iki etməməyə çalışardı. Onun bu xasiyyətinə yaxşı bələd olan anası əvvəlcə:

−  Ey Sad! Bu təzə ortaya çıxardığın din nədir? − deyə etiraz etmiş, ardınca da:

− Ya sən bu dinini tərk etməlisən, ya da mən ölüncəyə qədər nə yeyəcəyəm, nə də içəcəyəm. Camaat içində nə hala düşəcəyini sən özün fikirləş, − deyərək oğluna təzyiq göstərməyə çalışırdı. Sad onun qəlbini qırmamaq üçün əlindən gələni edirdi, amma anasında zərrə qədər də bir yumşalma əlaməti görünmürdü.

− Ey əziz anam! Nə olar, belə etmə! Çünki mən dinimi tərk edən deyiləm, − deyə Sad anasına yönəlir.