Səhabələr

Davamçılar və möhnət illəri

Beləcə, aradan bir gün də keçir, amma Sadın anası nə bir damcı su içmiş, nə də ağzına bir loğma çörək qoymuşdu. Sad qədər anası da ciddi görünürdü. Bir gün də ötmüş, anası təkidindən hələ də əl çəkməmişdi. Lakin digər tərəfdə bir dəyişiklik vardı. Səmalar dilə gəlmiş və Cəbrail  (ə.s.) “Anaya və ataya itaətin bir əsas olduğunu, ancaq qətiyyən bunun Allaha üsyan mənasına gəlmədiyini, bu məqamda isə itaətdən söhbət getməyəcəyini”[16] (Əgər (ata-anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, (bu işdə) onlara itaət etmə. (Qalan) dünya işlərində onlarla gözəl keçin (onlara itaət et). Tövbə edib Mənə tərəf dönənlərin (islamı qəbul edənlərin) yolunu tut. Sonra (qiyamət günü) Mənim hüzuruma qayıdacaqsınız. Mən də (dünyada) nə etdiklərinizi (bir-bir) sizə xəbər verəcəyəm!” (“Loğman” surəsi, 31/15) ayəsi ilə bildirirdi. İndi Sad rahat olmuşdu. Daha nə edəcəyini bilirdi və anasının yanına gəlib bütün qətiyyəti ilə:

− Ey anam, vallah, əgər sənin min canın olsa və sən hər gün bunlardan biri ilə ölüb getsən, buna görə mən dinimi tərk etməyəcəyəm, − deyir.

Bunlar Sad kimi ürəyiyumşaq bir adamdan gözlənilən sözlər deyildi. Bundan sonra, oğlunun ondan daha qətiyyətli olduğunu görən Hz. Sadın anası inadından əl çəkmiş, yeyib-içməyə başlamışdı.[17] Hz. Sad vəhyin nuru altında addım atmağın səmərəsini artıq  görməyə başlamışdı.

Sözünə sadiq çoban və süd möcüzəsi

Allah Rəsulu (s.ə.s.) Hz. Əbu Bəkirlə birlikdə Məkkə kənarına çıxmış, bir az sakitlik axtarırdı. Qarşılarına Abdullah ibn Məsud[18]  adlı bir çoban çıxır. O, Ukbə ibn Əbi Muaytın qoyunlarını otarırdı. Muhəmmədul-Əmini və Əbu Bəkiri də tanıyırdı. Kim nə deyir-desin, onlar Məkkənin iki gözü idi. Qoyunların sahibi Ukbə ibn Əbi Muayt isə bu iki şəxsi heç xoşlamaz, hər fürsətdə sözünü onların üstünə gətirib əleyhlərinə danışardı. Amma ibn Məsud öz qərarını verəcək qədər mühakimə qabiliyyətinə malik adam idi.