Səhabələr

Davamçılar və möhnət illəri

Artıq məqsəd hasil olmuş və heç bir şeyə ehtiyac qalmamışdı. İndi hər şeyi əvvəlki vəziyyətinə qaytarmaq növbəsi idi. Buna görə də, Peyğəmbərimiz (s.ə.s.) südlə dolu yelinə səslənir:

− Əvvəlki halına qayıt!

Bayaq heç südü olmadığı halda, süd dağarcığına çevrilən yelin yenidən büzüşməyə başlamış və elə oradaca əvvəlki vəziyyətinə qayıtmışdı.

Bu dəfə ibn Məsud danışmağa başlayır:

− Oxuduğun o kəlmələri mənə də öyrədərsənmi, ey Allahın Rəsulu!

Niyyət hasil olmuş, möcüzə hədəfə dəymişdi. Demək ki, ibn Məsud da artıq mömin idi. Allah Rəsulu (s.ə.s.) ona bir az da yaxınlaşır. Mübarək əlini onun başına qoyur və sığallamağa başlayır. Bu əsnada isə Rəsulullah (s.ə.s.) bunları deyirdi:

− Sən çox müdrik cavansan![19]

Artıq İbn Məsud “ümmətin alimi” mənasında “hibrül-ümmə” olmaq yoluna qədəm qoyur və bütün səmimiyyəti ilə tövhid kəlmə­sini söyləyirdi. Onun müsəlman olduğu gün Xəttab ailəsinin kürəkəni Səid ibn Zeyd və həyat yoldaşı, Ömər ibn Xəttabın bacısı Fatimə də müsəlman olmuşdu.

Səadətə doğru addımlar davam edir

Bu əsnada Amir ibn Rəbiə, Utbə ibn Rəbiənin oğlu Əbu Hüzeyfə, Əbu Ubeydə ibn Cərrah, Osman ibn Mazun və iki qardaşı Qudamə və Abdullah, Əsma binti Ümeys, Ümmü Eymən, Peyğəmbərimizin əmisi Hz. Abbasın xanımı Ümmül Fədl və Hz. Əlinin böyük qardaşı Cəfər ibn Əbi Talib də müsəlman olmuşdu.[20] Bu din fəzilətə aşiq  insanlar arasında sürətlə yayılır və insan kimi yaşamaq arzusu ilə alışıb yanan hər kəs bu mənbəyə doğru qaçırdı. Bu mərhələ üç il davam edəcəkdi.

Təbliğ hələlik məhdud dairədə aparılır və daha çox fərdi səylər səmərə verirdi. Bir tərəfdən də yeni ayələr nazil olur, Allah Rəsulu (s.ə.s.) da bu ayələri bu ilk halqa ilə bölüşürdü. Ancaq bunun üçün daha çox tənha yerlər seçilir, əksər vaxtlarda da bu söhbətlər üçün Rəsulullahın səadət xanəsinə yığışır və bununla da, Qureyşin təzyiqindən yayınmağa  çalışırdılar. Dövr imanın kamilləşməsi dövrü idi və o gün nazil olan ayələrin ümumi mövzusunu da bu məsələ təşkil edirdi. Çünki bayrağı çiyinlər üzərində uzun müddət dalğalandırmaq üçün güclü və sarsılmaz bir imana malik olmalı idilər.