Səhabələr

Davamçılar və möhnət illəri

Xalid ibn Səid öz istəyi  ilə gəlib müsəlman olmuşdu, amma onun atası çox inadkar idi. Oğlunun müsəlman olduğunu  eşidər-eşitməz dərhal axtarıb tapır və:

− Babalarının adətlərini və tanrılarını ayıblayıb alçaltdığı və sənin düşüncənə müxalif olduğu halda, sən necə gedib Məhəmmədə tabe olursan? − deyə oğluna təzyiq göstərəcək, sonra da əlinə götürdüyü odunla başını yarıb al-qana qərq edəcəkdi. Valideynə itaət Allahın əmri olsa da, Allaha üsyan məsələsində onların kortəbii təhdidlərinə “bəli” deyilə bilməzdi. Xalid də:

− Allaha and olsun ki, mən Ona tabe oldum və bir də geri dönməyəcəyəm,− deyir. Atasının cavabı daha sərt olur. Əvvəlcə çox ağır söyüşlər söyür, sonra da:

−  İstədiyin yerə get! And olsun ki, məndən bir iynə də görməzsən, − deyir.

Onu tapan nəyi itirərdi ki?! Rəsulullahın hüzurunda olmaq  dünyaları fəth etməyə bərabərdi. Buna görə də:

− Məni hər şeydən məhrum etsən də, bu yoldan qayıtmayacağam. Şübhəsiz, Allah (cəllə cəlaluhu) ruzimi də verər, − deyən Hz. Xalid kimin yanında öz yerini tutacağını aydın şəkildə göstərirdi. Ancaq hirsli ata bir yerdə dayanmayacaq, özü kimi fikirləşən digər övladlarını da bir yerə yığıb onlara Hz. Xalidlə danışmamağı əmr edəcəkdi. Əlacsız Hz. Xalid də Allah Rəsulunun hüzuruna gələcək və bir daha bu qapıdan  ayrılmayacaqdı.[24]

Çox keçməmiş Xatib ibn Amr, Vaqid ibn Abdullah, Bukeyr ibn Abdiyaleylin dörd oğlu − Xalid, Amir, Aqil[25]və İyas da Rəsulullahın (s.ə.s.) hüzuruna gələrək tövhid kəlməsini söyləyib iman edir.