Səhabələr

Davamçılar və möhnət illəri

Onların bu acınacaqlı halını onsuz da Allah Rəsulu (s.ə.s.) görürdü,  amma başqa çarəsi yox idi. Bilirdi ki, bu cür çətin şəraitdə qətiyyətli və mətin dayanmaq lazımdır. Həmçinin bu cür məşəqqətləri yaşayanlar təkcə onlar deyildi. Cəbrailin gətirdiyi ayələrdə də bu məsələ açıqlanır və əvvəlkilərin başına gələnləri yaşamadan cənnətin asan olmayacağı qeyd edilirdi.[33] Bəlkə də, Allah bu uzun yollu mübarizənin ilk təmsilçilərindən səbir və dözümlülük tələb edir, amalında mətin olanları sabahın daha böyük çətinliklərinə tərəddüdsüz və asanlıqla sinə gərmək üçün indidən hazırlayır, ard-arda sınaqlardan keçirirdi. Buna görə də Allah Rəsulu (s.ə.s.):

− Sizdən əvvəlkilər arasında elələri var idi ki... − deyə sözlərinə başladı. Üzünün rəngi dəyişmiş, qırmızı rəngə çalırdı. Sonra da sözlərini belə davam etdirir:

− Sırf iman gətirdiyinə görə insanların başını dəmir mişarla iki yerə ayırırdılar, amma bunlar onların dinindən dönməsinə səbəb ola bilməzdi. Sonra dəmir daraqlarla ətləri sümüklərindən tikə-tikə qoparılırdı, amma yenə də sözlərinin üstündə durur və dinlərini inkar etmirdilər. Bundan başqa, xəndəklər qazılır və içində od qalanırdı, sonra da iman gətirənləri diri-diri həmin xəndəyə atır və yandırırdılar. Amma onları bu işgəncələrlə imandan döndərmək mümkün deyildi.

Rəsulullah (s.ə.s.) bunları danışarkən, sanki, zaman və məkan xa­ri­cinə çıxmış və əvvəlkilərin halını müşahidə edə-edə danışırdı. Bunlar keçmişin  acı lövhələri idi. Böyük və qiymətli nemətlər elə-belə, kiçik cəhdlərlə əldə edilə bilməzdi. Nə cənnət ucuzdur, nə də cəhənnəm lüzumsuz... Bəziləri lüzumsuz olmayan üçün burada sərmayə qoyarkən, möminlər dəyəri hədsiz olan cənnət və Allahın camalını görmək üçün bəzi çətinliklərə dözməli idilər. Ancaq bunlar  hər gün olan hadisələr də deyildi. Buna görə də işin bu yerində Allah Rəsulu (s.ə.s.) üzünü gələcəyə tutacaq  və təsəlli gözləyənlərə bunları deyəcəkdi: