Səhabələr

Davamçılar və möhnət illəri

− Vallah, Allah bu işi sona çatdıracaq  və nurunu tamamlayacaqdır. Ta ki bir qadın tək başına Sənadan yola çıxacaq və Hadrəməvtə qədər gedəcək və bu səfər boyunca Allahdan başqa heç kimdən də qorxmayacaqdır. Ancaq siz tələsirsiniz.[34]

Səna? Hadrəməvt? O vaxtlar nəinki bir qadın, karvanlarla gedən neçə-neçə güclü kişilərin yolu kəsilir və nəyi vardısa əlindən zorla alınırdı. Amma bunları Allahın Rəsulu buyurursa, mütləq baş verəcək və bu cür xoşbəxt bir dünya yenidən qurulacaqdı. Başqa sözlə, Hz. Habbab kimi səhabələr bu dözülməz günlərdə dişlərini sıxıb dözməyi öyrənmiş, belə bir dünyanı inşa etmək üçün daha əzmlə  çalışmışdılar.

Xəyallarda çiçəklənən ümid...

Bəli, bəlkə də, bu gün çətinlik, əziyyət vardı, amma artıq hər gələcək gün matəm içində keçməyəcəkdi. Bir gün qar və buzlar əriyəcək, bəşəriyyət səmasında yenidən bahar  təbəssümü saçılacaq, ətrafa nur yayılacaq və Rəbbi-Rəhimin arzu etdiyi istiqamətdə bir bayram olacaqdı.

Hz. Məhəmmədin (s.ə.s.) Habbaba dediyi cümlələrə oxşar ifadələri Quranda Uca Allah (cəllə cəlaluhu) da buyururdu. Həmin gün bəziləri əllərindəki imkanları  sərf edib Allahın nurunu söndürmək istəyirdi, ancaq Allah (cəllə cəlaluhu) Cəbrail vasitəsilə:

− Kafirlər istəməsə də, Allah nurunu tamamlayacaqdır,[35] − müjdəsini göndərir və bu müjdə o gün zillət çəkənlər üçün zorakılığa, təcavüzə qarşı mübarizədə  azuqə olurdu. Bunu vəd edən Allahdı... Rəsulullahdı... Allah və Rəsulu bir şey buyurmuşdusa, o, mütləq olacaqdı, səhabələrin buna zərrə qədər də şübhəsi yox idi və ola da bilməzdi. Çünki onlar gözlərindən qeyblə bağlı pərdələr götürülsə, metafizik aləmləri müşahidə etməyə başlasalar belə, imanda mətin və iradəli insanlar idilər. Onlar Rəsulullahın dizinin dibində, Allahın himayəsində yetişmişdilər. Demək olar ki, hər gün qarşılarına yeni bir ilahi ehsan süfrəsi sərilir və onlar da İlahinin lütf etdiyi bu süfrədən doyunca istifadə edir, Peyğəmbər söhbətinin lətafəti ilə məst olurdular.