Səhabələr

Davamçılar və möhnət illəri

Əndişə ediləcək nə var idi ki?! Yer kürəsi Allahın idarəsindədir və onu istədiyinə vermək yenə də Ona məxsusdur.  Və Allah bu gün yaşanan hər cür müsibətlərə görə əndişəyə qapılıb kədərlənməmək lazım olduğunu, hüznə dalıb ümidsizləşməmək üçün güclü imana malik olma zərurətini bəyan edirdi. Çünki əsl üstünlük ancaq güclü bir imanla əldə edilə bilərdi.[38] Yenə Uca Allah işin ta başlanğıcından  yer üzünün açarlarını ancaq saleh bəndələrinə verəcəyini vəd edirdi.[39] Təqva hər dövrdə etibarlı olan bir sikkə idi və bu gün çəkilən bütün məşəqqətlərə  rəğmən, sabahlar mütləq təqvalı insanların idarəsi ilə formalaşacaqdı.[40] Elə isə iman, saleh əməl və təqva Allahdan nüsrət və köməyin gəlməsi üçün Ona təqdim edilmiş ən böyük dəvət demək idi. Buna görə də bir yerə yığışanda:

− Gəl bir az oturaq və imanda dərinləşmək yolunda bir qapı da aralayaq,[41] − deyirdilər.

Allah Rəsulu (s.ə.s.) Ukazda... Məcənnədə... Zilməcazda insanların arxasınca düşüb onlara da Rəbbini anlatmağa cəhd edərkən oxşar sözləri söyləyir və:

− Ey insanlar! Gəlin sizlər də “Lə iləhə illəllah” deyin və xilas olun! Bu kəlmə ilə bütün ərəblərə hakim olun! Bu vəsilə ilə Əcəm yurdu sizə tabe olsun! Əgər həmin günləri görmədən ölsəniz, cənnətin məlikləri siz olacaqsınız, −  müjdəsini verirdi.”[42]

Müşriklər bunları da eşidib məsxərəyə qoymağa başlamışdılar. Bir gün Əsvəd ibn Abdulmuttalib yaşıdları ilə oturub bu haqda danışırdı. Həmin vaxt səhabələrdən bir neçəsi yanlarından keçirdi. Onları görən kimi söz atmağa başlayırlar. Belə deyirdilər:

− Baxın, Kisranın və Qeysərin saraylarının varisləri olacaq yer üzünün hökmdarları gəlir!