Səhabələr

Elçilər və yayılma dövrü

Ey kitab əhli, sizinlə bizi birləşdirən, müştərək və adil olan "Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi Rəbb qəbul etməyək" halqasında ittifaq edib bu sözdə qərar tutaq.[3]

Allah Rəsulunun (s.ə.s.) məktubunu alıb oxuyan yeni Nəcaşi əvvəlcə onu öpür və üz-gözünə sürtür, sonra da Rəsulullaha ehtiramını bildirmək üçün taxtından enərək müsəlman olduğunu elan edir. Şəhadət gətirdikdən sonra da belə deyir:

– Əgər hüzuruna qədər getməyə imkan tapa bilsəydim, mütləq gedərdim. Allahı şahid edərək deyirəm ki, O, kitab əhli olan yəhudilərlə xristianların intizarla gözlədiyi Ümmi Peyğəmbərdir! Musa: "Qatıra minər," – deyib İsanın gələcəyini müjdələdiyi kimi, şübhəsiz, İsa da: "Dəvəyə minər," – deyərək Məhəmmədin gələcəyini müjdələmişdir. Əlbəttə, bu müjdəli xəbərdən ziyadə Onu gözlə görmək daha əhəmiyyətli və xoş olardı. Fəqət nə edim ki, həbəşlilərdən çox az köməkçim var. Mən də onların sayının artmasını və qəlblərinin də İslama isinməsini gözləyirəm.

Bunları söyləyən Nəcaşi Rəsulullahın məktubunu fil sümüyündən hazırlanmış bir qutunun içərisinə qoyur və dərin ehtiramını göstərərək:

– Nə qədər bu məktub buradadır, həbəşlilərdə xeyir və bərəkət davam edəcək, – deyir.

Eyni zamanda Nəcaşi o gün Həbəşistan mühacirləri arasında olan və əri Ubeydullah ibn Cahşın ölümündən sonra tək qalan Əbu Sufyanın qızı Ümmü Həbibə validəmizlə Rəsulullah üçün bir qiyabi nikah mərasimi təşkil edir.

Bu vaxt müşriklər tərəfindən Həbəşistanda olan Amr ibn Asın təşəbbüsləri yenə nəticəsiz qalır; o da  hökmdarın  kəskin reaksiyasını  görüb insafa gəlir.

Həbəşistana vida

Hazırlıqlar tamamlanan kimi, Nəcaşi ölkəsindəki mühacirləri çoxlu hədiyyələrlə gəmiyə mindirib Mədinəyə yola salır. On beş illik ayrılıq sona çatmaq üzrə idi. Gözü-könlü Mədinədə olan səhabələr artıq illərin ayrılığına son qoyacaq, hicrətlərini ikinci yolçuluqla möhkəmləndirmiş olacaqdılar.

Onlar sevinərkən Nəcaşi çox kədərlənir. Neçə illərin əziz dostları Həbəşistanı tərk edirdi! Yeganə arzusu hamısının sağ-salamat Mədinəyə çatması idi. Bunun üçün əlavə tədbirlər görür və bir səhabənin də burnu qanamadan Mədinəyə çatmasına çalışır.

Əvvəlcə Amr ibn Ümeyyəyə iki məktub verir. Bunlardan birində Ümmü Həbibənin nikah işinin gerçəkləşdirdiyini, digərində isə səhabələri Mədinəyə yola saldığını yazırdı. Hətta arzu etdiyi təqdirdə özünün də gəlməyə hazır olduğunu bildirib səmimi diləklərlə Allah Rəsuluna olan bağlılığını dilə gətirirdi.

Ancaq onları tək göndərmək istəmir. Oğlu Ərhanı da ikinci gəmi ilə göndərir. Səfər üçün iki gəmi ayırmışdı. Bunların birinə Allah Rəsulunun əmanətləri yerləşəcək, digərinə isə öz adamları minib əshaba yoldaşlıq edəcəkdi.[4]

İkinci məktub Bizansa

O dövrdə Bizans dünyanın iki hegemon dövlətindən biri idi. Allah Rəsulu Dıhyətül-Kəlbini hüzuruna çağırıb Bizans hökmdarı Heraklın ölkəsinə göndərir. Məktubu Busra əmirinə verməyi tapşırır.

Bu ərəfədə Herakl Qüdsdə idi. Əgər farslara qalib gələrsə, Himsdən Qüdsə qədər piyada gedəcəyinə and içmişdi. Qalib gəlincə də sözünə əməl edərək Qüdsə qədər piyada gəlmişdi.

Davamı: 1 2 3 4 5 6 7 8 9