Səhabələr

Gözlənilən hadisələr və Uhud

Və bunların hamısı nəbəvi əmrə həssas yanaşmamağın nəticəsi idi. Halbuki Sultanlar Sultanı Rəsulullahın (s.ə.s.) əmrini gözləsəydilər və oxçular təpəsindəki bu boşluq meydana gəlməsə idi, Bədirdə olduğu kimi və bu qədər itki vermədən mütləq zəfər çalınacaqdı. İndi isə vəziyyət dəyişmişdi və bu vəziyyətə görə yeni bir strategiya yürütmək lazım idi.

Rəsulullahın dəyanəti

Ortalığın məhşər meydanına döndüyü bir vaxtda Allah Rəsulu (sallallahu əleyhi və səlləm) bir addım da yerindən tərpənməmiş, düşmənə qarşı tutduğu mövqedə sabit qalmışdı. O (s.ə.s.), Məkkə müşriklərinə ən yaxın yerdə durur, özünə tərəf gələnlərə ox atırdı. Hətta bu əsnada yayının kirişi qırılır. Yanında çox az adam qalmışdı.[17] O gün Peyğəmbərimizin (s.ə.s.) hüzurundan ayrılmayan bu insanlar üzlərini üzünə sipər edəcəklərini, canlarını canına fəda edəcəklərini hayqırırdılar.

Allah Rəsulu təlaş içində sağa-sola qaçanları görüncə onlara:

− Ey filankəs! Mənə tərəf gəl, Mən Rəsulullaham, − deyə səslənir və beləliklə, dağılışmağa başlayan əsgərləri yenidən toplamaq istəyirdi.

Rəsulullah (sallallahu əleyhi və səlləm) ortada qalır, müsəlmanların Onun ətrafına yenidən toplandığını görən müşriklər həmin yeri oxa tuturlar. Bu zaman Abdullah ibn Şihabın səsi eşidilir:

− Mənə Məhəmmədi göstərin, −  deyir,  – əgər bu gün O qurtularsa, məni ölmüş bilin!

Bunları deyəndə Onun (s.ə.s) lap yaxınında idi, Allah Rəsulunu öldürmək istəyirdi, amma heç cür görə bilmirdi. Onun bu halını görən Safvan ibn Ümeyyə yanındakı insanı görmədiyi üçün Abdullah ibn Şihabı danlayıb kötəkləyir.

Əslində, bu vəziyyətə düşən təkcə Abdullah ibn Şihab detyildi. Onunla birlikdə olan dörd yoldaşı da eyni "korluğ"a düçar olmuşdu. Belə ki, Allah Rəsulunu öldürmə məsələsində ittifaq etmiş, amma heç biri buna müvəffəq olmamışdı.

Həmin gün Hz. Əli, Zubeyr ibn Avvam, Talha ibn Ubeydullah, Əbu Dücanə, Haris ibn Sammə, Hubab ibn Münzir, Asim ibn Sabit və Səhl ibn Huneyf kimi insanlar ilahi təqdir sayəsində Uhuddan sağ-salamat qayıtmışdı. Ölümü xor baxıb Uhudun taleyini dəyişdirən bu insanlar sonrakı nəsillərə "ən çətin problemlərinizi həll etmək istəyirsinizsə, bizim kimi niyyət və fəaliyyətdə olmalısınız" ismarıncını verirdilər. Əcəl insanlar üçün gizli olsa da, qədər (tale) planında bəlli idi və onda hər hansı bir dəyişikliyin olması mümkün deyildi. "Öləcəyəm" qorxusu ilə döyüş kimi təhlükəli yerlərdən qaçan nə qədər insan gözlənilməz şəkildə ölmüşdü. Bunun əksinə cəbhənin ön sıralarında ola-ola başına bir iş gəlmədən sağ-salamat evinə qayıdanlar heç də az deyildi.

Əbu Talha çox yaxşı ox atanlardan biri idi və o gün əlində üç ədəd yay qırılır. Bir tərəfdən düşmənlərə ox atır, digər tərəfdən də Rəsulullahı qorumağa çalışırdı. Hətta bir ara Peyğəmbərimizin meydana çıxdığını görür və deyir:

– Ey Allahın Nəbisi, anam, atam sənə fəda olsun! Bu qədər açıqlığa çıxma, çünki bunlar Səni nişan alıb ox atarlar. Canım sənə qurban olsun!

Bir müddət Hz. Əli Peyğəmbərimizdən ayrı qalır və Onun üçün narahat olur. Bu əsnada gözdən itən Allah Rəsulunu tapmaq üçün Uhud meydanında ora-bura qaçır, amma Onu tapa bilmir. Təşviş içində ölülərin arasına baxmağı da unutmurdu. Öz-özünə deyir: "Vallah, Rəsulullah (s.ə.s.) savaş meydanından getməz, amma indi Onu burada görmürəm. Görünür, vəzifəmizi layiqincə yerinə yetirə bilmədiyimizə görə Allah (c.c.) bizə qəzəbi ilə təcəlli edərək Rəsulunu aramızdan apardı. Ona  görə də bu gün mənə düşən iş Onun amalı uğrunda savaşıb şəhid olmaq və beləcə, yenidən Ona qovuşmaqdır!"