Səhabələr

Gözlənilən hadisələr və Uhud

Hamıdan əvvəl:

− Mən, ya Rəsulullah, − deyən yenə Hz. Talha olur.

Hz. Talhanın əli yaralanmış və barmaqları da qopmuşdu. Lakin onu narahat edən başqa şey idi. Təlaş içində idi. Birdən bir səhvə yol versə və Allah Rəsuluna bir şey olsa, buna necə dözərdi? Ona görə bir tərəfdən özünü toplayıb Peyğəmbərimizin müdafiəsinə qaçır, digər tərəfdən də müşriklərin cavabını verirdi![18]

Əlbəttə ki, Peyğəmbərimizə ətdən sipər olan yalnız Hz. Talha deyildi. O gün əshabın bir hissəsi şəhid olur və demək olar ki, hamı yaralanır. Əbu Dücanə bədənini Rəsulullaha sipər edir və gələn oxlara şəxsən özü hədəf olurdu. Abdurrahman  ibn Avf da həmin gün iyirmidən çox qılınc yarası alır və qalan ömrünü axsayaraq keçirir.

Sad ibn Əbi Vəqqas şəhadət arzusu ilə müşriklərin arasına girib vuruşarkən birdən gözü müşriklərin dalbadal hücum etdikləri qırmızımtraq bənizli biri nəfərə sataşır, lakin uzaqdan kim olduğunu görə bilmir. Yanında olan Mikdad ibn Əsvəddən bu şəxsin kim olduğunu soruşur.

− Ey Sad, − deyir Hz. Miqdad. O, Rəsulullahdır və səni hüzuruna çağırır!

Rəsulullah (sallallahu əleyhi və səlləm) çağırar, səhabə getməzmi? Bir göz qırpımında hüzuruna gəlir. Onun gəlişini görən Allah Rəsulu Hz. Sadı yanında oturdur və deyir ki, müşriklərə ox atsın. Yayı əlinə alıb düşmənə ox atmağa başlayan Hz. Sad bir tərəfdən də:

− Allahım, − deyir, − bunlar Sənin oxlarındır və bunlarla Sən düşmənini pərişan et!– deyir.

Bunu eşidən Allah Rəsulu (s.ə.s.) sadağından ox çıxarıb Hz. Sada verə-verə onun bu həssaslığı müqabilində belə dua edir:

− Allahım! Sən Sadın duasını qəbul et! Allahım! Sən Sadın oxlarını hədəfə çatdır! At, anam-atam sənə fəda olsun, ey Sad!

O qədər dua edir ki, Hz.Sad düşmənə atdığı oxun bir az sonra yenidən Rəsulullahın əli ilə özünə qayıtdığını və beləliklə, sadağdakı bir neçə oxun bərəkətləndiyini görür.[19]

Əsas hədəf və kədərli nəticə

Müşriklərin əsas hədəfi, şübhəsiz ki, Allah Rəsulu idi və bu qarışıqlıqda Onu hədəfə almışdılar. Utbə ibn Əbi Vəqqas[20] adlı müşrik bir-birinin ardınca dörd daş atır və bunlardan biri Peyğəmbərimizin mübarək üzünə dəyir. Alt sağ dişi qırılır və mübarək dodaqları da yaralanır. Müşriklər bu bir anlıq qarışıqlığı fürsət bilib bir-birinin ardınca hücum edirlər. Oxlar və daşlar Rəsulullahın üzərinə yağış kimi yağır. Bir ara ibn Qaimənin səsi gəlir:

− Al bunu! Mən ibn  Qamiəyəm, − deyir və dalbadal Rəsulullahın üstünə hücum çəkir. Bunun cavabında Allah Rəsulu (sallallahu əleyhi və səlləm):

− Sənin öhdəndən Allah gəlsin, − deyir.[21]

Bu vaxt üzərinə gələn təhlükəni nəzərdə tutub:

− Bunların qarşısına kim çıxacaq? − deyincə gur səs eşidir:

− Mən, ya Rəsulullah.

Gözlər səsin gəldiyi tərəfə yönəlincə əlindəki sarığı və su qabını bir kənara atıb qapdığı qılıncla hüzura qaçan bir qadın görür. Bu qadın işlərin çətinə düşdüyünü anlayan kimi dərhal atına minib Uhuda gələn Nəsibə binti Kab idi. Rəsulullaha yaxınlaşıb Onu qorumağa çalışır. Qılınc çalıb ox atır və qadınlığı ilə ər meydanında cəsarətlə vuruşur. Nəsibə binti Kab Musab ibn Ümeyrlə birlikdə Allah Rəsuluna meydan oxuyan İbn Qamiənin üstünə gedir və bir neçə qılınc zərbəsi ilə işini bitirmək istəyir. Lakin İbn Qamiə həmin gün üst-üstə iki zireh geydiyi üçün Nəsibə binti Kabın zərbələri ona təsir etmir.

O gün Allah Rəsulunun bayrağını saxlayan Musab ibn Ümeyr cəsarətlə döyüşürdü. Amma təəssüf ki, intiqam üçün Uhuda gələn məkkəlilər arasında Musabın anası Hünas və Bədirdə əsir olub fidyə əvəzində azad edilən qardaşı Əbu Aziz ibn Ümeyr də vardı!