Səhabələr

Gözlənilən hadisələr və Uhud

Hər şeyə rəğmən, Kainatın Fəxri Rəsulullah çox kədərlənmişdi, hər kəsə əl uzadan və bu yolda həyatını fəda edən bir Peyğəmbərlə belə davranmaq olardımı heç? Bir yandan üzündən axıb saqqalı-şəriflərini isladan qanı silir, digər tərəfdən də:

– Onları sadəcə Allaha dəvət edən peyğəmbərlərinin dişini qırıb başını yaran bir topluluq necə qurtula bilər ki? – deyirdi.

Halbuki O, onları Allaha imana dəvət edir, onlar  isə Onu şeytanın yoluna çağırırdılar... O,  onları hidayətə (doğru yola, İslam dininə) dəvət edir, onlar isə Onu zəlalətə (iman və İslamdan ayrılmağa) dəvət edirdilər... O, onları cənnətə, onlar isə Onu cəhənnəmə çağırırdılar.

Əshab bu mənzərəyə sakit baxa bilmirdi; yolunda baş qoyduqları Allah Rəsulunun üzündən qan axırdı. Hüzuruna gəlib dərdini bölüşür, bunu rəva görənlərə əl açıb

– Əllərini qaldır və onlar üçün bəddua et, ya Rəsulullah, – deyirdilər.

Mərhəmət və şəfqət peyğəmbəri Hz. Məhəmməd (sallallahu əleyhi və səlləm) bu vəziyyətdə belə Ondan bəddua istəyənlərə iltifat göstərmir, saqqalı-şərifinə süzülən qanı əlləri ilə silə-silə:

– Mən insanlara lənət etmək üçün deyil, onları mərhəmətə dəvət etmək üçün göndərildim, – buyurur.

Bu arada mühüm anlarda imdada çatan Cəbrail yenə gəlir və insanları iman neməti ilə ucaldıb günahlarını bağışlama və ya onlara əzabı ilə qarşılıq vermə işinin Allaha aid olduğu xəbərini gətirir.[23] Demək ki, bu gün düşmən cəbhədə olanların bir çoxu sabah imana gələcəkdi. Allah Rəsulu (s.ə.s.) da bunu istəyirdi və əllərini açır, başını yarıb dişini qıranlara dua edir:

– Allahım! Sən qövmümü bağışla, çünki onlar bilmirlər!

Bu qədər alicənablıq qarşısında Hz.Ömər kimi cəlallı  səhabələr:

– Anam-atam sənə fəda olsun, ya Rəsulullah, – deyirlər, – Nuh (əleyhissəlam): "Rəbbim! Yer üzündə kafirlərə rahat yaşama haqqı vermə və onların kökünü kəs," – deyə qövmü üçün bəddua etmişkən Sən üzündən qan axa-axa və dişin də qırıldığı halda, yenə də onlara dua edirsən və: "Allahım! Sən qövmümü bağışla, çünki onlar bilmirlər," –  buyurursan! Halbuki Sən əlini açıb bir dua etsən, heç şübhə yox ki, hamımızın kökü kəsilər və bir daha qurtula bilmərik!

Rəsulullahın fərqi idi bu! İnsanların əlindən tutub onları kamillik zirvəsinə çatdırmaq missiyası ilə gələn Allah Rəsulu çətin anlarda belə hislərə qapılmır, hər şeyə rəğmən, sülh və sabitliyi üstün tuturdu.

Rəsulullahın münasibəti belə olsa da, əshab yenə öz üzərinə düşəni yerinə yetirir, Allah Rəsulunun qanını yerdə qoymur. Onu bu vəziyyətdə görüb qəzəblənən səhabə Xatib ibn Əbi Bəltəa:

– Bunu kim etdi, ya Rəsulullah? – deyə israrla soruşur. Allah Rəsulu sakitcə üzünü yaralayıb, dişini qıran adamın adını söyləyir:

– Utbə ibn Əbu Vəqqas!

Xatib ibn Bəltəanın fikri qəti idi:

– Yaxşı, bəs indi o, hansı tərəfə getdi? – deyə soruşur.

Allah Rəsulu (s.ə.s.) da Utbənin getdiyi yeri göstərir. Bundan sonra qılıncını götürüb Utbənin izinə düşən Xatib ibn Əbi Bəltəa çox keçmədən onun işini bitirir və atı ilə birlikdə hüzura gəlir. Bəlkə də, bu, cəmiyyətin Rəsulullaha əl qaldıran bir quldurdan təmizlənməsi və ehtimal olunan fəlakətlərdən xilas olması demək idi. Buna görə Allah Rəsulu məmnuniyyətini bildirərək iki dəfə:

– Allah səndən razı olsun, – deyir və ardınca da ona xeyir-dua edir.

Hər halqaya bir diş fəda

Hz. Əbu Bəkir Rəsulullahın (s.ə.s.) mübarək üzündən saqqalı-şərifinə doğru axan qanı görüncə irəli atılmaq istəyir. Hz. Əbu Bəkrə görə, Rəsulullahın bir telinə zərər gəlməkdənsə, min Əbu Bəkir fəda edilməli idi. Ancaq belə fədakarlığa təkcə o qadir deyildi. Hz. Əbu Ubeydə irəli çıxır və israrla:

– Allah xətrinə bu işi mənim öhdəmə burax, mən çıxarım, – deyir.