Səhabələr

Gözlənilən hadisələr və Uhud

Yaxınlaşdıqca daha da həyacanlanırlar. Çünki Rəsulullah (sallallahu əleyhi və səlləm) yanağına batan halqaların ağrısından qıvrılırdı.

Əbu Ubeydə Allah Rəsuluna (s.ə.s.) yaxınlaşır. Əvvəlcə halqaları əllə çıxarmaq istəyir, ancaq bu, Rəsulullahı incidəcək deyə dişləri ilə tutub çəkməyi sınaqdan keçirir. Əvvəlcə birini dişi ilə tutur və var gücünü toplayıb özünə tərəf çəkir. Halqalardan biri çıxır, ancaq Əbu Ubeydənin dişi də onunla bərabər...

Onun bu halını görən Hz.Əbu Bəkir irəli yeriyib: "Heç olmasa, o biri halqanı da mən çıxarım," – deyir. Ancaq Əbu Ubeydə buna icazə vermək niyyətində deyildi və Allaha and verib bu işi də ona həvalə etməsini istəyir. Yenə əvvəlki kimi dişləri ilə halqanı tutur və birdən çəkir, halqa ilə birlikdə bir dişi də çıxır.[24]

Artıq Peyğəmbərimizin üzündəki halqalar çıxarılmışdı. Bu vaxt Malik ibn Sinan dodaqlarını Allah Rəsulunun üzünə söykəyir və axan qanı içməyə başlayır. Bunu görən Allah Rəsulu (s.ə.s.) təəccüblə Hz.Malikdən soruşur:

– Yoxsa sən qan içirsən?

–  Bəli, ya Rəsulullah, – deyir. Bunun cavabında  Allah  Rəsulu:

– Qanı qanımla təmas edən insana cəhənnəm atəşi toxunmaz, – buyurur.

Hz.Həmzənin şəhadəti

Uhud günü düşmənlə əlbəyaxa olan Peyğəmbərimizin önündə yalnız əmisi və süd qardaşı olan Hz.Həmzə dayanmışdı. Allah (c.c.) Uhud günü "Allahın aslanı" kimi tanınan Hz.Həmzənin əli ilə otuz bir düşmən həlak edir. Düşmən bayraqdarlarından bəzilərini də o öldürür və beləliklə, döyüşün başlanğıcında qazanılan zəfərdə böyük rol oynayır. Əlbəttə, belə bir "aslan"ın düşməni də çox idi. Eyni zamanda Hz.Həmzə Bədirdə Cübeyr ibn Mutimin[25] əmisi Tuaymə ibn Adiyyi öldürmüşdü. Buna görə Cübeyr köləsi Vahşini yanına çağırmış və:

– Əgər sən əmimin əvəzində Məhəmmədin əmisi Həmzəni öldürsən, azadsan, –demişdi. Bir kölə üçün azadlıq hava-suya bərabər idi. Vahşi də azadlığa qovuşmaq üçün Hz.Həmzəni öldürməyin xəyallarını qururdu. Nizə atmaqda mahir olan Vahşi artıq qollarını çirmələmiş, təlimlərə başlamışdı.

Və nəhayət Uhud...Onun üçün Uhud böyük fürsət, azadlıq demək idi.

Döyüş zamanı daim Hz.Həmzəni izləyirdi. Ancaq Hz.Həmzəyə yaxınlaşmaq mümkün deyildi, qabağına çıxanın başını bədənindən ayrırırdı. Onun üstünə yeriyənlər bir  göz qırpımında yerə sərilirdi. Vahşi Hz. Həmzəni uzaqdan görəndə hədəfini dəqiqləşdirmək üçün yanındakılardan soruşur:

– Bu adam kimdir?

– Həmzə!

Öz-özünə: "Axtardığım adam budur," –  deyib ağacların, daşların arasında gizlənə-gizlənə ona yaxınlaşmağa başlayır. Addımbaaddım hədəfə yaxınlaşır. Elə bu əsnada Hz.Həmzənin qarşısına Siba ibn Abdiluzza  çıxır.

– Gəl görək, – deyir Hz. Həmzə, onu da işini bitirmək üçün yanına çağırır.

Bir neçə zərbə ilə Abdiluzzanın da nəfəsini kəsir. Vahşi bacardığı qədər yaxınlaşmış, bir daşın arxasında gizlənib fürsət gözləyirdi. Bu vaxt Hz.Həmzənin zirehi açılır. Vahşi üçün əsl vaxtı idi, əlindəki nizəni qollayır! Nizə Hz.Həmzənin sinəsinə saplanır. "Allahın aslanı" bu vəziyyətdə belə Vahşinin üstünə yerimək istəyir, ancaq bacarmır. Vahşi hələ də yaxınlaşmaqdan çəkinir və onun tamamilə hərəkətsiz qalmasını gözləyir.

Və... Hz.Həmzə ruhunu təslim edir. Artıq Vahşi azad bir insandı. Onsuz da başqa bir məqsədi yox idi və yaxına gəlib nizəni Hz.Həmzənin sinəsindən çıxardır, qarnını yarır və ciyərini çıxardaraq əvvəlcə Hindinin yanına gedir. Onun Hz.Həmzədən yanıqlı olduğunu bilirdi, çünki Bədirdə atası da daxil olmaqla yaxınlarını Hz.Həmzə öldürmüşdü. Vahşi gördüyü bu işin qarşılığında mükafat da gözləyirdi. Gəlir və:

– Bu, Həmzənin ciyəridir, – deyir.

Hindin gözləri dörd olur. Üzündə bir həyəcan vardı, röyalarına girib xəyallarını süsləyən arzularının "gerçəkləşməsindən" doğan həyəvcan...