Səhabələr

Gözlənilən hadisələr və Uhud

Məkkə ordusu

Məkkə ordusunun üç min nəfərdən ibarət olması və bu orduya bəzi ətraf qəbilələrin də qoşulması barədə xəbərlər gəlmişdi. Hətta Hz. Hanzalanın atası Amir kimi Mədinədən gedən bir çox insan bu orduya qoşulmuşdu.[3]  Məkkəlilər üç min dəvə və iki yüz at üstündə gəlirdi. Ordunun ümumi rəhbərliyi Əbu Sufyanın əlində idi. Atlı bölüyünə başçılıq Xalid ibn Vəlidə tapşırılmışdı. Əbu Cəhlin oğlu İkrimə də ona kömək edirdi.

Savaşda özlərini coşdurub cəsarətləndirmək üçün qadınlarını da gətirirdilər. Məkkə əyan-əşrəflərinin xanımları da orduya qoşulmuşdular. Məqsədləri də döyüş zamanı iffət və namuslarına xələl gəlməməsi üçün əsgərlərin qaçmasının qarşısını almaq idi. Hər nə qədər özlərindən əmin olsalar da, işin o biri tərəfini də nəzərə alırdılar.

Qısaca, Məkkə ordusu döyüş üçün lazım olan bütün imkanlarını birləşdirib Mədinəyə gəlirdi.

Əbvaya çatarkən Bədir döyüşündə atası da daxil yaxınlarını itirən Əbu Sufyanın xanımı Hind binti Utbə Rəsulullahın anasının qəbrini açıb parçalamaq istəyir, amma qureyşlilər bunun adətə çevrilməsi və öz məzarlarının da eyni aqibtlə üzləşməsi qorxusu ilə ona izin vermir.

Xüsusilə, Hind kimi Bədirdə sinəsinə dağ çəkilənlər əsgərləri coşdurmaq üçün şeirlər oxuyur və Mədinəyə yaxınlaşarkən ordunu yüksək əhvali-ruhiyyədə saxlamaq istəyirdilər.

Əshabla müşavirə

Məkkə ordusu Uhuda yaxınlaşmışdı. Uhud Mədinə demək idi. Böyük bir dəbdəbə və ehtişamla gələn Qureyş Mədinəni yerlə-yeksan etmək əzmi ilə Uhuda çatmış, gözləyirdi.

Əshabın böyükləri bir yerə yığışmışdı. Allah Rəsulu (s.ə.s) onlarla müşavirə keçirirdi. Çünki vəziyyət Bədirdən fərqli idi. Hərçənd Bədrə gedərkən də buna bənzər bir müşavirə keçirilmişdi və hər kəsin qəbul etdiyi müştərək qərar çıxarmışdılar. Bu gün də elə olmalı idi. Çünki Cəbrailin gətirdiyi ayə Peyğəmbərimizə əshabı ilə müşavirə keçirməyi əmr edir və məsələni topluma bildirmək üçün ən təsirli yol kimi bunu göstərirdi.

Əvvəlcə Məkkə ordusu ilə bağlı təlimatlar ortaya qoyulur. Bu, bir reallıq idi, üzərlərinə üç minlik ordu gəlirdi. Ancaq xüsusən Bədir döyüşündə iştirak etməyən və ya Bədirdən sonra müsəlman olan səhabələr onlarla vuruşub öhdələrindən gələcəklərini deyirdilər.

O (s.ə.s.) isə Mədinədən kənara çıxmamağı və şəhəri içəridə qalıb qorumağın daha münasib olduğunu düşünürdü. Çünki bir yuxu görmüş və onu da şənbə günü əshabına danışmışdı:

– Vallah, Mən bəzi şeylər gördüm ki, inşallah, xeyirli olar, bəzi heyvanların boğazlandığını, qılıncımın tiyəsində bir çat və əlimi möhkəm bir zirehin içinə soxduğumu gördüm!