Səhabələr

Gözlənilən hadisələr və Uhud

Səhabələrin şücaəti və yenidən dirçəliş

Rəsulullahın ölməsi barədə şayiə çıxdığı andan Uhud Onun tərbiyəsi altında yetişən səhabələrin qəhrəmanlıq meydanına çevrilmişdi. Abdullah ibn Cahş ilə Sad ibn Əbu Vəqqasın dua yarışına girdiyi bu dəmlərdə Haysəmə ibn Haysəmə kimi neçə-neçə igidlər ölümə gedir, Hanzala ibn Əbu Amir kimi qəhrəmanların şəhadətə yürüdüyü bu misli görünməmiş müsibətdə Amr ibn Cəmuh kimi insanlar cənnətə gedirmiş kimi ön cərgələrə hücum edirdilər. Amr ibn Sabit kimi hələ o gün gəlib kiçik bir səylə əbədi qurtuluşun vəsiqəsini alanlara səhnə olurdu Uhud! Huseyl və Sabit ibn Vaqş kimi Mədinədə ölümü gözləməkdənsə, Uhuda gedib son anda əbədi gəncliyə – Cənnətə talib olan qocaların yürüşünə şahidlik edirdi dağ-daş. Bir qəhramanlar keçidi var idi ər meydanında və eyni zamanda, o gün Uhud Nəsibə binti Malikin aslan kimi kükrəyib Rəsulullahı müdafiə etməsinə, qadın-kişi neçə-neçə səhabə qəhrəmanların da Məkkə ordusunun ürəyinə qorxu salmasına şahidlik edirdi.

Ancaq bu vəziyyət uzun sürmür. Rəsulullahı yenidən əshabı arasında görən Qeys ibn Muharrisin[29]qaralan dünyasına günəş doğur. Bundan cuşa gələn Muharris özünü düşmən cərgələri arasına atır; artıq ölsə də, qəm yeməzdi. O, qarşısıalınmaz aslana dönmüşdü. Qarşısına çıxanın başını bədənindən ayırırdı. Və... Muharrisi ancaq uzaqdan atılan nizə ilə dayandıra bilirlər.

Çox keçmədən Uhud meydanında Hubab ibn Münzirin gur səsi eşidilir. O, insanları yenidən toparlanmağa, döyüşməyə çağırır. Bu çağırışın məkanı yenidən toplanmanın ünvanı olur və Uhuddan yüksələn bu səsləniş də Haqq bəyanı ucaltmaq uğrunda yeni həmləyə çevrilir.

Bu, eyni zamanda möminlərə həyat verən bir müjdə idi və səsi eşidən hər kəs digər yoldaşlarına da çatdırırdı. Abbas ibn Übadə, Xaricə ibn Zeyd və Evs ibn Ərkam durmadan  təkrar edirlər Munzirin çağırışını! Abbas ibn Übadə belə deyirdi:

– Ey Müsəlman camaatı! Haydı, Allaha və Nəbinizə doğru gəlin! Sizin başınıza gələn müsibət, əlbəttə, Nəbinizin də  başına  gəlmişdi. Ancaq O, sizə səbirlə müqavimət göstərdiyiniz müddətdə nüsrət vəd edir.

Hz.Abbas bir tərəfdən bunları deyir, digər yandan da üstündəki zirehini çıxardıb dəbilqəsini bir kənara atır. Elə bu zaman üzünü Hz. Xaricə ibn Zeydə tutub:

− Bunlara sənin ehtiyacın varmı? − deyə soruşur.

Görünür, bir-birlərini yaxşı tanıyırdılar və sualı eşitcək Xaricə də ona:

– Xeyr! − cavabını verir. Sonra da gözlərində dünyanı kiçildən bir möminin nələrə qadir olduğunu bu sözlərlə ifadə edir:

− Mən də sənin düşündüyünü düşünürəm!

Artıq üçü də düşmən sıralarının soxulmuş,  qəhrəmanlıqla vuruşurdular. Bir arada Abbas ibn Übadə deyir:

– Nələr baş verdiyini görən bu gözlər bizdə ikən Rəsulullaha bir zərər gələrsə, sabah Rəbbimizin hüzurunda hansı üzrlü səbəblərimiz ola bilər?

Bir tərəfdən qılınc çalan Hz.Xaricə cavab verir:

– Rəbbimizin dərgahında o zaman nə bir dəlilimiz, nə də bir üzrümüz ola bilər!