Səhabələr

Gözlənilən hadisələr və Uhud

Onun hər halını həyatına örnək edənlər bu röyanın mənasını soruşduqda da Peyğəmbərimiz boğazlanan heyvanların bəzi səhabələrin şəhid olacağı, qılıncın tiyəsindəki çatın öz başına gələcək bir müsibət və ən yaxın qohumunun şəhadəti, möhkəm zirehi də Mədinəyə sığınmağın vacibliyi şəklində yozmuşdu. Buna görə də Mədinədə qalıb müdafiə olunmaq fikrini irəli sürür. Bəlkə də: "Düşmən şəhərə girərkən onu küçələrə çəkər, qüvvələrini küçələr arasında bölərək daha asan qalib gələrik və qadınlar da heç olmasa, damlardan bizə kömək edər," – deyə düşünürdü. Əshab isə:

– Ya Rəsulullah! Biz, onsuz da belə bir günü gözləyirdik və Allaha dua edirdik. İndi O, bizə belə bir fürsət verdi və özümüzü göstərmək imkanını ayağımıza gətirdi. Düşmənlə vuruşmaq üçün kənara çıxaq, ya Rəsulullah! Kənara çıxıb vuruşaq ki, bizim onlardan qorxduğumuzu zənn edib cəsarətlənməsinlər, – deyirdilər.

Ənsar və mühacirin böyükləri bu həyəcanlı çıxışla razılaşmadıqlarını və Rəsulullah nə buyurarsa, edilməsinin daha yaxşı olacağını söyləyirdilər. Ancaq gənclərin və Bədirdə savaşmaq fürsətini qaçıranların fikri daha çox dəstəklənirdi. Abdullah ibn Übeyy isə məsələnin gedişindən olduqca narahat idi və döyüşməmək məsələsində israr edirdi.

Bu bir müşavirə idi; Allah Rəsulu (s.ə.s.) da Allahın əmri olan müşavirəni əshabı ilə keçirirdi. İnsanlar arasında müşavirə kimi təməl bir məsələnin həyata keçirilməsi o dövr üçün çox əhəmiyyətli idi və hər kəs burada fikrini açıqca deyə bilirdi. O (s.ə.s.), bir peyğəmbərdi, amma əksəriyyətin fikri ilə razılaşaraq Məkkə ordusunu şəhərdən kənarda qaşılamağa qərar verir.

Artıq Mədinədə gərginlik hökm sürürdü. Cümə günü sabah namazı qılındığı andan Mədinədə əsas mövzu nəfəsi şəhər havasına qarışan Məkkə ordusunu necə qarşılamaq idi. Peyğmbərimiz (s.ə.s.) də hər bir imkanı qiymətləndirir və əshabı Mədinəni qorumağa təşviq edirdi.

Təbii olaraq, cümə namazının mövzusu da bu qarşılaşma ilə bağlı idi. Peyğmbərimiz (sallallahu əleyhi və səlləm) xütbələrində iman mövzusu üzərində dayanır, səbir və təmkinlə hərəkət edəcəkləri təqdirdə ilahi nüsrətin yenə onlarla birlikdə olacağını söyləyir, vicdanlara səslənərək əshabı vətəni qorumağa  təşviq edirdi.

Bir tərəfdən də hazırlıqlar davam edirdi. Səhabələr arasında bayram havası vardı.

Sanki, Uhuda toya gedirdilər; Allah məfkurəsinə qarşı üsyan bayrağı qaldırıb Uhuda qədər gələn kin sərraflarına həddini bildirməyə can atırdılar.

Qətiyyət

Allah Rəsulu (s.ə.s.) ikindi (əsr) namazını qıldıqdan sonra Əbu Bəkir və Hz.Ömərlə birlikdə hücrəsinə girir. Zirehini geyib qılıncını götürərək əshabı arasına çıxacaq və Uhuda yollanan ordunun önündə duracaqdı. İnsanlar hücreyi-səadəti ilə minbəri-şərifi arasında toplaşıb Onu gözləyirdilər.

Rəsulullahın sözlərindəki təmkin və ehtiyatı, mübarək üzündəki mənzərəni, gördüyü yuxunu və əshabın israrını dəyərləndirən Sad ibn Muaz və Üseyd ibn Hudayr kimi səhabələr:

− Ona səmadan vəhy gəldiyi halda, siz Rəsulullahı savaşı kənarda aparmağa məcbur etdiniz! Gəlin bu israrınızdan vaz keçin və işi Ona həvalə edin, O, sizə nə əmr etsə, onu yerinə yetirin, – deyirlər.