Səhabələr

Gözlənilən hadisələr və Uhud

Münafiqlərin ayrılması

Şənbə günü... Uhud meydanında günəş doğmamış yenə Bilalın yanıqlı səsi eşidilir. Allah Rəsulunun arxasında sabah namazını qılacaqdılar. Ordu içərisində bir hərəkətlilik gözə çarpırdı. Çox keçmədən bunun səbəbi də aydın olur. Abdullah ibn Übeyy ibn Səlul ilə birlikdə təqribən üç yüz nəfər geri qayıdırdı.[6] Buna görə də Uhudda yaxşı sılahlanmış üç min nəfərlik müşrik ordusu ilə mübarizədə hər səhabə ən azı beş adamla mücadilə edəcəkdi. İbn Səlulun bu addımı  müsəlmanlara daxildən zərbə vurmağın bir forması idi və əsas məqsəd möminlərin əhvali-ruhiyyəsini sarsıtmağa hesablanmışdı. Gedərkən də:

– Məni heç dinləmədən və uşaq-muşağın sözü ilə döyüşə çıxır! Nə üçün öldürdüyümüzü bilmədən haraya sövq edildiyimizi bilmirik, – deyə üzdə özlərini etiraz edirmiş kimi aparırdılar.

Aydın  idi  ki, Allah (c.c.) aləmlərə rəhmət olaraq göndərdiyi axırzaman Nəbisinin yanında belə ikiüzlü insanların olmasını murad etmir və daha böyük sıxıntıların baş verməməsi üçün hələ işin başından onlarla Müsəlmanların yollarını ayırırdı. Çünki Onun hədiyyələrini ancaq Ona layiq qulları daşıya bilər və belə bir əhəmiyyətli yol ayrıcında ancaq Ona səmimi yönələn qullar bu yükün altına girə bilərdi.

Abdullah ibn Haram onların arxası ilə gedib deyirdi:

– Ey qövmüm! Allah üçün sizə xəbərdarlıq edirəm, düşmənlə üz-üzə gəldiyimiz anda Peyğəmbərinizi yalnız buraxmaqla özünüzü və qövmünüzü rəzil və rüsvay etməyin. Ey qövmüm! Gəlin ya Allah yolunda  savaşın,  ya da müdafiədə durun!

Ancaq onların nə bu sözlərə qulaq asacaq halı, nə də məsələnin dərinliyindən anlayacaq ağlı vardı. Arxalarını çevirib haqq bəyanına qulaq asmamaq bir yana, onlara səslənən Abdullah ibn Harama:

– Əgər biz vuruşa bilsə idik, sizi onlara təslim etməzdik. Onsuz da döyüş olacağını da sanmırıq! Sən də bizi dinləsən, mütləq bizimlə geri qayıdarsan, – deyir və özlərinə görə ağıl verirdilər. Onların bu ağılsız hərəkətlərini və islah olunmaz niyyətlərini görən Hz.Abdullah isə belə deyəcəkdi:

– Ey  Allah düşmənləri! Bundan o yana mən nə edə bilərəm ki? Heç Allah Peyğəmbərini sizə möhtac qoyarmı?!

Bəli, Allah Peyğəmbərini heç kimsəyə möhtac qoymayacaqdı. Cəbrailin gətirdiyi xəbər də bunu deyirdi:

– Şübhəsiz ki, Allah pisi yaxşıdan ayırana qədər möminləri sizin indi olduğunuz vəziyyətdə qoyan deyildir.[7]

Onlara arxadan səslənən Hz.Abdullaha söylədiklərini də xəbər verən Quran onların qəlblərində gizlətdiyini də açıq şəkildə bildirəcək və gələcək nəsillərə bir ibrət olaraq ogünkü satqınlığı tarixə salacaqdı:

– İki birliyin qarşılaşdığı gün başınıza gələnlər Allahın diləyi ilə olmuşdur ki, möminlər münafiqlərdən ayırd edilsin. Onlara: "Gəlin Allah yolunda vuruşun, yaxud müdafiədə iştirak edin!" – deyildiyi vaxt "Biz vuruşa bilsəydik, əlbəttə, sizinlə gələr və vuruşardıq", deyirlər. Onlar o gün imandan çox küfrə yaxın idilər və dilləri ilə əslində qəlblərində olmayanı söyləyirdilər. Allah onların ürəklərində gizlədiklərini də bilir.[8]

Onların belə bir kritik məqamda ayrılıb getməsi əshab arasında da müxtəlif fikirlərin meydana gəlməsinə səbəb olur. Bir qismi onları "öldürüləsi insanlar" hesab edir, digər bir qismi isə bununla razılaşmırdı. Xüsusilə də, Bəni-Səlimə və Bəni-Harisə qəbilələri az qala toqquşacaqdı.[9] Məsələyə son nöqtəni yenə Allah Rəsulu (sallallahu əleyhi və səlləm) qoyur:

– Uhuda gəlmə məsələsi yaxşı və gözəl olduğu qədər eyni zamanda bir ələmə, süzgəcdən keçmə məsələsidir. Atəş qızıl və gümüşdəki yararsız çöküntüləri bir kənara atdığı kimi, o (Uhud) da insanları arıdıb təmizlər.

Abdullah ibn Übey ibn Səlulun üç yüz nəfərlə birlikdə Uhudu tərk etməsindən sonra ənsardan bəziləri Rəsulullahın hüzuruna gələrək Mədinə yəhudiləri arasında müttəfiq olanlardan yardım istəməyi dilə gətirir, amma Allah Rəsulu (s.ə.s.):

– Bizim onlara ehtiyacımız yoxdur, – cavabını  verir və gələrkən göstərdiyi qətiyyəti burada da davam etdirib Uhud kimi bir ər meydanında ancaq möminlərdən ibarət ordunun daha uyğun olduğunu ifadə edir.