Səhabələr

Gözlənilən hadisələr və Uhud

Uhuddakı xütbə

Bundan sonra hərbi birləşmələrini üzü Mədinəyə doğru yerləşdirir və kürəyini Uhud dağına söykəyir. Səhər açılmaq üzrə idi və əshabı ilə birlikdə sabah namazını qılır.

Sonra üzünü səhabələrinə tutur və xeyli söhbət edir onlarla. Döyüş başlamamışdan qabaq son xütbəsi idi bu! Allahın kitabına tabe olaraq halalı halal, haramı haram bilməyi tövsiyə edir, səbirli və təmkinli olmağı vurğulayır. Birlik və bərabərlik məsələsinə də xüsusi toxunan Allah Rəsulu (s.ə.s.) həyatda ikən diqqət yetiriləsi xüsuslardan ölümdən sonrakı mənzərələrə qədər bir çox məsələni səhabələrlə paylaşır və onları düşmən məsələsində daha diqqətli olmağa çağırır. Əshabını döyüş vəziyyətinə gətirir və sağa-sola yeriyərək səfləri şəxsən özü nizama salır. Artıq ordu hərtərəfli hazır idi və Allah Rəsulu son tapşırığını verir:

– Mən döyüşməyə izin vermədikcə heç kim döyüşə başlamasın!

Bu arada Abdullah ibn Cübeyrin başçılığı ilə əlliyə qədər oxçu seçir və onlara dönə-dönə tapşırır:

– Bu atlıları bizə yaxınlaşmağa qoymayın, arxadan gəlib bizi mühasirəyə almasınlar! Zəfər bizim olsa belə, yerinizdən tərpənməyin! Nəbadə sizin tərəfdən bir hücuma məruz qalmayaq, yerinizə gedin və oradan əsla tərpənməyin! Onları tamamilə pərən-pərən saldığımızı və əsgərlərin arasına girdiyimizi görsəniz də, yerinizdən qımıldamayın! Başımızın üstündə quşların dövrə vurduğunu və ətimizi parçalamağa başladığını görsəniz də, Mən sizə xəbər göndərənə qədər yerinizdən tərpənməyin! Öldürüldüyümüzü görsəniz, gəlib bizə kömək etməyə, bizi müdafiə etməyə çalışmayın! Əksinə, onlara ox atın, çünki atlar oxa qarşı irəliləyə bilməzlər! Və unutmayın ki, siz yerinizdə qaldığınız müddətdə qalib tərəf mütləq biz olacağıq.[10]

Həmçinin  müşriklərin  bayrağını kimin daşıdığını soruşub öyrənir və:

− Biz sədaqətdə onlardan daha üstünük, − deyir və sonra da, − Musab ibn Ümeyr haradadır? − soruşur.

− Buradayam, − deyib dərhal hüzura gələn Musab ibn Ümeyrə iltifat göstərir və:

− Bayrağı sən götür, − deyə  ona uzadır.

O gün müsəlmanların şüarı "öldür" mənasını verən "Əmit... Əmit" sözləri idi.

Məkkə ordusunun vəziyyəti və ilk qığılcım

Məkkə ordusu onsuz da hazırlıqlı idi: özünə arxayın olan ordu bu inamla da Uhuda gəlmişdi. Xalid ibn Vəlid iki yüz atlı ilə birlikdə sağ cinahda gözləyirdi. Elə Peyğəmbərimizin də oxçulara səslənərkən diqqət çəkdiyi atlılar onlar idi. Ordunun sol cinahı isə Əbu Cəhlin oğlu İkriməyə əmanət idi. Piyadaların başında Safvan ibn Ümeyyə, oxçuların önündə də Abdullah ibn Əbi Rəbiə dururdu.[11] Məkkə ordusunun bayraqdarı isə Talha ibn Əbi Talha idi. Uhuddakı gərginliyin ən yüksək həddə çatdığı bir vaxtda Mədinədən əlli nəfərlə birlikdə Məkkəyə gedib müşrik ordusuna qoşulan və onlarla Uhuda gələn Hz.Hanzalanın atası Əbu Amir dəstəsi ilə hücuma keçir. Bu əsnada özünü də tanıdır və:

− Ey Əvs xalqı, − deyə hayqırır. Hücum edənin Əbu Amir olduğunu görən  müsəlmanlar da:

− Allah gözlərini kor etsin, fasiq, − deyə reaksiya verirlər və beləliklə, döyüş başlayır.

Bu ilk qığılcımla döyüş də alovlanır və artıq Qureyş ordusundakı qadınların səsləri eşidilir, ucadan şeirlər oxuyub əsgərləri müsəlmanlarla döyüşə təşviq edir, dəf çalıb nağara vururdular! O gün, xüsusilə, Əbu Sufyanın xanımı Hindin bəlağətli, bəzəkli sözlərindən cuş gəlirdilər. Hind əsgərlərə qalib gələcəkləri təqdirdə dünyalar vəd edir və hər birini qorxmaz vəhşiyə çevirmək  istəyirdi.

Onların bu vəziyyətindən xəbərdar olan Allah Rəsulu (sallallahu əleyhi və səlləm) belə dua edir:

– Allahım! Ancaq Sənin adınla həmlə edər və yenə ancaq Sənin adınla düşmən üzərinə gedərəm, Mənim düşmənlə əlbəyaxa olmağım ancaq Sənin üçündür! Mənim yeganə dayağım Sənsən və Sən nə gözəl vəkilsən!