Səhabələr

Hicrət İzni və Qureyşin Təlaşı

Əbu Cəhil  Ayyaşı axtarırdı. İndi niyyətləri aydın idi, çünki Əbu Cəhil, Hişam və Ayyaş anabir qardaş idilər. Həm də Hz. Ayyaş Əbu Cəhilin əmisi oğlu idi. Sən demə, Əbu Cəhil əvvəlcədən plan qurmuş, ögey qardaşı Hz. Ayyaşı zəif damarından tutub Məkkəyə qaytarmaq üçün bura qədər at sürmüşdü. Əbu Cəhil Hz. Ayyaşa səslənir:

− Anan sən onu Məkkədə qoyub gedəndən sonra başına daraq vurmamağa əhd elədi. O, səni görməyənəcən günün altında dayanacaq və ölənə kimi də kölgəyə çəkilməyəcək!

Ayyaş çox ürəyiyumşaq adam idi və Əbu Cəhilin anası haqqındakı sözlərindən sonra bir az da kövrəlir. Əbu Cəhil də bunları bildiyinə görə belə danışır və ona təsir etmək istəyirdi. Onun bu halını görən yol yoldaşı Hz. Ömər isə məsələnin mahiyyətini öz fərasəti və bəsirəti ilə anlamışdı və:

− Ey Ayyaş! Allaha and olsun, bu adamlar bir bəhanə tapıb səni dininlə bağlı sıxıntıya salmağa çalışırlar. Amandır, onların sözlərinə aldanma! Allaha and olsun ki, ananın başına  bit düşən kimi məcbur qalıb saçlarını darayacaq. Məkkənin qızmar istisi  başına vurunca da məcbur qalıb kölgəyə çəkiləcək, − deyə ona xəbərdarlıq edirdi. Çünki Hz. Ömər yaxşı bilirdi ki, Əbu Cəhilin ipi ilə quyuya enmək olmaz. Bu, mütləq onun qurduğu bir tələ, planlaşdırdığı bir yalan idi.

Ancaq Ayyaş belə düşünmür, məsələyə sadəlövh yanaşırdı. Buna görə də, bir  yol tapıb anasının yanına getməli, onu bu əhdi ilə düşdüyü çətin vəziyyətdən xilas etməli idi. Həmçinin Məkkədə hələ yarımçıq qalmış işləri vardı və bu arada onları da səhmana salar, yenidən Mədinəyə yollanardı!

Yoldaşının geriyə qayıtmaq istədiyini görən Hz. Ömər bir addım da atacaq və belə bir təklif irəli sürəcəkdi:

− Məkkədə qalan var-dövlətini fikirləşirsənsə, bunu özünə dərd eləmə. Sən də bilirsən ki, mən mal-mülkcə Qureyşin varlı adamlarından biriyəm. Sərvətimin yarısı sənin olsun, yetər ki, sən onlarla  getmə!

Amma Ayyaş artıq qərarını vermişdi və təkid etməyin də bir mənası yox idi.