Səhabələr

Hicrət İzni və Qureyşin Təlaşı

Onların bu dialoquna şahid olan möminlər isə sakit dayanır və bir-birinin üzünə baxaraq məsələnin necə cərəyan edəcəyini təxmin  etməyə çalışırdılar.

Digər tərəfdən, mədinəliləri təqib edən Məkkə atlıları mühacirlərdən arxada qalan Sad ibn Übadə və Münzir ibn Amra çatmış, mühasirəyə alıb onları tutmuşdular. Ancaq Hz. Münzir onların bir anlıq diqqətsizliyindən istifadə edərək sivişib qaçmışdı. Məkkəlilər bu dəfə yoldaşı kimi qaçmaması üçün Hz. Sadın əl-ayağını bağlayacaq və sürüyə-sürüyə Məkkəyə gətirəcəkdilər. Halbuki, Hz. Sad Xazrəcin əyan-əşrəfindən idi, indi isə əl-qolu bağlanmış halda sürüyürdülər . Bir tərəfdən də təhqir edir, vurur və saçından çəkirdilər.

Çox keçmədən, hadisədən xəbər tutan Mutim ibn Adiyy və Haris ibn Harb Hz. Sadın olduğu yerə gələcək, onu xilas edəcəkdi. Çünki Hz. Sad də əvvəllər Mutimə və Harisə yardım göstərmiş və karvanları ilə Mədinədən keçərkən onlara aman verərək təhlükəsiz şəraitdə istədikləri yerə getmələrinə kömək etmişdi. Neçə il əvvəl etdiyi yaxşılıq bəhrəsini indi verir və Allah iki müşrikin əli ilə onu digər müşriklərin şərindən qoruyurdu.[7]

Önəmli bir təlimat

Hicrət çox əhəmiyyətli məsələ idi, amma bu, yalnız Allah rizası üçün edilməli idi. Belə önəmli bir hadisədə xalis niyyət əhəmiyyətli idi. Mədinədə daha rahat yaşayış, əlverişli ticarət imkanı, saleh bir qadınla evlənmək və ya başqa bir məqsəd üçün yola çıxılacaqsa, hələ işin əvvəlində bilinməli idi ki, belə bir hicrətin savabı ola bilməz, bu yolla gedən hər kəs  sadəcə qarşısına qoyduğu məqsədə çata bilərdi.

Eyni zamanda, səhabələrdən birinin Ümmü Qays adlı bir qadınla evlənmək üçün Mədinəyə gedəcəyinə dair məlumatlar gəlirdi.[8] Təbii ki, bu şəxs də mömin idi, amma belə bir müqəddəs yolda niyyəti pozmamaq da zəruri idi, qəlbdəki qiblənüması daima Allahın rizasını  qazanmaq qayəsini göstərməli və əsla başqa niyyətə yönəlməməli idi .