Səhabələr

İbn Ərkamınn evində

Bayaqdan gözləyənlər Utbənin halsız gəlişini görüb öz aralarında danışmağa başlayırlar. Əbu Cəhil dözə bilmir:

− Allaha and içirəm ki, Əbul Vəlidin gəlişi gedişindən çox fərqlidir, − deyərək ondakı dəyişikliyi yanındakılara bildirir. Artıq Utbə onların yanına çatmışdı.

− Nə baş verdi, danış görək, ey Əbəl Vəlid, − deyirlər. Utbənin canından keçirdiyi sarsıntının təsiri hələ çəkilməmişdi. Gözləri bir nöqtəyə zillənmiş, bir-bir bunları deyirdi:

− Vallah, elə sözlər eşitdim ki, əvvəllər buna oxşarlarını heç vaxt eşitməmişdim. Vallah, o, nə şeirdir, nə sehrdir, nə də kahinlikdir! Ey Qureyş camaatı! Gəlin siz mənim dediklərimə qulaq asın! Gəlin bu adamla etmək istədikləri arasındakı maneələri aradan qaldıraq. Onun işinə qarışmayın. Allaha and olsun ki, Ondan eşitdiyim sözlərdə böyük xəbər var! Bilin ki, əgər ərəblər Ona üstün gələrsə, sizdən başqaları bu məsələni həll etmiş olar, ancaq bir gün gələr, O, ərəblərə qalib gələrsə, onda Onun mülkü sizin mülkünüz, şərəf və ləyaqəti də sizin şərəfiniz olar və siz həmin vaxt insanların ən xoşbəxti olarsınız.

Utbəyə qulaq asanların sifəti dəyişmişdi, eşitdiklərindən xoşlanmadıqları hər hallarından bilinirdi. Bu qədərinə də çətinliklə qulaq asmışdılar.

− Vallah, ey Əbəl Vəlid! O, dili ilə səni də sehrləmişdir, − deyib vəziyyətdən çıxırlar və ya ən azı çıxdıqlarını güman edirlər. Utbənin yanından uzaqlaşıb gedərkən Əbul Vəlid sadəcə:

− Mənim Onun haqqındakı fikrim budur, siz nə edirsinizsə edin,− deyə bilir.[12]

Sonra Utbə evinə yollanır. Tək qalmaq istəyirdi, çünki eşitdiyi ayələr onu ildırım kimi vurmuşdu...

Bir az sonra şeytana ağıl öyrədən Əbu Cəhil qapısı ağzında dayanmışdı. Utbənin iman gətirməsindən qorxur və dərhal hadisənin üstünə getməyi lazım bilirdi. Utbənin zəif yerini də yaxşı bilirdi və onu qürurundan vuracaqdı. Ona belə deyirdi:

− Ey Utbə! Eşitdim ki, Məhəmməd sənə çox böyük iltifat göstər­miş, orada sənə qonaqlıq vermiş, yedirib-içirmişdir. Sən də bu iltifata dözməyib Ona iman gətirmisən! Camaat arasında bunlar danışılır!

Utbə əsəbiləşmişdi. Görünür, Əbu Cəhil yenə isabət etmiş, zəif damarından tutmuşdu. Yerindən qalxıb belə deyir:

− Mənim Onun yeməyinə ehtiyacım olmadığını hamınız bilirsiniz. Aranızda ən varlı adam mənəm. Lakin Məhəmmədin dedikləri, həqiqətən, məni çox sarsıtdı. Çünki oxuduğu şeir deyildi. Kahin sözünə də heç oxşamırdı. Nə deyəcəyimi bilmirəm. O, sözündə doğ­ru adamdır. Onun oxuduqlarını eşidərkən Ad və Səmud qövmünün başına gələn hadisələrin bizim də başımıza gələcəyindən qorxdum...[13]

Heyətin təklifi

Utbənin planı da işə yaramamışdı. Bir müddətdən sonra Məkkənin başbilənləri Kəbədə yığışacaq, baş verən hadisələrlə bağlı yeni plan müəyyənləşdirmək üçün müzakirələr aparacaqdı. Çünki Məhəmməd və tərəfdarları baş alıb gedirdilər. Hər ötən gün daha da nəzarətdən çıxan iman seli, belə gedərsə, onları da qabaqlarına qatıb aparacaq və onlar bunun qarşısında tutmağa bir budaq da tapa bilməyəcəkdilər.

Demək olar ki, hamı orada idi: Utbə, Şeybə, Əbu Süfyan, Nadr ibn Haris, Əbul-Baxtəri, Əsvəd ibnül-Muttalib, Zəma ibnül Əsəd, Vəlid ibn Müğirə, Əbu Cəhil, Abdullah ibn Əbi Ümeyyə, As ibn Vail, Ümeyyə ibn Haləf kimi nüfuzlu adamlar günəşin batmasından sonra Kəbədə yığışıb ümumi vəziyyəti müzakirə edirdilər. Nəhayət, aralarından biri irəli çıxıb:

− Məhəmmədə xəbər göndərin, gəlsin! Əl-ətəyinizdəki hər şeyi onunla bölüşün ki, sabah bizə bir bəhanəsi qalmasın, − deyir. Bundan sonra Rəsulullaha (s.ə.s.) xəbər göndərirlər:

− Qövmünün böyükləri bir yerə yığışmışdır. Danışmaq üçün Səni çağırırlar, tez gəl, − deyirlər.

Allah Rəsulu (s.ə.s.) onların iman gətirməsi ümidi ilə dərhal Kəbəyə gəlir. Rəsulullah (s.ə.s.) onların iman gətirməsini o qədər çox istəyirdi ki... Onların inadkarlığından artıq sıxılmışdı. Bu dəvətlə yeni bir qapının açılacağını fikirləşib ümidlənmişdi. Gəlir və yanlarında əyləşir. Onlar belə deyirdilər:

− Ya Məhəmməd! Biz Səni oturub yaxşı-yaxşı danışmaq üçün çağırdıq. Vallah, biz ərəblərin arasında Sənin qədər qövmü içində ayrıseçkilik salan, dədə-babaları haqqında mənfi danışan, onların dini etiqadlarını və tanrılarını pisləyən başqa bir adam görməmişik. Bütün mənfiliklər Sən ortaya çıxandan sonra meydana gəldi.

Sözə başlar-başlamaz rəftarları ümidlərin yenə başqa bahara qaldığını göstərirdi. Üstəlik həmişəki hərəkətlərini yenə təkrarlayırdılar. Öz əməllərini yenə Peyğəmbərin (s.ə.s.) üstünə yıxıb bir kənara çəkilmişdilər. Sanki özləri aydan arı, sudan duru idilər! Bundan sonra sözü Utbənin təklifinə gətirib oxşar şeylər deməyə başlayırlar:

− Əgər Sən bu sözlərinlə aramızda var-dövlət sahibi olmaq istəyirsənsə, yekdilliklə sənə mal-mülk toplayaq və Səni ən varlı adam edək! Aramızda şan-şöhrətli bir adam olmaq istəyirsənsə, Səni özüm­üzə başçı təyin edək! Əgər mülk üçün çalışırsansa, Səni başımıza məlik təyin edək! Əgər Səni cin vurubsa, yaxud gördüklərin, öhdəsindən gələ bilmədiyin xəyaldırsa, onda bütün varımızı-yoxumuzu ortaya qoyub Səni müalicə etdirək, heç olmasa, axırda ya Sən sağalıb bu işdən xilas olarsan, ya da biz öz üzərimizə düşən vəzifəni yerinə yetirmiş olarıq.

Bu, artıq həddi aşmaq idi... Əslində bu, iki dünyanın arasındakı fərqi göstərən bir mənzərə idi. Dünya və onun mənfəətlərinin ardınca qaçanlar yenə bunlarla axirətə aid səylərin qarşısını alacaqlarını sanmış, amma yenə baltanı daşa vurmuşdular. Bunları səbirlə dinləyən Allah Rəsulu (s.ə.s.) deyir:

− Dediklərinizin heç biri məndə yoxdur. Mənim məqsədim nə mallarınızı almaq, nə də üstünüzdə səltənət qurub hökmdarlıq etməkdir! Allah məni sizə peyğəmbər olaraq göndərdi və mənə öz dərgahından kitab verdi. Sonra da sizə gələcək günlərinizlə bağlı xəbərdarlıq etməyimi istədi. Mən də üzərimə düşən təbliğ vəzifəsini yerinə yetirir və sizə nəsihət edirəm. Əgər mənim sizə bildirdiyim məsələləri qəbul edib mənimsəyərsinizsə, bu, dünyadakı və axirətdəki ən böyük qazancınız olar. Əgər qəbul etməyib qulaqardına vursanız, mən də Allahın əmri gələrək sizinlə mənim aramdakı hökmünü verənə qədər öhdəmə düşəni edər və səbirli olaram.

Bundan daha dəqiq bir ifadə necə ola bilərdi ki? “Sizin dünyanız sizin olsun, mən sizin axirətinizi xilas etmək üçün çalışıram” demək idi bu. Onlar da artıq başa düşmüşdülər: “Bəli, nə etsək də, Məhəmməd öz yolunu dəyişməyəcək və biz zərrə qədər irəliləyiş əldə edə bilməyəcəyik” . Buna görə də məsələni başqa istiqamətə çəkməyə başlayırlar. Biri qabağa çıxıb deyir:

− Ey Məhəmməd! Əgər bir xüsusu ərz etməyimə icazə verirsənsə, ərz edim. Bilirsən ki, bu yerlərdə bizdən daha kasıb, daha möhtac, var-dövləti daha az, qısası, maddi ehtiyac içində olan heç kim yoxdur. Səni əlindəki bəyanlarla bizə göndərən Rəbbindən istə, bu bizi sıxışdıran dağları düzənliyə çevirsin və oradan da Şam və İraq bulaqları kimi su fışqırtsın! Həmçinin bu günə kimi ölüb gedən ata-babalarımızı yenidən dirildib onların arasından Qusayy ibn Kilabı yanımıza gətirsin və biz də Sənin bizə dediklərinin doğru olub-olmadığını ondan soruşaq. Çünki hamımız bilirik ki, o, sözü düz adamdır. Əgər o, Sənin doğru söylədiyini təsdiq edər və etdiklərini münasib görərsə, biz də Səni təsdiq və qəbul edər, Allah qatındakı mövqeyini başa düşər və Sənin də dediyin kimi, o vaxt Allahın Səni peyğəmbər olaraq göndərdiyini qəbul edərik.