Səhabələr

İbn Ərkamınn evində

Əbu Bəkir (r.a.) anasını yaxşı tanıyırdı və:

− Ondan sənə heç bir zərər gəlməz. Ondan söz çıxmaz, − deyə arxayın edincə Ümmü Cəmil Hz. Əbu Bəkrə  müjdəni verir:

− Sağ-salamatdır.

Amma o, bununla kifayətlənəcək kimi görünmürdü. Elə sədaqət də bunu tələb edirdi. Bir də soruşur:

− O haradadır?

− Ərkamın evində, − cavabını verir Ümmü Cəmil.

Öz gözü ilə görməyincə ağrıları sakitləşəsi deyildi və özünü güclə toplayıb:

− Allaha and olsun ki, Rəsulullahın yanına gedib Onu görənə kimi nə bir şey içəcəyəm, nə də ağzıma bir loğma qoyacağam, − deyir.

Aranın sakitləşməsini gözləməkdən başqa əlac yox idi. Axşam düşməsi ilə hər tərəfə səssizlik çökür və Hz. Əbu Bəkrin qoluna girib İbn Ərkamın evinə aparırlar.

Hz. Əbu Bəkir qapıdan girib Rəsulullahın (s.ə.s.) nur üzünü görən kimi özünü Onun üstünə atır və üzündən-gözündən öpməyə başlayır. Elə bil ona dünyaları bəxş etmişdilər. Yaşadığı həzzin ifadəsində  sözlər aciz idi. Həmçinin bu, Allahın ən sevimli bəndəsini ana-atadan, yardan da artıq sevməyin, imanın kamil zirvəsinə çatmağın bir nəticəsi idi. Rəsulullah (s.ə.s.) da bu cür buyurmamışdımı?[4]

Bu zaman oradakı səhabələr də vücudunda salamat yer qalmayan  Hz. Əbu Bəkirin halına baxıb ağlayırdılar. Bu mənzərə qarşısında Allah Rəsulu (s.ə.s.) da çox təsirlənmişdi. İbn Əbi Kuhafə (Əbu Bəkir Kühafə oğlu) Rəsulullahın keçirdiyi hissləri anlamışdı. Əbu Bəkir (r.a.) kökdən həssas xarakterə malik bir insan idi və Həbibinin (Allah Rəsulunun) kədərlənməsinə könlü razı olmazdı... Ola da bilməzdi... Bir ara özünü ələ alıb hıçqırıqlarına hakim olan Əbu Bəkirin (r.a.) dilindən bu sözlər eşidilir:

− Anam-atam Sənə fəda olsun, ey Allahın Rəsulu! Mənim elə bir ciddi narahatçılığım yoxdur. Təkcə o fasiqin sifətimi  vurub əzməsi bir az ağrı verir.

Bu necə bir sevgi idi ki, öz başına gələnlərdən sevdiyi insanın üzülməsinə də razı olmur və Onu kədərləndirməmək üçün yaxşı olduğunu söyləməyə çalışırdı?!

Rəsulullaha bu qədər yaxınlaşmışdı... Bunu da imanı naminə dəyərləndirməli və fürsəti əldən buraxmamalı idi. Üstündə yarpaq kimi əsən anasını göstərib səmimi bir yalvarışla xahiş edir:

− Ey Allahın Rəsulu, bu, mənim anamdır. Məni çox sevir, öz valideynlərinə qarşı da çox yaxşıdır. Sən mübarək bir şəxssən. Bir də Sən onu Allaha dəvət et. Onun üçün Allaha dua et ki, Allah Sənin vəsilənlə onu cəhənnəmdən qorusun!

Bu, necə səmimiyyət, necə fədakarlıq idi?! Bu cür səmimi istəyə Rəsulullah (s.ə.s.) da “yox” demir. Əllərini açır və Əbu Bəkrin (r.a.) anasına iman qismət etsin deyə mərhəmətli Rəbbinə yalvarır.

Deməli, artıq vaxt gəlmişdi. Bu, necə lütf idi ki, Hz. Əbu Bəkirin anası Ümmül-Xayr elə oradaca müsəlman olmuşdu?![5]

Ölümlə üz-üzə gəldiyi anlarda belə başqalarının dünya-axirət səadətini fikirləşən Hz. Əbu Bəkrin sevincinə söz yox idi. Anasının müsəlman olması ona bütün iztirablarını unutdurmuşdu. Hz. Əbu Bəkir Rəsulullahla birlikdə İbn Ərkamın evində bir aya kimi qalır.

Bu kədərli hadisədən sonra möminləri sevindirən başqa bir hadisə baş verəcəkdi: Peyğəmbərimizin (s.ə.s.) əmisi və həm də süd qardaşı Hz. Həmzə həmin gün gəlib müsəlman olacaqdı.[6]