Səhabələr

İkinci Bədir

Demək ki, Hz. Zeydin eşitdikləri doğru idi. Zeyd ibn Ərkamın söylədiklərini eşidən və dedi-qodulardan Rəsululullahın üzüldüyünü görən əshab da söhbətə müdaxilə etmək istəyir, xüsusilə,  ənsar: – Necə olur ki, sən qövmünün böyüyünün əleyhinə çıxırsan və onun söyləmədiyi şeyləri bilə-bilə onun adına yazıb haqsızlıq edirsən!  Bu hərəkətinlə sən həm zülm etmiş, həm də qohumluq  haqqını  tapdalamış  olursan, – deyərək Hz. Zeydi qınayıb danlayırlar. Çarəsiz qalan Zeyd: – Vallah, mən bunların hamısını ondan eşitmişəm, – deyir və özünü müdafiə etməyə çalışır: – Vallah, mənim də Xazrəçdən ən çox sevdiyim adam Abdullah ibn Übeyy ibn Səlul idi. Ancaq bu sözləri hətta atamdan da eşitsə idim, heç tərəddüd etmədən gəlib Rəsulullaha söylərdim. Ümid edirəm ki, Allah (c.c.)  tezliklə dediklərimi vəhyi ilə  təsdiq edəcək. Ənsarın təşəbbüsləri Rəsulullahın bəyanlarını, Zeyd ibn Ərkamın söylədiklərini eşidən bir dəstə ənsar Abdullah ibn Übeyyin yanına gəlir. Əvs ibn Havli: – Ey Əba Hubab (İbn Səlul), – deyə müraciət edir, – əgər bunları doğrudan da, söyləmisənsə, inkar etmə; get və olanları Rəsulullaha danış ki, Allahdan bağışlanmağını diləsin! Yoxsa, vəhy gələr və  yalanın üzə çıxar! Əgər həqiqətən, bunları söyləməmisənsə, onda yenə də get Ondan üzr istə və and iç ki, bunları söyləməmisən! Əvs sözünü bitirməmiş İbn Səlul: – Vallahil-Azim, əsla bunları mən söyləməmişəm, – deyib yerindən qalxır və iti addımlarla  Allah Rəsulunun hüzuruna gəlir. Niyyəti özü haqqında yaranan mənfi rəyi dəyişdirmək idi. Onun gəlişini görən Allah Rəsulu daha cəld tərpənir və : – Ey İbn Übeyy! Əgər bu sözlər sənə aiddirsə,  tövbə et, – deyir. – Zeydin söylədiklərini mən deməmişəm, hətta belə bir mövzuda danışmamışam da, – deyib Allaha and içməyə başlayır. Allahın sevimli qulu Rəsulullah (sallallahu əleyhi və səlləm) hər dəfə fürsət düşdükcə əleyhinə iş çevirən İbn Səlulla sərt davranmır və aradakı pərdəni götürmür. Bu vaxt hüzurdakı səhabələrdən biri dediyi sözlərlə İbn Səlulun vəziyyətini yüngülləşdirir: – Bəlkə də, o uşaq yanılıb və  adamın  söylədiklərini  yaxşı yadında saxlamayıb! Hər şeyə rəğmən, Allah Rəsulu insanlara şəfqətlə davranır və əməllərini bilə-bilə xətalarını üzə vurmurdu. Hz. Ömərin təklifi və yola düşmə Hz. Ömər baş verən hadisə ilə barışa bilmirdi. Bu da həqiqət idi ki, kimlərsə fitnə çıxarır. Belə əməllər Hz. Ömər kimi insanların qəlbini yaralayırdı. Ona görə də həddini aşanları yerində otuzdurub bir də belə boşboğazlıq etmələrinə imkan verilməməli idi. Qılıncını da alıb Allah Rəsulunun hüzuruna gəlir. Bu vaxt Rəsulullah (s.ə.s.) bir ağacın kölgəsində oturub kürəyini ovxalatdırırdı. Əvvələr belə şey görməmişdi. Narahatlıqla soruşur: – Ya Rəsulullah, kürəyinizdə bir ağrımı var? – Dünən gecə dəvə Məni belindən atdı, – cavabını verir. – Ya Rəsulullah, –deyə sözə başlayır Hz. Ömər, – mənə icazə versəniz, gedib bu İbn Übeyyin boynunu vurardım! – Həqiqətən, bunu edərsənmi? – deyə soruşur Allah  Rəsulu. – Bəli, – deyir Hz.Ömər, – Səni haqq bəyanla göndərənə and olsun ki, edərəm! Onun nələri edib, nələri etməyəcəyini Allah Rəsulu da yaxşı bilirdi. Rəsulullahın azacıq meylini  hiss etsə idi, heç soruşmadan İbn Übeyyin axırına çıxardı. Ancaq bu qılıncla düzələsi məsələ deyildi. Bir çox insan İbn Übeyyi rəhbər sayır və onun dedikləri ilə oturub-dururdu. Uhuddan qayıtdıqlarını da hamı xatırlayırdı. Eyni zamanda bu insanlar "gizlicə" fitnə-fəsad salsalar da, görünüşdə özlərini müsəlman kimi aparır və Allah Rəsulunun arxasında namaza dururdular. Ona görə də tələsik hərəkət etmək düzgün olmazdı. Bunun üçün Peyğəmbərimiz (s.ə.s.) Hz.Ömərə deyir: – İndi Yəsribdə onu öldürməyi əmr etsəm, bir çox insanlar buna  qarşı çıxar və əsl simalarını ortaya qoyar. Gözünü İbn Übeyyin kəlləsinə dikən Hz. Ömər: – Ya Rəsulullah! – deyə bir daha səslənir, – o zaman Abbad ibn Bişrə[11] əmr edəydiniz, heç olmasa, bu adamın başını o gətirəydi! Şəfqət peyğəmbəri bundan da xoşlanmır. Çünki O, yolundan azan insanlara böyük cəzalar verən deyil, hər zaman onlara həyat bəxş etmək üçün göndərilmiş bir peyğəmbərdi. Ona görə üzünü Hz. Ömərə tutaraq: – Xeyr, – deyir, – o zaman da insanlar: "Məhəmməd yoldaşlarını öldürür," – deyə dedi-qodu edərlər! Rəsulullahın gətirdiyi din – İslamiyyət tarazlığı, əmin-amanlığı təlqin edirdi və hər şeydən görünürdü ki, Allah Rəsulu İbn Übeyy məsələsində də rəyini verərkən əmin-amanlığı əsas götürür. Belə olanda Hz. Ömər geri addım atmaq məcburiyyətində qalır. Hz. Ömər geri addım atır, amma İbn Übeyyin sözləri insanların dilinə düşmüşdü. Bundan bir çıxış  yolu tapılmalı idi və Hz. Ömər : – Elə isə qoy insanlara əmr edim yola düşsünlər, – deyə təklif edir. Bu ana qədər təkliflərini məqbul görməyən Allah Rəsulu bu dəfə: – Hə, bax bu olar, – buyurur. Bunun ardınca Müreysi quyusunun başından Hz.Ömərin gur səsi yayılır. Bu əshabı bir anlıq tərəddüdə salır. Çünki günorta idi və belə bir istidə yola çıxmaq Rəsulullahın adəti deyildi. Allah Rəsulu da Qasvanın üzərində görünür. Demək, həqiqətən də, yola çıxmaq lazım idi. Allah Rəsuluna (s.ə.s.) yaxınlaşan Əvs qəbiləsinin başçısı Sad ibn Ubadə[12] salam verdikdən sonra: – Ya Rəsulullah, – deyir, – bu gün elə bir vaxtda yola düşürsünüz ki, daha əvvəllər heç vaxt bu saatlarda yola çıxmamısınız. Bunun səbəbi nədir? Allah Rəsulu (s.ə.s.) ona üzünü tutur və: – Məncə, yoldaşınızın dediklərini hələ eşitməmisən, – buyurur. Həqiqətən də, eşitməmişdi və Hz. Sad : – Hansı yoldaşımızın, ya Rəsulullah? – deyə soruşur. – İbn Übeyyin! – deyir Allah Rəsulu, – Mədinəyə çatan kimi əziz olanın zəlil olanı oradan çıxaracağını güman edir! Hz. Sad uzaqgörən adam idi və iti zəkası ilə dərhal deyir: – Sən, ya Rəsulullah! İstəsən, onu çıxardarsan. Çünki əziz olan Sənsən, zəlil isə, heç şübhəsiz ki, odur! Onsuz da izzət Allah, Rəsulullah və möminlərə aiddir. Ancaq ya Rəsulullah, Sən yenə də onunla yumşaq davran! Çünki Allah Səni bura göndərəndə qövmü onun başına tac qoymağa hazırlaşırdı. Tacındakı qiymətli daşların hamısı tamamlanmış, ancaq Yuşa adlı bir Yəhudi "yox" deyib əlindəki daşı verməmişdi. Yəhudi başçı olmaq üçün əlindəki qiymətli daşa nə qədər ehtiyac olduğunu bilir və yüksək qiymət istəyirdi. Bax elə o zaman Allah Səni göndərdi və o da bu səbəblə Sənin ona aid məqamı qəsb etdiyini düşünür!