Səhabələr

İkinci Bədir

Onu diqqətlə dinləyən Allah Rəsulu: – Bundan da xeyirlisini istəyərsənmi? – deyə soruşur. O da çaşıb qalır, həyəcanla: – Bəs o, nədir, ya Rəsulullah? – deyə soruşur. Peyğəmbərimiz: – Sənin azadlıq haqqını Mən ödəyərəm və səni də nikahım altına alaram, – buyurur. Bundan böyük səadət ola bilərdimi? Əlində-ovcunda nə var idisə, hamısını itirən və üstəlik azadlığı da əlində olmayan bir insanın qarşısına dünya və axirət səadətinə gedən yollar açılırdı və həm də şəxsən bu sarayın Sultanı tərəfindən, heç bir əvəz ödəmədən. Hz. Cüveyriyyə də belə bir səadəti qaçırmayacaq qədər iman dolu qəlbə sahib idi və: – Çox yaxşı, ya Rəsulullah! Qəbul edirəm, – deyir. Təklif qəbul olunur, növbə Sabit ibn Qeys ilə görüşməyə gəlir. Ona xəbər göndərilir və çox keçmədən Hz.Sabit də hüzura gəlir. Rəsulullah da Hz. Cüveyriyyənin bədəlini Sabitə ödəyərək onu nikahı altına almaq istədiyini bildirir. Hz. Sabitin sevinci gözlərindən oxunurdu. Deyəsən, Allah Rəsulunun məqsədini anlamışdı. Hz. Cüveyriyyə Bəni-Mustaliqin başçısı Harisin qızı idi və əlbəttə, o, Rəsulullaha yaraşırdı. Dərhal: – Anam, atam Sənə fəda olsun, ya Rəsulullah! Heç nə ödəmə, o, Sənindir, – deyir. Ancaq Allah Rəsulu (s.ə.s.) yenə də bu əvəzi ödəyəcək və öncə Hz.Cüveyriyyəni azadlığa qovuşduracaq, sonra da onunla evlənəcəkdi. Allah Rəsulunun bu evlilik xəbəri tezliklə əshaba da çatır. Xəbəri eşidən hər bir səhabə əsirlərinə baxır: – Rəsulullahın qohumu, – deyirdi. Heç gözləmədikləri və ummadıqları halda, Bəni-Mustaliq bir anın içində Allah Rəsulunun qohumu olmuşdu. Elə isə Allah Rəsulunun qohumları necə əsir qala bilərdi?! Əsirləri bir-bir azad etməyə başlayır, yenə də tarixdə görünməyən alicənablıq nümunəsi göstərirlər. Həmin gün sadəcə bu qohumluğun xətrinə yüz ailə azad edilmiş və mübarək evliliyin bərəkətindən istifadə edilmişdi. Əmisi qızı gəlib bunları Hz.Cüveyriyyəyə danışınca o da Rəbbinə həmd edəcək və onun vəsiləsilə qövmünü əsarətdən qurtaran Allaha şükür edəcəkdi.[9] Qalan əsirləri isə yaxınları əvəz ödəyib azadlığa qovuşdurur və beləliklə də, Bəni-Mustalıq əsirlərinin hamısı azad olunur. Müreysi quyusu  Bu hadisələr baş verərkən bir dəstə səhabə su gətirmək üçün Müreysi quyusunun başına getmişdi. Müreysi dayaz bir quyu idi və su götürmək üçün tuluqlarını quyunun içinə salan ənsar Sinan ibn Vəbər ilə mühacir Cəhcah ibn Məsudun ipləri biri-birinə dolaşmış, aralarında mübahisə düşmüşdü. Əsəblərini cilovlaya bilməyən Hz.Cəhcah yoldaşına bir zərbə endirmiş və başı yarılan Hz. Sinan da: – Buraya gəlin, ey ənsar camaatı, – deyə yoldaşlarını köməyə çağırmışdı. Vəziyyətin gərginləşdiyini görən Hz.Cəhcah da mühacirlərə səslənib onları köməyə çağırmışdı. Ciddi bir hadisənin baş verdiyini düşünən ənsar və mühacir səsin gəldiyi tərəfə getməyə tələsmişdi. Vəziyyət gərgin idi, adi bir hadisədən çıxan qığılcım böyük bir fitnəni körükləyirdi. Qılınclar sıyrılmış, cəbhələr ayrılmışdı. Bu qədər dəyişiklikdən sonra, sanki, yenidən keçmişə qayıtmış, əsrlərlə davam edən müharibələri xatırladan bir uçurumun kənarına gəlmişdilər. Vəziyyətdən xəbər tutan Allah Rəsulu(s.ə.s.) dərhal hadisə yerinə gəlir. Cəlallanmışdı (gərgin anlarda Rəsulullaha xas emosional ifadə): – Cahiliyyədən qalan bu çağırış nə deməkdir? – deyə soruşur. Baş verənləri eşidincə yenə kiçik bir səhvin böyük bir hadisəyə təkan verdiyini görür. Bəlkə də, belə hadisələr baş verməli idi ki, Allah Rəsulu (s.ə.s.) ona müdaxilə etsin və buna bənzər hallarda müsəlmanlara necə davranmağı  göstərsin. Allah Rəsulu (s.ə.s.) müsəlmalara səslənir: – Artıq bu cür davranmağı bir kənara qoyun! Çünki bu çağırış artıq köhnəlmişdir. Əksinə, insan məzlum da olsa, zalım da olsa, qardaşına kömək etsin! Əgər qardaşı zalımdırsa, onu zülmündən vaz keçirər, məzlumdursa, ona yardım edər! Demək ki, hər iki tərəfin də yardıma ehtiyacı var idi. Ona görə ənsar və mühacir də gedib öz adamları ilə danışmağa başlayır. Rəsulullah (s.ə.s.) ola-ola hislərə qapılmaq düzgün deyildi. Din nəsihətdən ibarət idi. İndi də bu nəsihətə ehtiyac vardı. Danışıqlar səmərə verir,  Hz. Sinan və Hz. Cəhcah etdiklərindən min peşman olur. Hətta başı yarılan Hz.Sinan Hz.Cəhcahı bağışladığını söyləyir. Məsələ həll olunmuş, hər şey yoluna qoyulmuşdu. Bu hadisələrlə paralel digər tərəfdə Abdullah ibn Übeyy ibn Səlul özü kimi on nəfər yaxın dostu ilə birlikdə vəziyyəti müzakirə edirdilər. Yaşca kiçik olan Zeyd ibn Əkram da orada idi. Übeyy ibn Səlulun qəzəbdən damarları şişmiş, nəfəsi od püskürürdü. O günədək içində saxladığını  açıb tökürdü: – Vallah, ömrümdə belə bir gün görməmişəm. Vallah, bunların bir gün başıma gələcəyini bilirdim! Ancaq öz qövmüm mənə təzyiq etdi. Nə olardı, məni özlərinə padşah seçə idilər!  İndi  baxın görün ki, öz ölkəmizdə bizdən üstün olub, üstünlüyümüzü də yox bilir, bizi saymırlar! Vallah, bizimlə bu Qureyş talançılarının halı "Bəslə qarğanı ovsun gözünü"[10] məsəlindəki kimidir. Vallah, Cəhcahın çağırışını eşidənə qədər belə bir qarşıdurmanın olacağından ümidimi kəsmişdim və bunu görmədən öləcəyimi düşünürdüm. Təəssüf ki, indi yaşayıram, ancaq bu çağırışa cavab verməyə güc tapa bilmirəm. Hələ bir Mədinəyə qayıdaq, bax onda əziz olan zəlil olanı oradan çıxaracaqdır! Bunları deyib üzünü yoldaşlarına tutur: – Əslində, bunları siz özünüz etdiniz, onları öz ölkənizə qəbul etdiniz və onlar da gəlib burada məskunlaşdılar. Mallarınızdan onlara pay ayırdınız və artıq onlar da imkanlı oldular! Vallah, əgər onlara qucaq açıb mallarınızla dəstək olmasa idiniz, indi onlar burada deyil, tamam başqa bir yerdə olacaqdılar. Baxın indi etdiklərinizi qəbul etmir və sizi öz oxlarına hədəf edirlər. Halbuki siz  Onun üçün savaşdınız və övladlarınızı Onun uğrunda yetim qoydunuz! Beləcə siz durmadan azalarkən, onlar çoxaldılar! İbn Səlul münasib şərait tapmışkən fürsətdən istifadə edirdi. Onun bu fitnə dolu sözlərini eşidən Zeyd ibn Ərkam çaparaq Allah Rəsulunun hüzuruna gəlir, eşitdiklərini bir-bir danışır. Allah Rəsulu xoşlanmamışdı bu sözlərdən, üzünün rəngi dəyişmişdi. Görünür, nifaq salmaq niyyəti ilə qaşınan yaranın qanamasından narahat olur və əshabı arasında yeni bir münaqişə çıxmasını  istəmirdi. Əvvəlcə: – Ey gənc! Birdən ona qarşı qəzəbli olduğun üçün belə bir şey eşitdiyini sanarsan, – deyə Hz. Zeydə səslənir. Hz. Zeyd özünə əmin idi və: – Xeyr, ya Rəsulullah! Vallah, bunları ondan eşitdim, – deyə təkrarlayır. Allah Rəsulu (s.ə.s.) yenə üzünü Zeydə tutub: – Səhv eşitmiş olmayasan, – deyir. – Vallah, yox, ya Rəsulullah, – deyir. Bu dəfə də: – Bəlkə, bunları söyləyən o deyildi, bir başqası idi. Bəlkə, sən səhv salmısan, – deyir. Sözünü zərrə qədər dəyişməyən Hz. Zeyd yenə: – Vallah, xeyr, ya Rəsulullah, – deyə təkrar edir.