Səhabələr

İkinci Bədir

Oğul Abdullahın həssaslığı  Hz. Ömərin Rəsulullaha dediklərini eşidən İbn Übeyyin oğlu Abdullah[13] Allah Rəsulunun hüzuruna gəlir. Üz-gözündən hüzn yağırdı. Atasının dediklərindən xəcalət çəkirdi, amma əlindən bir şey gəlmirdi. Rəngi solğun, çarəsiz halda: – Ya Rəsulullah, – deyir. Hər halından niyyəti və həyati bir qərar verdiyi görünürdü. Bir müddət udqunduqdan sonra özünü toplayır və qan donduran sözlər söyləyir: – Sənin haqqında söylədiklərinə görə atamı öldürtmək istəyirsənsə, o işi mənə həvalə et. Vallah, Sən bu yerdən qalxmamış mən onun başını gətirərəm! Hərçənd xazrəc də bilir ki, ana-atasına yaxşılıq məsələsində mənim kimisi, bəlkə də, yoxdur. Neçə vaxtdır, onun yemək-içməyini mən hazırlayıram. Ya Rəsulullah, mən ondan qorxuram ki, atamı bir başqasına öldürtdürərsən, atamın qatili gözüm önündə və insanlar arasında gəzib dolaşarkən nəfsim buna tab gətirməz və bəlkə də, bir gün özümü saxalaya bilməyib onu öldürər, cəhənnəmə gedərəm! Əlbəttə, Sənin əfvin daha dəyərli, lütfün daha böyükdür! Onun bu təklifinə cavab olaraq Allah Rəsulu: – Ey Abdullah, – deyir, – Mən sənin atanı öldürtmək istəmirəm. Əksinə, o, bizim aramızda olduğu müddətdə ona ancaq yaxşı münasibət göstərməyi düşünürük. Hz. Abdullah rahat nəfəs alır. Ata-anasını bu qədər sevsməsinə rəğmən, az qala ata qatili olacaqdı. İndi isə Şəfqət Nəbisinin böyük mərhəmətinə şahid olmuş, qəlbini bürüyən əndişələrdən qurtulmuşdu. Abdullah bu məqamda Peyğəmbərimizi məlumatlandırmaq istəyir: –Ya Rəsulullah! – deyə sözə başlayır, – Bu Mədinə əhalisi atamı özlərinə başçı seçmək üçün razılaşmışdı. Elə işin bu yerində Allah Səni buraya gətirdi. Bu səbəbdən Allah onu alçaldarkən Sənin vasitənlə bizi yüksəltdi. İndi atamın ətrafındakılar daha əvvəl həyata keçirə bilmədiklərini gerçəkləşdirmək üçün onu təhrik edirlər. Sad ibn Ubadə ilə Hz.Abdullahın sözləri üst-üstə düşürdü. Məqsədinə yaxınkən ona çatmayan bir insanın psixoloji vəziyyəti başadüşülən idi, təbii ki, bundan istifadə etmək istəyənlər olacaqdı, necə ki vardı. Demək ki, bəzi məsələləri zaman həll edəcəkdi. Atiq vadisinə çatanda Hz.Abdullah ordunun önünə keçir və atasını gözləyir. Nəhayət, onu görən kimi dəvəsinin yüyənindən tutub çökdürür və onun qabaq ayaqlarına basaraq atasının qarşısında dayanır. Gözləmədiyi bir hərəkətlə qarşılaşan İbn Səlul: – Nə etmək istəyirsən, ay filan oğlu, – deyə onu təhqir edir. Hz.Abdullah: – Allaha and olsun ki, Rəsulullah sənə izin vermədikcə Mədinəyə girə bilməzsən! Beləcə kimin ən əziz, kimin zəlil olduğunu anlayıb görmüş olacaqsan! "Bunu atana qarşı necə edirsən?" – deyə əngəl olmaq istəyənlərə Hz.Abdullah cavab vermək ehtiyacını da hiss etmir. Nəhayət, onu bu hərəkəti Rəsulullaha da çatdırılır: – Abdullah ibn Übeyy ibn Səlul Sənin icazən olmadan atasının Mədinəyə girməsinə izin vermir, – deyirdilər. Ata ilə oğulun üz-üzə gəlməsinə könlü razı olmayan Allah Rəsulu xəbəri alan kimi tez onların yanına gəlir. Hələ də Hz. Abdullahın ayağı dəvənin qabaq ayaqlarının üzərində idi və atasının qarşısında dimdik dayanmışdı. Oğlunun bu hərəkətinə görə ata İbn Səlul: – Şübhə yoxdur ki, mən uşaqlardan da zəlil, hətta qadınlardan da alçağam, – deyir. Onları bu halda görən Allah Rəsulu üzünü Hz. Abdullaha tutaraq: – Atandan əl çək! – buyurur və ancaq bu əmrdən sonra Hz. Abdullah atası İbn Səlulun dəvəsini  sərbəst buraxıb qarşısından çəkilir. Cəbrailin xəbəri Allah Rəsulu (s.ə.s.) çoxdan yola düzəlmişdi. Gənc Zeyd də Ona yetişərək üzünün cizgilərinə xeyli tamaşa edir, dediyi sözlərin vəhylə təsdiqini arzulayırdı. Elə bu zaman Zeydin arzuladığı an yetişir. Rəsulullahın vücudundan muncuq-muncuq tər axırdı. Daha diqqətlə baxır Allah Rəsulunun üzünə; vəhyin ağırlığından qəddi bükülür, üzərinə çökən ağırlığın altında burum-burum tər tökürdü Rəsulullah! Dəvəsi də az qalırdı yerə çöksün. İçini bir sevinc bürümüşdü Zeyd ibn Ərkamın – vəhy gəlirdi! Bu vəhydə onun sözlərini təsdiqləyən ifadələrə ümid bəsləyir, həyəcandan özünə yer tapa bilmirdi. Vəhy halı bitir və Rəsulullahın bir az əvvəlki halsızlığı geridə qalır. Özü də düz Zeydin yanına gəlir. Dəvə üstündə oturmuş Zeydin qulaqlarından tutaraq yuxarı çəkir. O qədər çəkir ki, oturduğu yerdən yuxarı qalxmağa məcbur olur. Sonra da: – Qulaqların səni aldatmayıb, ey dəliqanlı, – buyurur, – çünki Allah sənin sözünü təsdiqləyən vəhyini  nazil etdi! Abdullah ibn Übeyy ibn Səlulun bu çıxışının ardınca münafiqlərin gizli niyyətlərini ortaya qoyaraq nifaq düşüncəsinin təzahürlərini dönə-dönə açıb göstərən "Münafiqun" surəsi nazil olur. Bundan sonra Abdullah ibn Übeyy ibn Səluldan söz düşəndə ilk əvvəl öz qövmü onu qınayır və etdiyinin yanlış olduğunu söyləyib danlayırdı. Hadisələrin gedişini diqqətlə izləyən Allah Rəsulu öz qövmünün belə İbn Übeyyə qarşı mövqeyini görüncə Hz. Ömərə səslənir: – Bu işləri necə görürsən, ey Ömər? Nə deyirsən, əgər sən: "Onu öldürtdür!" – deyəndə Mən onu öldürtmüş olsa idim, kim bilir, bu gün nə qədər adam səs-küy qoparacaqdı! Hz. Ömər təslimiyyət insanı idi və heç tərəddüd etmədən: – Bir daha anladım ki, Rəsulullahın hər bir işi uğur və bərəkət baxımından mənimkindən böyükdür! Fasiləsiz yolçuluq və yarış Vəhy gəlmiş və əsl həqiqət ortaya çıxmış, İbn Səlulun günahkar olması bir daha təsdiq olunmuşdu. Buna baxmayaraq, yolçuluq fasiləsiz davam edirdi. O gün axşam olmuşdu, amma Rəsulullahın dayanmaq niyyəti yox idi. Gecənin qaranlığında da yola davam edilir və dincəlmək üçün heç yerdə fasilə verilmirdi. Ertəsi gün səhər də səfər davam etdirirlər. Nəhayət, günortanın dözülməz istisində istirahət əmri verilir. Beləliklə, Allah Rəsulu insanları yolçuluqla məşğul etməklə nifaq adlı bir problemin dərinləşməsininin qarşısını alır. Görünür, həlli zamana bağlı olan bir məsələdə danışmaqla vaxt itirməkdənsə, bötövlükdə yola çıxaraq zaman qazanmağı üstün tuturdu. O qədər taqətdən düşmüşdülər ki, bir-birlərini də görmürdülər. Fasilə verilən kimi hər biri bir kənara uzanıb istirahətə çəkilir. Bu yolçuluq əsnasında Allah Rəsulu atlarla dəvələr arasında bir yarış təşkil edilməsini istəyir, özü də şəxsən yarışa qatılır. Bəlkə də, bu uzun və yorucu yolçuluğu belə bir yarışlarla zövqlü hala gətirmək istəyirdi. Rəsulullahın üstünə mindiyi Qasva adlı dəvəsi də digər dəvələri geridə qoymuş, atı da birinci olmuşdu.[14]