Səhabələr

Mübarək doğum

Məkkəlilər tacirin sözlərindən heyrətə gəlirlər. Təəccüblə bir-birinin üzünə baxırlar: hələ belə  bir doğum xəbərini eşitməmişdilər. Həmişəki kimi bu izdiham da dağılmış və hər kəs öz arvad-uşağının yanına getmişdi. Çox keçmədən hər kəs o gecə Abdulmuttalibin bir nəvəsi doğulduğunu və adını da Məhəmməd qoyduğunu eşidir. Daha qəribəsi o idi ki, yəhudinin təsvir etdiyi kimi, bu körpənin kürəyində möhür var idi.

Məsələdən xəbər tutanlar həmin yəhudinin yanına gəlirlər. Onlar:

− Sən bizim aramızda bir uşağın doğulduğunu  demişdin ha, − deyirlər. Yəhudi:

− Mən sizə xəbər verəndən sonra doğuldu, yoxsa əvvəl? − deyə həyəcanla soruşur.

− Əvvəl, − cavabını verirlər.

Xəbərdən həyəcanlanan yəhudi onlara dərhal uşağın yanına getmək istədiyini bildirir. Hz. Əminənin yanına gəlib körpə Məhəmmədin iki kürəyi arasındakı möhürü görən yəhudinin ürəyi gedir. Özünə gələndə:

− Vay yazıq! Sənə nə oldu? − deyə soruşurlar. O, bunları söyləyir:

− Artıq peyğəmbərlik İsrailoğullarının əlindən çıxmışdır. Bu, belə yazılmışdır. Artıq peyğəmbərliyin bərəkəti ərəblərindir. Sevinin, ey Qureyşlilər! Çünki O, sizinlə birlikdə  elə bir güc əldə edəcək  ki, Onun xəbəri Qərblə Şərqin arasını tutacaq.[10]

Buna bənzər bir hadisə də Mədinədə yaşanır. O vaxtlar səkkiz yaşında olan məşhur şair Hassan ibn Sabit illər sonra ogünkü həyəcanını dilə gətirəcəkdi:

− Mən həmin vaxt yeddi-səkkiz yaşlarında idim və eşitdiyim hər şeyi başa düşürdüm. Yəsrib qalalarının birinin üstündə bir müdrik yəhudi qışqırırdı:

− Ey Yəsrib camaatı! Ey Yəsrib camaatı!

Onun təlaşı hamını  çaşdırmışdı. Aydın idi ki, ya mühüm bir hadisə baş vermiş, ya da onları böyük təhlükə gözləyirdi. Çox keçməmiş:

− Nədir bu təlaşın? Sənə nə olub? − deyərək ətrafına yığışdılar. Yanına yığışanlara belə deyirdi:

− Bu gecə dünyaya gələn Əhmədin ulduzu doğdu.[11]

Davamı: 1 2 3 4 5 6 7 8 9