Səhabələr

Müqəddəs Köç Hicrət

Suraqa əvvəlcə bunun bir qəza olduğunu fikirləşir. Amma heç qəzaya bənzəmirdi. Çünki ətrafa nəzər saldıqda yıxılmasına heç cür səbəb tapa bilmir. Yoxsa danışılanlar həqiqət idi? Məhəmmədül-Əmin, doğrudan da, peyğəmbər idi? Bəlkə, doğrudur? Bir müddət bütün bunları beynində götür-qoy edir. Başqa çıxış yolu görünmürdü  və yazıq baxışlarla İnsanlığın Əminini süzür. Eyni zamanda: −  Mənim üçün Allaha dua et ki, buradan xilas olum, − deyir və əlavə edir: − Söz verirəm, buradan qurtulan kimi, Sənin arxanca gəlməyəcəyəm və təqibdən də əl çəkəcəyəm! O (sallallahu əleyhi və səlləm), bir peyğəmbərdir. Heç mümkün idimi ki, kimsə Ondan xahiş etsin, O da sözü yerə salsın? Bunu istəyən can düşməni olsa belə... Suraqa heç nə olmamış kimi xilas olur. Amma bu iki adamın başı üçün vəd edilən mükafatın dəyəri ağlını başından çıxarmışdı. Özünə gələr-gəlməz yenə atına minir və arxalarınca mahmızlamaq istəyir. Yenə eyni baxışlar Suraqanın üzünə dikilir və atın qabaq ayaqları quma saplanır. Yenə yıxıldığı yerdən havaya nəhəng toz buludu qalxır. Sarsıntı keçirirdi: heç bir səbəbsiz atın qabaq ayaqları bayaqkından da dərinə batmış və heç cür çıxa bilmirdi. Bunlara bir məna verə bilmirdi... Neçə ildir bu yerlərdə at çapırdı, amma belə bir hadisə ilə ilk dəfə üzləşirdi. Yox... Yox... Bəlkə də, Əbu Cəhil deyil, Əbu Bəkir haqlı idi. Elə isə, Allahın yardımı ilə yol gedən bu adamlara pislik etməyə çalışmaq mənasız idi. Bu dəfə ürəkdən səslənir: − Ya Məhəmməd! Başa düşdüm ki, bütün bu başıma gələnlərə səbəb Sənin duandır. Mənim filan yerdə dəvələrim var, onlardan istədiyini götür, amma nə olar, bu dəfə də dua et, buradan xilas olum. Söz verirəm, tövbə edirəm, əsla arxanca düşməyəcəyəm. Əvvəlcə: − Mənim sənin dəvələrinə ehtiyacım yoxdur, − deyə cavab verir Allah Rəsulu (sallallahu əleyhi və səlləm). Ardınca da xilas olması üçün dua edir. Suraqa artıq atı ilə birlikdə ayaq üstə idi.[25] Toz-torpaq içində yerdən qalxarkən, kim bilir, onun ruh dünyasında nələr baş vermişdi, yerdən qalxıb doğrulanda Suraqanın halındakı dəyişikliyi sezmək çətin deyildi. Hz. Əbu Bəkir baş verənləri heyrət və təşviş içində seyr edir, Rəsulullahın (s.ə.s.) bir daha qorunmasına şahidlik həzzi ilə Rəbbinə şükür edirdi. Artıq Suraqa da büdrəyən atının ardınca Rəsulullahın qarşısında diz çökmək üzrə idi. Üstünə təslimiyyətin boyası çökmüş, yavaş-yavaş Allah Rəsulunun  hüzuruna gəlirdi. Sanki “Sən də mi?” deyən məna dolu Peyğəmbər baxışlarına: − Bəli, mən də, ey Allahın Rəsulu, − deyə cavab verir öncə. Sonra da Ona söz verir: geri dönəcək və arxadan gələn bütün düşmənlərini başqa istiqamətə  yönəldəcəkdi.[26]