Səhabələr

Müqəddəs Köç Hicrət

− Atam-anam Sənə fəda olsun, ey Allahın Rəsulu! İlan sancdı,− deyə bilir. Bunları deyəndə xəcalət hissi ilə boğulurdu, ona görə Peyğəmbərimizin üzülməsini və vaxtını belə bir məsələyə ayırmasını istəmirdi. Rəsulullah (sallallahu əleyhi və səlləm) yaranın üstünə xəfifcə ağız suyundan sürtəcək və sonra da Rəbbindən şəfa diləyəcəkdi. Bir anda hər şey əvvəlki vəziyyətinə qayıtmışdı, sanki belə bir hadisə heç olmamışdı. Əbu Bəkirdə ağrı adlı bir şey  qalmamışdı.[16] Bu vaxt bir hörümçək işə başlamış, torunu hörə-hörə mağaranın ağzında tər tökürdü. Bir də iki göyərçin gəlmiş, burada yuva qurmağa başlamışdı. Eyni zamanda, mağaranın düz girişində bir ağac böyüməyə başlamış, Allah Rəsulu ilə (sallallahu əleyhi və səlləm) düşmənlər arasında pərdə rolunu oynayırdı. Aydın məsələ idi ki, Allah (cəllə cəlaluhu) Sevgili Peyğəmbərini heç kimin ixtiyarına buraxmayacaq və Onu bilavasitə Özü qoruyacaqdı. İzə düşüb təqib edənlər Sevr dağına da dırmanmış, “burada olarlar” deyə mağaranı yoxlamağa gəlmişdilər. Mağaranın girişindəki göyərçinləri, boy atıb böyüyən ağacı və hörümçək torunu görüncə biri qeyri-ixtiyari bunları deyəcəkdi: − Bu hörümçək toruna baxın. Elə bil, Məhəmməd hələ anadan olmamış hörülüb! O biriləri də başqa cür fikirləşmirdilər. Və hörümçək toru arada incə bir pərdə olmasına rəğmən, Allah Rəsulunu (sallallahu əleyhi və səlləm) qorumuşdu, onlar da əliboş geri qayıdırdılar.[17] Mağaranın içində isə müşriklərin bir nizə boyu yaxınlaşdığını görüb səslərini eşidən Hz. Əbu Bəkiri yenə soyuq tər basmışdı. Dəli öküzlər kimi burunlarından qəzəb püskürən bu gözü dönmüşlərin ayaqlarını görən Əbu Bəkir (r.a.) deyir: − Ey Allahın Rəsulu! Əgər biri əyilib ayağının tuşundan içəri baxsa, bizi çox asanlıqla görəcək! “Sən mənim qardaşımsan”, − dediyi mağara yoldaşına yenə Allah Rəsulu təsəlli verəcəkdi: − Üçüncüləri Allah olan iki adam haqqında niyə narahat olursan, ey Əbu Bəkir?[18] Bunu deyən Rəsulullahdı. Allahın ən sevgili qulu idi və Onu insanlardan gələ biləcək təhlükələrdən qoruyacağını şəxsən Allah (cəllə cəlaluhu) bildirmişdi.[19] Rəsulullah (sallallahu əleyhi və səlləm) bu səbəbdən arxayın (təmkinli) danışırdı: çünki bilirdi ki, qureyşlilər anlamayıb Ona kömək etməsə də, Allah (c.c.) vaxtilə bütün elçilərinə kömək etdiyi kimi, Sonuncu Peyğəmbərinə də yardım edəcək, rahatlıq və hüzura bürüməklə dəstəkləyib, göz görməyən ordularla qoruyacaqdı. Bunları Hz. Əbu Bəkir də bilirdi, amma bu bilmək, hadisənin bütün ağırlığı ilə yaşandığı vaxtda hiss edilən əndişələri aradan qaldırmağa kifayət etmirdi. Onun bütün nigarançılığı Peyğəmbərin başına gələ biləcək sıxıntılarla  bağlı idi. Çünki o, öz başına gələcək hər cür hadisənin təkcə bir nəfərlə məhdudlaşacağını, Allah Rəsulunu hədəfləyən hər hansı hadisənin isə bütün bəşəriyyətə qarşı olacağını həssaslıqla anlayırdı.[20] Nəhayət, mağara önünə gələnlər də çıxıb getmişdi və artıq yol az da olsa əmin-amanlıq vəd edirdi. Burada üç gün gözləyirlər. Bu müddətdə Hz. Əbu Bəkir tez-tez mağaradan çıxıb ətrafı gözdən keçirirdi. Şəhərdən əl-ayaq yığılınca oğlu Abdullah da yanlarına gəlir və Məkkədə baş verən hadisələri onlara çatdırırdı. Bu vaxt Amirlə birlikdə bələdçi Abdullah ibn Uraykıt da gəlmiş, onları Mədinəyə aparacaq dəvələri də gətirmişdilər. Dəvələrin ovsarını əlinə alan Hz. Əbu Bəkir (r.a) onların ən gözəl və baxımlısını Peyğəmbərimizə təqdim edir və: − Atam-anam Sənə fəda olsun! Min, ey Allahın Rəsulu! − deyir. Gözləmədiyi etirazla rastlaşır: − Mən Mənə məxsus olmayan dəvəyə minmərəm.