Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Təslimiyyət qəhrəmanı Həzrəti Səid ibn Zeyd (r.a.)

Tarix: 30.05.2013 | Bu məqalə 2. 951 dəfə oxunub.

“Aşərəi Mübəşşərə” – Cənnətlə müjdələnənlərdən biri də Həzrəti Səid ibn Zeyddir. Həzrəti Ömərlə bir neçə nöqtədən qohumluq əlaqəsi vardı. Hz. Ömərin həm əmisi oğlu, həm də bacısı Fatimənin əri idi. İslama ilk daxil olanlardandı. Bir rəvayətə görə müslüman olanların on beşincisidir. Müslüman olandan sonra o vaxt hələ imanla şərəflənməmiş, qəlb gözü İslam nuru ilə işıqlanmamış Hz. Ömərin qəzəbinə tuş gəlmişdi.

Hz. Səid saf bir ailəyə mənsubdur. Atası Zeyd Əfəndimizə (s.a.s.) risalət nuru gəlmədən əvvəl tövhid inancını qəbul edən haniflərdən olmuşdur. Özündən əvvəl atası haqqında  danışıb tanıtmağımız lazımdır. Anası, Fatıma binti Bacədir.

Bir nəfərlik ümmət

Allah Rəsulunun (s.a.s.) onun haqqında “təkbaşına bir ümmət” adını layiq gördüyü bu adam kimdir? Əvvəlcə onu tanıyaq. Beləcə Hz. Səidin necə bir evdə böyüyüb boya-başa çatdığını, doğulan gündən haqq adamı olduğunu daha asan dərk edə bilərik.

Hz. Səidin atası Zeyd b. Amr b. Nüfeyl təmiz bir fitrətə sahib insan idi. Qövmünün batil inancına heç qarışmamış, bütlərə etiqad etməmişdi. Hətta  bütlərin adına kəsilmiş qurban ətindən yemir və bu fikrini ətrafına  təlqin etməkdən çəkinmirdi.

Həyatı haqqında çox məlumatımız olmasa da, əldə olan bilgiyə görə maraqlı bir insan olmuşdur. Qövmünün dini yaşayışını bəyənməmiş, həmişə Haqq dini axtarmışdır. Davamını Hz. Ömərin böyük oğlu Hz. Abdullahdan dinləyək: “Zeyd, cavanlığında dinləri araşdırmağa çıxmış, Şamda rast gəldiyi musəvilər öz dinlərini ona öyrətməyə başlamışlar. Zeydin onların inancı ilə bağlı verdiyi suallara: “Bizim dinimizi qəbul edərsən, bizim üzərimizdəki qəzəbdən sən də öz payını alarsan”, – şəklində cavab vermişlər. Zeyd isə buna cavab olaraq: “Mən Allahın qəzəbindən qaçıram”, – deyərək musəviliyi qəbul etməmişdir. Xristianlar da onun sorğularına eyni ilə musəvilər kimi cavab vermiş və ona Allahın lənəti və qəzəbindən payına düşəni götürmək lazım gəldiyini bildirmişlər. Hal belə olduqda O da hər iki dini qəbul etmək fikrindən də əl çəkir”. Dönə-dönə soruşub təkid edəndən sonra o dinlərin alimləri Hz. İbrahimin dini olan hənifliyi tövsiyə edirlər. Xeyli sonra Zeyd Kəbəyə söykənəcək, küfr və cahilliq içində üzən qövmünə baxaraq belə deyəcəkdir: “İçinizdə tək muvahhid (Allahın təkliyini qəbul edən) mənəm”.

Zeydin muvahhidliyi təkcə sözdən ibarət deyildi. Çünki bunu əməllərində göstərmişdir. Məsələn, heç vaxt içki içməmişdir. Qız uşaqlarının diri-diri basdırıldığı cahiliyyə dövründə rast gəldikcə qızları atalarından almış, böyütdükdən sonra da: “İstəsən, qızını ala bilərsən”, – demişdir.

Belə bir  mühitdə böyümüşdür Hz. Səid. “Allahım! Sənə necə ibadət etmək lazım gəldiyini bilmirəm. Bilsəydim, elə ibadət edərdim”, – deyə yalvara-yalvara dua edən bir atanın iniltilərinə şahid olmuşdur. Qulaqlarında Haqqın səsi ilə böyüyən Hz. Səid Rəsuli-Əkrəmi (s.a.s.) görüncə o saat iman etmiş, atasının axtarsa da, əldə edə bilmədiyi məqamı qazanmışdır. İman etdikdən sonra Allah Rəsulunun (s.a.s.) yanına gəlib atası haqqında danışmışdır. Onun dediklərini Allah Rəsuluna (s.a.s.) nəql edən Hz. Səid atası üçün dua etməsini istəmişdir. Əfəndimiz də dua etmiş və “Onun təkbaşına bir ümmət olaraq diriləcəyi”, müjdəsi ilə Hz. Səidi sevindirmişdir.

Şəmail və əxlaqı:
* Uzun boylu, əsmər bədənli idi. Bədəni tüklü idi.
* Həyatında bir çox dəyişikliklər və inqilablar görmüş, lakin heç bir vaxt zühd və təqvadan ayrılmamış və düzgünlükdən sapmamıştı. Abid, zahid, mələk sifətli bir şəxs idi. idarəçiliyə yanaşmamıştır

İşgəncəyə doğru

Allah Rəsulu (s.a.s.) Məkkədə iman nurunu yaymağa başlamışdı. Amma küfrün qarşılığı da gəlməkdə gecikməmişdi. Gözləri və könülləri şölə saçan iman nurundan məhrum kimsələr də elə o dəqiqə əks hücumla möminlərə əziyyət verməyə başlamışdılar. Məkkə dövründə iman edən hər kəs bu işgəncədən nəsibini almışdır. Hz. Səid də bunlardan biridir. Həyatının o dövrü haqqında çox məlumat yoxdur. Yalnız özünün nəql etdiyi bir hekayə başına gələnlər barədə bizə bir işarət verir. İman etdiyi üçün Hz. Ömər tərəfindən çox kötəklənmişdir. O Ömər ki, iman edən cariyəsini yorulana qədər döydükdən sonra sərbəst buraxırdı. Deyəsən, Ömərə qohum olmaq elə də asan məsələ deyildi. Hz. Səid işgəncələrə dözmüş, səbir etmiş və öyrəndiklərini həyatına tətbiq etməyə çalışmışdır. Haqq işdə səbat etmənin meyvəsindən hələ dünyada ikən dadmışdır: Hz. Ömər onun evində müsəlman olmuşdur. Hadisə belə baş verir:

Davamı: 1 2 3 4

Bənzər məqalələr

    Bənzər məqalə tapılmadı.