Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Tövbə Qəhrəmanı Kab ibn Malik (r.a.)

Tarix: 18.05.2013 | Bu məqalə 1. 604 dəfə oxunub.

Ən xeyirli gün

Sənin və digər iki yoldaşın haqqında ayə nazil olmuşdu. Qəlbən peşman olmuş, tövbə etmişdiniz, tövbənizin sədası Uca Məqamdan gəlir və ürəklərinizə su səpirdi:

– Allah döyüşdən geri qalan o üç nəfərin də tövbəsini qəbul etdi. Belə ki, dünya onlara dar olmuş, ürəkləri (qəm-qüssədən) sıxılmışdı.

Dərhal səcdəyə qapandın. Səni əzabdan qurtaran Rəbbinə şükür etdin.

***

Sədaqətinizə söz ola bilməzdi, sadiq idiniz. Allah və Rəsuluna bir dəfə söz vermişdiniz və sözünüzün ağası idiniz. Yolunuzu tapdıqdan sonra digər yolların – nə qədər bəzəkli olsalar da – sizi sahilə salamat çıxarmayacağına əmin idiniz. Ona görə də zərrə qədər də azmamışdınız. Məhz bu böyük sədaqətiniz uca səmaları hərəkətə gətirmiş, haqqınızda hökmü Allah vermişdi. Və bu hökmü də Allahın Rəsulu bəyan edirdi.

Böyük müjdə

Sübh namazını qılan kimi Allah Rəsulu haqqınızdakı fərmanı insanlara bildirmiş və onlar da sizə müjdə vermək üçün yola düşmüşdülər. Müjdəni alanda sevincindən uçmuşdun. Əynindəki paltarı şükür üçün bağışladın, geyməyə başqa libasın da yox idi. Əma­nət paltar tapıb məscidə gəldin. Dan yeri sökülüb ətraf aydınlanmışdı… hər kəs tövbənin qəbuluna görə səni təbrik edirdi.

Buludlar dağılmış, üzündəki acı təbəssüm sevincdən şimşək kimi parıltıya çevrilmişdi. Ay parçası kimi parlayırdı. Salam verdin. Salamını aldı. O da həyəcanlı idi. Axı yanılmamışdı, adamını tanıyırdı, mətin olmuşdunuz. Sevinclə: “Müjdələr olsun sənə! Doğulduğun gündən bu tərəfə ən xeyirli günün bu gündür,” – buyurdu. “Sənin tərəfindən, yoxsa Allah qatından, ya Rəsulallah?” – dediyin zaman “Əksinə, Allah tərəfindən” cavabını vermişdi. Əlbəttə, bu, sənin üçün bambaşqa sevinc idi. Varının hamısını Allah və Rəsulu üçün bağışlamaq istədin, bir qismini saxlamağın daha xeyirli olacağını tövsiyə etdi.

Hərəkətini isbat etmişdin, bunu bir də sözlərinlə vurğuladın:

– Ya Rəsulallah! Allah-Təala məni düzlüyümlə xilas etdi. Yenə mənim tövbəmin bir parçası olsun ki, nə qədər ömrüm var, doğruluqdan ayrılmayacaq, yalanın zərrəsinə də tənəzzül etməyəcəyəm.

Sözünün ağası idin. Elə keçən günlər də bunu göstərmişdi!

Gözəl nümunə

Bu gün doğruluğu şüar edənlərə nə gözəl nümunəsən. Vaxtında atmalı olduğumuz addımları ata bilməyib yolları dalana aparan bizlərə nə incə ismarışların var! Zəmanə dəyişsə də, əsrlər başqalaşsa da, hər dövrün bir səfəri, hər əyyamın bir nəfəri vardır; elə isə bugünkü addımlardan geri durmaq nə böyük fəlakət! Arxadan da olsa, çatıb karvana qoşulmaq bir səadət deyilmi?! Bu gün nazil olmaqda davam edən nə vəhy var, nə də məsləhətləri ilə doğru yol göstərən Nəbi. Yollarda əbədi qalmamaq üçün yolunu rəhbər tutub sabitqədəm olmaq lazımdır.

Bəzən qəbul edilməsək də, iltifat əvəzinə qapılardan qovulsaq da,­ həlimliyimizə baxmayaraq, sərtliklə qarşılıq görüb döyülsək də,­ o yolda sabitqədəm olmaqdır əsas məsələ! Bu yola baş qoymaq bunu istəyir bizdən..

Tövbə qəhrəmanı Kab kimi könül genişliyi və qəlb ənginliyi ilə elə bir tövbə etməlisən ki, o gün dil açan Səma sənə də dərman olsun! Gözəl aqibətə qovuşmaq üçün hər cür xoşagəlməz hadisələrə dözmək bambaşqa səbir, Haqq xatirinə ilan-çayanla yaşamağı bacarmaq da ayrı bir keyfiyyət deyilmi?!

“Səadət əsrində doğan ulduzlar” əsərindən iqtibas edilmişdir

Davamı: 1 2 3 4 5

Bənzər məqalələr