Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Tövbə Qəhrəmanı Kab ibn Malik (r.a.)

Tarix: 18.05.2013 | Bu məqalə 1. 608 dəfə oxunub.

…bir xəta işlədin

Bəli, daim sınaqlarla üz-üzə gəlirdin. Sədaqətin dərin olsa da, sən də bir bəşər övladı idin. Bəli, Təbük çətin və məşəqqətli idi. Bir tərəfdə yayın istisi yeri-göyü qovurur, digər tərəfdə bulaq başı suyun sərinliyinə cəzb edir, yetişən meyvələr nəfsə şirin təbəssüm saçırdı. Yəni dünya bütün cazibəsini meydana qoyaraq hər kəsə “gəl-gəl” deyirdi. Amma bütün bunlar dəvətə getməmək üçün bəhanə ola bilməzdi. İstidə “kölgələr” sənə qucaq açsa da, ondan daha qızmar başqa bir istinin varlığını (!) sən də bilirdin.

İmkanın yaxşı idi. Həm də əvvəlki illərdən daha yaxşı. İki miniyin vardı, bu, o dövr üçün varlılıq əlaməti idi.

Təbükə qədər bütün döyüş və səfərlərdə hədəf gizli saxlanıldığı halda, burada hədəf əvvəlcədən elan edilmişdi. Yol uzun, düşmən güclü idi. Buna uyğun da hazırlıq görülməli idi. Hər kəs də hazırlığa başlamışdı. Sən isə “bu gün, sabah” deyə-deyə hərəkət edən orduya gecikmişdin. Arxadan çata biləcəyini düşünürdün. Kaş ki arxadan çatıb onlara qoşula bilsəydin! Bu, bir sınaq idi. Halınla sonrakılara dərs verəcəkdin ki, buna da müvəffəq ola bilmədin.

Hər kəs getmiş, arxada bir üzrlülər, bir də münafiq damğalı iki­üzlülər qalmışdı.

Kab ibn Malik nə etdi?

Təbükə çatana qədər Rəsulullah səndən söz açmamışdı. Ora çatan kimi: “Kab ibn Malik nə etdi?” – demiş və səbəbini soruşaraq ordudan ayrı qala bilməyəcəyini gözləmişdi. Bu sualın cavabında başqa can dostun Muaz ibn Cəbəl sənə arxa durmuş və xeyirlə səni yad etmişdi. Onu unutmayacaqdın. Peyğəmbərimiz isə sükut etdi. Uzaqdan bir toz buludu gördüyü zaman gələnin Əbu Haysəmə olmasını istədi və doğrudan da, gələn Əbu Haysəmə idi. Aydın idi ki, yanında görməyi arzu etdiyi səhabələrin geridə qalması ilə könlü razı olmurdu… Gözü sonradan da olsa, gəlib orduya qoşulanlarda idi. Çünki nəyin bahasına olursa-olsun, qurdlara yem olmamaq üçün karvandan ayrı qalmamaq lazım idi.

Nəhayət, bir gün dönüş xəbərini almışdın. Necə xilas olmağı düşünürdün. Başqaları kimi bir bəhanə ilə işin içindən çıxa bilərdin. Axı yaxşı danışan, sözü dəyərli olan bir söz ustadı idin. Amma sən bir bəhanə gətirməyi heç düşünmədin. Sadiqlikdə doğruluqdan ayrılmamğa and içdin.

***

Mədinəyə hər dönüşündə olduğu kimi, bu dəfə də məscidə getdi. Namazını qılıb Rəbbinə həmdü-səna etdi.

Onunla getməyən hər kəs bir bəhanə gətirirdi. O da səndən əv­vəl­ səksənə qədər insanın zahiri halına görə bəhanələrini qəbul etmiş, aradakı pərdəni açmamışdı. Qəlblərində nə vardısa, hesabını on­suz da Allaha verəcəkdilər.

Davamı: 1 2 3 4 5

Bənzər məqalələr