Səhabələr

Uhuddan sonraki hadisələr

İkincisi, beləcə, heç kimin qarışmadığı və dolayısilə, təqdir etdiyi saysız-hesabsız qadınlarla evlənməyə hədd qoyulur və bu vəziyyətdə ədalət ən vazkeçilməz şərt kimi irəli sürülürdü:

"Əgər onlarla da ədalətlə dolanmaqdan əmin deyilsinizsə, bir qadınla və ya əlinizin altındakı cariyələrlə kifayətlənin. Bu, ədalətli olmağa daha yaxındır," – deyə bu rəqəmin ən çoxu dörd ola biləcəyini ifadə edirdi. Ancaq bir bəyan da nəzərdən qaçmayacaqdı. Quran:

"Bütün gücünüzü sərf etsəniz də, heç vaxt arvadlar arasında ədalətlə rəftar etməyi bacarmazsınız".[6]

Anlayan anlamışdı. Allah (c.c.) kişilərin bir qadınla izdivacını əsas götürür, istisna və zəruri hallarda "ədalət" şərtini irəli sürüb vicdanlara xitab edir və o günəcən sayı bilinməyən evlənmə rəqəmini dörd həddində məhdudlaşdırırdı.

O gün əshab arasında Nəvfəl ibn Müaviyyə beş[7] Haris ibn Qeys səkkiz[8] və Ğaylan ibn Sələmə də[9] on qadınla evli idi. Bunların hər biri Rəsulullahın hüzuruna gəlib vəziyyətlərini ərz edir. Allah Rəsulu onlara dörd qadını nikahda saxlamaqla qalanlarını boşamağı tövsiyə edir.

Qadınlara verilən haqq və azadlıqlar bununla məhdudlaşmırdı. Elə bu ayələrin olduğu surə "qadın" mənasında "Nisa" adlandırılmışdı. Belə davam edirdi:

"Qadınlarınızın mehrlərini könül xoşluğu ilə verin! Əgər onlar qəlbən, öz razılıqları ilə bundan sizə bir şey bağışlasalar, onu halal olaraq nuşcanlıqla yeyin! Allahın sizə dolanmaq üçün bəxş etdiyi malları və ya Allahın sizi üzərində qəyyum təyin etdiyi yetim malını səfehlərə (ağılsızların əlinə) verməyin. Onları həmin maldan yedirdib geyindirin və özlərinə xoş sözlər deyin.

Yetimləri nikah yaşına çatıncaya qədər sınayın. Əgər ağıla dolduqlarını – həddi-buluğa çatdıqlarını görsəniz, mallarını özlərinə qaytarın. Böyüyəcəklər (böyüyən kimi mallarına sahib olacaqlar) deyə, o malları israf edib tələm-tələsik yeməyin. Zəngin olan qəyyum o mala toxunmasın, kasıb isə qəbul olunmuş qayda üzrə ehtiyacı olduğu qədər, çəkdiyi zəhmətin əvəzi miqdarında yesin. Yetimlərin mallarını özlərinə qaytardığınız zaman yanlarında şahid tutun! Haqq-hesab çəkməyə Allah kifayət edər!"[10]

Göründüyü kimi, Allah yetim qızlarla qadınlara aid haqları bircə-bircə sadalamaqla və bunları təsbit etməklə qadınlara o günə qədər görünməmiş seçim haqqı, iradə azadlığı verirdi. Artıq bundan sonra cəmiyyətdə qadın iradəsini ortaya qoya bilən, haqqını əldə etməyə çalışan və tələb etdiyi haqqı da xüsusi olaraq Allah tərəfindən təsbit edilən real bir varlıq idi.