Səhabələr

Uhuddan sonraki hadisələr

– Allahdan başqa ilah olmadığına və Mənim də Onun Rəsulu olduğuma şəhadət etməyindir, – deyə buyurur Allah Rəsulu (s.ə.s). Bu qədər sidq ürəkdən gələn bir dəvəti qəbul etməmək olardımı?! Gənc əvvəlcə:

– Mən də şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur və Sən də Allahın Rəsulusan, – deyir. Sonra:

– Vallah, ya Məhəmməd! Sən nə qədər şəfqətli insansan! Səni görən kimi, sanki, ağlım başımdam çıxdı, əlim-qolum bağlandı, nə edəcəyimi bilmədim! Sən mənim əsas məqsədimi nə tez anladın, halbuki bunu heç kəs bilmirdi! Bax o zaman mən başa düşdüm ki, Sən hər cür təhlükədən mühafizə olunursan. Doğrunu təmsil edən də Sənsən. Əbu Sufyanın arxası ilə gedənlər isə şeytanın əsgərləridir!

Bu cümlələr Rəsulullahın simasında təbəssüm oyadır. Bir təhlükə də problemsiz sovuşmuşdu... Yenə öldürmək üçün gələn bir insan Rəsulullahın iqliminə girər-girməz həyat tapır və könül rahatlığı ilə geri qayıdırdı.

İki acı təcrübə: Rəci və Biri-Maunə

Xeyir yolunda getmək elə də asan deyildi və bəzən qurbanlar vermək lazım gələcəkdi. Müsəlmanlar səmimi görünən bəzi insanların – düşmənlərin qurduqları tələlərə düşəcək, acı təcrübələr yaşayacaqdı.

Rəci

Hicrətin dördüncü ili, səfər ayı idi. Müşriklər Mədinənin Uhuddan sonra zəiflədiyini sanırdı. Amma Mədinə Hamraül-Əsədlə müşriklərin yanıldığını göstərmiş, hətta onların başqa yerlərdə göstərdikləri iki təşəbbüsü də elə beşikdəcə boğmuşdu. Bunu görən düşmən başqa bir yolu sınaqdan çıxarmaq qərarına gəlir: plana əsasən Adal və Qarə qəbiləsinə məxsus heyət Mədinəyə gəlir. Müsəlman olduqlarını və dini ehkamları öyrənmək üçün müəllimə ehtiyac duyduqlarını deyir, Rəsulullahdan Quran müəllimi istəyirlər. Hökmlər zahiri niyyətlərə görə verilirdi və zahirən hər şey xeyirli görünürdü. Elə isə istəklərinə müsbət cavab verilməli, öz iradələri ilə dini seçən bu insanlar onları riza üfüqünə aparan müəllimlərdən məhrum edilməməli idi.

Bir insanın müsəlman olması Allah Rəsulu üçün dünya dolu nemətdən daha böyük sərmayə idi. Ona görə də çox sevinir və Suffə əshabından on nəfər seçərək Adal və Qarə qəbilələrinə gedib onlara dini hökmləri öyrətməyi tapşırır. Onların rəhbəri Asim ibn Ömər ibn Xəttab idi.[13]

Yola düşüb Hicaz tərəflərdə məskunlaşan Hüzeyl qəbiləsinin istifadə etdiyi Rəci adlı quyunun başına çatanda səhabələr əvvəlcədən hazırlanmış plana əsasən mühasirəyə alınır. Lihyanoğullarından yüzə yaxın oxçu gizləndiyi yerdən çıxıb səhabələrə hücum edir.

Özlərini müdafiə etmək üçün hündür bir dağa çıxmaq istəyən və sayca düşmənin onda biri qədər olan səhabələrin ətrafındakı halqa getdikcə daralır:

– Əgər təslim olsanız, söz veririk ki, sizin heç birinizi öldürməyəcəyik, – deyir və beləliklə, hamısını əsir almaq istəyirlər.

Hamraül-Əsəddə Allah Rəsulunun (s.ə.s.) dediyi sözlər qulaqlarında sırğa olmuşdu və eyni səhvi iki dəfə təkrarlamağı düşünmürdülər. Çünki: "Müsəlmanıq," – deyib onları Mədinədən buralara qədər gətirən adamlar bir anda yox olmuş və onları ölümlə üz-üzə qoyub bir kənara çəkilmişdilər. Kim bilir, təslim olsalar, başlarına nə oyunlar açacaqdılar. Ona görə də son damla qanlarına qədər vuruşmağı qərara alırlar. Şəhid olacaqlarını hiss edən Asim ibn Ömər bir tərəfdən ox atır, digər tərəfdən də:

– Allahım! Düşdüyümüz vəziyyətdən Rəsulunu xəbərdar et, – deyə Rəbbinə yalvarır.

Əlində yeddi ox var idi və hər biri ilə bir kafiri yerə sərir. Oxları qurtardıqdan sonra nizə ilə yaxınlaşanları dəlik-deşik edir. Əlindəki nizə də qırıldıqda qılıncını çıxarır, vuruşa-vuruşa dua edir:

– Allahım! Həyatda olduğum müddətdə Sənin dinini qorumaq üçün savaşdım. Sən də şəhid olduqdan sonra bədənimə müşrik əli toxundurma![14]

Məhdud imkanlar şəraitində güclü bir qüvvə ilə uzun müddət mübarizə aparmaq mümkün deyildi və çox keçmədən də yeddi səhabə şəhid edilir. Axıra Hubeyb ibn Adiyy, Zeyd ibn Dəsinnə və Abdullah ibn Tariq olmaqla üç nəfər qalır.

Lihyanoğulları təslim olacaqları təqdirdə onlara zərər yetirməyəcəklərini təkrarlayır və işi uzatmadan ox atıb qılınc çalmağı dayandırmalarını istəyirlər. Bundan sonra üç səhabə təslim olur.

Əvvəlcə yaylarındakı ipləri açıb üçünün də əllərini bağlayırlar. Bundan narahat olan və heç nə etməyəcəklərinə dair verdikləri sözü xatırladan Abdullah ibn Tariq:

– Bu da ilk xəyanət, – deyə etiraz edincə onu oradaca öldürürlər.[15]  Həqiqətən də, niyyətləri pis idi. Əvvəl-axır o birilərini də ölüm gözləyirdi.