Səhabələr

Uhuddan sonraki hadisələr

Əllərini bağladıqları Hz.Hubeyb və Hz.Zeydi isə özləri ilə birlikdə Məkkəyə aparırlar, ikisini də pulla məkkəlilərə satırlar.

Bədrin intiqamını Uhudda ala bilməyən Məkkənin kefinə söz yox idi; acığını bu iki səhabədən çıxacaq və az da olsa, təskinlik tapacaqdı. Hər kəsin bu "bayram"da iştirak etməsini istəyirdilər. Ona görə də əvvəlcə ikisini də həbs edirlər və bir neçə gündən sonra da Tənim adlı yerə gətirib vəhşicəsinə şəhid edirlər.[16]

Biri-Maunə

Yenə səfər ayında Amir ibn Malik adlı bir şəxs Peyğəmbərimizi ziyarət etməyə gəlir. Allah Rəsulu (s.ə.s.) onu İslama dəvət edir. Adam isə hələ də tərəddüd edir: nə müsəlman olur, nə də bu dinə əks gedir. Görünür, zamana ehtiyacı var idi və özü "hə" deyə bilməsə də, yaxınlarının bu dini qəbul etməsini arzu edir. Buna görə də:

– Ya Rəsulullah, – deyir, – bəzi səhabələrini Nəcid qəbiləsinə göndər, onlara İslamı başa salsınlar, onların bu dəvətə müsbət cavab verəcəyini sanıram.

– Qorxuram ki, Nəcid qəbiləsi onlara bir xətər yetirsin, – deyə Allah Rəsulu (s.ə.s.) cavab verir. Bu narahatçılığın cavabında:

– Onlara mən zamin dururam, – deyə Amir ibn Malik təminat verir.

O dövrün qanunlarına görə belə bir söz sənəd sayılırdı. Cəhalət hər tərəfi bürümüş olsa da, sözündən dönmək ər meydanından silinmək demək idi. Elə Peyğəmbərimiz də hər bir fürsəti dəyərləndirib insanlara İslamı anlatmağa çalışırdı. Eyni zamanda Mədinəyə həmin bölgədə  müsəlman olanların problemlərlə qarşılaşdığı haqda xəbərlər gəlirdi. Hətta Ril, Zəqvan, Usayyə və Lihyan kimi bəzi qəbilələr xəbər göndərib təhlükəsizliyi təmin etmək üçün Allah Rəsulundan kömək istəmişdilər.

Belə bir şəraitdə bu istəyə müsbət cavab vermək lazım gəlirdi və buna görə Allah Rəsulu  (s.ə.s) əshab arasından yetmiş nəfər seçib[17] onlara təlimat verir ki, Amir ibn Maliklə gedib Nəcid xalqına İslamı təbliğ etsinlər. Həmçinin onlara getdikləri yerlərin rəhbərlərinə çatdırmaq üçün bir neçə məktub verir. Münzir ibn Amrı heyətə başçı təyin edir.[18] Onların hamısı ilahi kəlam və nəbəvi bəyanları dərindən bilən "suffə" əshabından "qurra" (Qurani-Kərimi üsul və təcvidinə uyğun oxuyanlar. Dindar və saleh adamlar) səhabələr idi.

Yola düşüb Maunə adlı quyunun başına gəlirlər və burada gecələyirlər. Bir tərəfdən dəvələrini otlamağa buraxır, digər tərəfdən də Rəsulullahın göndərdiyi məktubları ünvanlarına çatdırmağı düşünürlər. Buna görə üç nəfəri seçib Amir ibn Tufeylin[19] yanına göndərirlər.

Üç yoldaş yola düşür. Amir ibn Tufeylin yaşadığı yerə az qalanda Haram ibn Milhan[20] onun yanına tək getməyi qərara alır və yoldaşlarına:

– Siz burada qalın, mən ora tək gedəcəyəm. Əgər heç bir qorxulu hadisə baş verməsə, siz də gələrsiniz. Ancaq görsəniz ki, məni öldürdülər, dərhal gedib vəziyyəti yoldaşlarınıza çatdırarsınız, – deyir.

Və Amir ibn Tufeylin yanına gəlir, Rəsulullahın məktubunu çatdırıb onu haqq olan İslam dininə dəvət edir.

Rəsulullahdan gələn məktubu açıb oxumağı belə özünə sığışdırmayan Amir Hz.Haramı öldürməyi əmr edir. Cabbar ibn Sülma əmri yerinə yetirir: əlindəki nizəni Hz.Haramın kürəyinə sancır. Allah Rəsulunun elçisi al-qan içində idi, kürəyinə sancılmış nizə sinəsindən çıxmışdı. Ölərkən də nəsihətə davam etmək lazım idi və Hz.Haram da bir tərəfdən dünya məşəqqətlərindən qurtluduğu, digər tərəfdən isə Allah və Rəsulu uğrunda şəhid olduğu üçün sevincli idi. Qanlı əllərini üzünə çəkən Hz.Haramın sözləri diqqətlərdən yayınmır:

– Allahu Əkbər! Kəbənin Rəbbinə and olsun ki, qurtuldum![21]

Beləliklə, məktub hədəfinə çatmadan Haram ibn Milhan şəhid olur. Ancaq Amir ibn Tufeylin kin və nifrəti bununla bitmir və Amiroğullarına səslənərək o birilərinin üstünə hücum etmək əmrini verir. Amiroğulları bu əmri yerinə yetirmir. Təəccüblü idi, onlara əmr edirdi, amma əmisi Amir ibn Malikin Allah Rəsuluna verdiyi sözə görə Amiroğulları bu əmri icra etmir.

Bu vəziyyət bir başçı kimi Amir ibn Tufeyli hövsələdən çıxarır. Yerində dayanmaq fikri yox idi və yanındakıların razılığı olmasa belə, ətrafdakılardan dəstək alıb Rəsulullahın elçilərinin üstünə hücum çəkir.

Çox keçmədən Usayyə, Ril, Qarə və Zəqvan qəbilələrindən ibarət böyük bir dəstənin gəldiyini  görən könül elçiləri əvvəlcə:

– Vallah, bizim sizinlə bir alıb verəcəyimiz yoxdur! Biz sadəcə Rəsulullahın tapşırdığı iş üçün yolumuzla gedirik. Biz Allah Rəsulunun elçiləriyik, – desələr də, gözünü qan örtmüş bu insanlara söz eşitdirə bilmirlər.

Buna görə də özlərini müdafiə etmək istəyirlər, ancaq qüvvələr qeyri-bərabər olduğundan bu müdafiə istənilən nəticəni vermir. Acınacaqlı vəziyyət idi: Allah və Rəsulunun həyat verən bəyanlarını çatdırmaq üçün yola çıxan və möhtac könüllərə Allahın adını aparmaqdan başqa məqsədləri olmayan insanları qılıncdan keçirirlər.

Bu vaxt orada olmayanlar da növbə ilə şəhid edilir, bu səfərdə yalnız Amr ibn Ümeyyə sağ qalır. Amr uzun əzab-əziyyətdən sonra özünü Mədinəyə çatdırır. Yolda iki adamla qarşılaşır, onların yoldaşlarını şəhid edən qəbilədən olduğunu öyrənincə bir vəfa borcu olaraq fürsət tapıb ikisinin də işini bitirir.