Səhabələr

Və vüslat

Bunu həyata keçirmək üçün ilk müxatəblərindən bu kimi şeylər istəyir, özlərini Haqqa həsr edənlərin şəxsi həzlərdən uzaqlaşmaqla həyatlarını cəmiyyətin islahına  fəda etməsi  zərurətini ifadə edir və səbəblərdə qüsura yol verməməklə yanaşı, nəticəni Allaha həvalə etmənin vacibliyinə  diqqət çəkirdi.

Aydın olurdu ki, fərdi mənada inkişaf dövrünə sosial inkişaf mərhələsi əlavə edilmişdi. Bundan sonra hər iki istiqamətdə fəaliyyət göstərmək lazım idi. Açıq desək, bu, pak vicdanlı insanların mənfiliklərdən uzaqlaşmaları və Haqqın razılığını qazandıran əməllər işləmələri üçün onlara xəbərdarlıq etməyin zəruriliyi mənasına gəlirdi. Bundan sonrası əvvəlkilərdən çox fərqli olmalı idi. Çünki bu ayə Peyğəmbərimizə “Qalx” deyərək hər yönü ilə fərqli bir cəmiyyətin inşası məsuliyyətini yükləyir, qəlb və ağıl süzgəcindən keçməyən hər şeyə qarşı da əks mövqedə durma prinsipi müəyyənləşdirirdi.[13]

Bu gələn ayələrdə diqqət çəkən bir xüsus da səbir etməyin vurğulanması idi. Hələ hər şey təzə başlamışdı. Qət ediləcək məsafə çox  idi və bu işə könül verən  insanların sayı da məlum idi. Məkkə kəskin etiraz edir və məkkəlilərin münasibəti baş verəcək hadisələrdən xəbər verirdi. Yol uzun, sular dərin, azuqə isə məhdud idi. Elə isə, bu çətin mərhələdən sahilə sağ-salamat çatmaq üçün səbir adlı sirli qüvvədən möhkəm yapışmaq lazım idi. Çünki səbir güclü düşmənlərə qarşı ən təsirli cavab demək idi. Allaha ibadət və itaət vəzifəsini icra edərkən günahların cazibəsi qarşısında səbr edib harama əyilmədən və din düşmənlərinin qopardığı fırtınada başa gələn hər cür müsibətə sinə gərərək onu qəbul etməklə səbir etmək... Bütün bunları edərkən də qətiyyən yerində saymamaq və hər dəqiqəni Haqqın razı olduğu fəaliyyətlə dolu keçirmək... Quranın müəyyən etdiyi səbrin mənası bu idi  və Quran hələ işin başlanğıcında inananlara səbri tövsiyə edirdi.