Səhabələr

Və vüslat

Əlbəttə ki, bu danışıqlar Peyğəmbərimizin qulağına çatmış və hələ ilk gündən məruz qaldığı bu çirkin düşmənçiliyə çox kədərlənmişdi. Evinə qayıdanda üstünü örtmüş və dərin bir fikrə dalmışdı ki, Cəbrailin yanında dayandığını görmüşdü.[26] Yeni bir vəhy gəlirdi:

   − Ey əbasına bürünən Peyğəmbər! Gecəni − az bir hissəsi istisna olmaqla − qalxıb ibadətlə keçir! Vəziyyətə görə gecənin yarısına qədər, yaxud bir qədər ondan az və ya bir qədər ondan çox! (“Müzzəmmil” surəsi, 73/1−4).

Allah (cəllə cəlaluhu) Rəsuluna bir bəyan göndərər, O da (s.ə.s.) bu bəyana biganə qalardımı heç? Artıq bundan sonra Onun gecələri gündüzləri qədər aydın, gündüzləri də gecələri kimi fəzilətlə dolu olacaqdı. Gecə ayağa qalxıb ibadət etmək Allahın əmri olduğuna görə Kainatın Fəxrinə ilk könlünü açan hər kəs bu yolu məslək seçəcək və gecələri gündüzlər kimi aydınlaşdırmaq naminə bir-biri ilə yarışacaqdılar. Çünki bu əmr fərz kimi qəbul edilmişdi və ilahi əmri yerinə yetirməmək olmazdı. Artıq gecə ibadəti mömin üçün şərəf idi. Gündəlik məşğuliyyətlərdən usanıb ruhun və qəlbin özünü dinlədiyi bu səssiz dəqiqələrdə isti yataqlar tərk ediləcək, sevgi və qorxu hissləri içində Rəbbə yönələrək əllər açılacaq, səmimi duyğularla dua və niyaz ediləcəkdi.[27] Çünki Rəhmanın mərhəməti gecənin zülmət qaranlığında fəzilət ovuna çıxan insanların üstünə leysan kimi yağar və rəhmli Rəbbimiz də bu anlarda Ona yönələn əlləri boş qaytarmazdı.[28]

Nəhayət, aradan bir müddət də keçəcək və Allah Rəsulunun Cəbraillə görüşdüyü bir gün bu  vəhy nazil olacaqdı:

− Gecənin bir vaxtı durub ancaq Sənə xas olan əlavə (təhəccüd) namazı qıl. Ola bilsin ki, Rəbbin Səni qiyamət günü hamı tərəfindən bəyənilib təriflənən bir məqama − axirətdə ən böyük şəfaət məqamına göndərsin![29]

Artıq təhəccüd bir anlayış idi və gecə yuxudan qalxılmaqla qılınan namazı ifadə edirdi. Ancaq əhəmiyyətli fərq vardı: təhəccüd namazı yalnız Allah Rəsuluna fərz qılınmışdı, ümməti isə onu qəbir və bərzəx yoluna işıq tutan, təşviq edilən bir namaz  kimi əda edirdi. Çünki təhəccüd Məqami-Mahmuda (Məqami-Mahmud − Allah tərəfindən Peyğəmbərimizə (s.ə.s.) vəd edilən ən yüksək şəfaət məqamı ) çatmağın da ən böyük vəsilələrindən biri idi.

Eyni surənin sonrakı ayələrində Quranın tərtillə (Tərtil − Qurani-Kərimi üsul və qaydasına görə, tələsmədən, aramla, anlaya-anlaya oxumaq. Qurani-Kərim tərtil üzrə nazil olmuşdur) oxunması təşviq edilirdi. Buna görə Rəsulullah (s.ə.s.) həm namaz qıldığı vaxt, həm də namazdan kənar vaxtlarda Quranı yüksək səslə və aramla, oxuyurdu. “Bismillah” deyib dayanır, sonra “ər-Rahmən” və “ər-Rahim” deyərək davam edirdi.[30] Eyni diqqəti və həssaslığı ümmətindən də istəyən Allah Rəsulu (s.ə.s.) bunu edərkən belə deyirdi: