Səhabələr

Və vüslat

− Mən oxumağı bacarmıram axı! Nəyi oxuyum? − deyə Allah Rəsulu təkrar dillənir. Cəbrail yenə Rəsulullahı qucaqlayır. Nəhayət, məsələ yoluna qoyulur. Qucaqladığı Allah Rəsulunu  buraxan Cəbrail bunları deyirdi:

− Yaradan Rəbbinin adı ilə oxu! O, insanı laxtalanmış qandan yaratdı. Oxu!  Sənin Rəbbin ən böyük kərəm sahibidir! O Rəbbin ki, qələmlə yazmağı öyrətdi. O Rəbbin ki insana bilmədiklərini öyrətdi.[1]

İndi məsələ aydınlaşmışdı, çünki mərhəmətli Rəbbin adı ilə olunca hər şey oxunardı. Amma hələ nəyin oxunacağı deyilməmişdi. İnsan qarşısında duran hər bir varlıq Yaradandan bəhs edirdi öz dili ilə. Və şüurlu məxluq olan insan bu dili oxumaq üçün məxluqatı yaxşı dərk etməli idi.[2]

Həmçinin bu əmrdə o günədək qazandığı mənəvi dəyərləri bundan sonra gələcək olanlarla eyni paralellikdə dəyərləndirmə təlqini də var idi... Hissə-hissə nazil olan Quran ayələrini hər dəfə təkrar oxumağa təşviq də vardı burada... Çünki bu Kitab həyatdan təcrid olunacaq və ya bahalı qumaşlarda, rəflərdə həbs ediləcək bir kitab deyildi, o, hər cəhəti ilə möminlə yaşayan bir bəyan olmalı, insanın həyat tərzinə çevrilməli idi. Buna görə də ilk növbədə onu yaxşı oxumaq və başa düşmək  və ciddi bir təvəccöhlə (yönəlişlə) ona yönəlmək lazım idi. Çünki o, təvəccöh nisbətində qapılarını açar və istəyənlərə xəzinələrindən ən nadir  incilər bəxş edərdi.