Səhabələr

Xədicə ilə ilk görüş

Amma o gün heç kimin sevinci Hz. Xədicəninkinə çata bilməzdi. Onu o qədər yaxından izləyirdi ki, toy mərasiminə artıq ayrılmaz bir hissəsi olan əri Məhəmmədül-Əminin süd anası Həlimeyi-Sədiyəni də dəvət etmiş, beləliklə,  böyüyən süd övladının sevincini onunla da bölüşmək istəmişdi.

Sevinci səxavətinə kölgə salmayacaq, görüləsi işləri unutdurmayacaqdı. Səhər ayrılıb gedərkən Həlimənin yanında süd verdiyi Abdullahın oğlu Məhəmmədin xatirinə bəxtiyar Xədicənin hədiyyə etdiyi qırx baş qoyun da vardı.

Hz. Məhəmməd bir neçə gün əmisi Əbu Talibin evində qaldıqdan sonra Xədicə anamızın qardaşı oğlu Hakim ibn Hizamdan alınan təzə evə köçəcək, beləliklə, vəhy gələnə qədər 15 il sürən  və hər kəsə nümunə olan yeni bir həyat başlayacaqdı. Məhəmmədül-Əmin bundan sonra hər kəsə örnək bir ailə başçısı idi. Yeri gələndə ev işlərində həyat yoldaşına əl tutur, çox vaxt öz ehtiyaclarını özü təmin edirdi. Beləliklə, qarşılıqlı hörmət və sevginin əsas olduğu xoşbəxt və nümunəvi bir ailə yuvasının təməli qoyulurdu. Buna imkanı olduğu halda, Hz. Xədicə həyat yoldaşına şəxsən özü xidmət etmək üçün ev işlərini xidmətçilərin və ya adamlarının öhdəsinə buraxmır, bütün bunları  bir ibadət sevinci ilə edirdi. Özünü Onun xoşnudluğuna elə həsr etmiş, Ona  elə bağlanmışdı ki, tükünün də inciməsindən narahat olur, Onu incidən ən xırda hərəkətə yol verməmək üçün əlindən gələni edirdi.

Xoşbəxt ailənin digər üzvləri

Allah Rəsulu artıq Hz. Xədicə ilə həyatını birləşdirmiş, yeni ailə həyatı qurulmuşdu. Ancaq bu yuvada onlar yalnız özlərini düşünüb tənha qalmayacaq. Özləri ilə birlikdə başqalarının da əlindən tutacaq, onları da həyata hazırlayacaqdılar. Valideynləri sağ olsaydı, onlar da bu evin xoşbəxtliyinə sevinər və övladları ilə birlikdə nəvələrini sevib-oxşamaq  xoşbəxtliyini  yaşayardılar.

Xüsusilə də, ata yadigarı Ümmü Eymən İnsanlığın Əmini ilə birgə bu evə köçmüşdü. Ata Abdullahın, ana Əminənin övladına kömək olmağa çalışırdı.