Səhabələr

Xədicə ilə ilk görüş

Allah Rəsulu (s.ə.s.) eyni zamanda bir vəfa abidəsi idi. Xədicə ilə ailə həyatı qurar-qurmaz əmisi Abbasın yanına gəlmiş və Əbu Talib ailəsinin  maddi sıxıntısını dilə gətirərək bu evin yükünü bölüşməyi təklif  etmişdi. Nəhayət, Abbas qardaşı oğullarından birini öz yanına aparır, Rəsulullah isə Əbu Talibin digər övladı Əlini himayəsinə götürür. Himayənin üçüncü dövrü sayılan bu mərhələdə Məhəmmədül-Əmin Əli üçün bir ata, Xədicə də şəfqətli bir ana idi. Beləcə Əli bir tərəfdən ən şərəfli insanın təlim-tərbiyəsində yetişir, digər tərəfdən də nəcabətli qadın Hz. Xədicənin şəfqət və mərhəmət dünyasından doyunca istifadə edirdi.

Başqa bir gənc də bu evin sakinləri arasında idi: Zeyd ibn Harisə. Zeyd əslən azad bir ailənin övladı idi, amma anası ilə getdiyi ana ocağında hücuma məruz qalmış və qul bazarında satılmışdı. Onu Ukaz yarmarkasından Hz. Xədicə anamızın qardaşı oğlu Hakim ibn Hizam almış və bibisinə gətirmişdi. Mübarək yuva qurulanadək bir müddət xidmətçilik edən Zeyd artıq bu yeni ailənin bir üzvünə çevrilmişdi. Qısa müddət sonra onun mövqeyində də dəyişiklik olacaqdı, çünki Kainatın Fəxrinə xidmət üçün ayrılmış və O da azadlığın qapılarını Zeydin üzünə  açaraq onu sərbəst buraxmışdı.

Digər gənc sakin isə Xədicə anamızın əvvəlki  həyat yoldaşı Əbu Halədən olan oğlu Hind idi. Bir müddət sonra atası Avvamın vəfatı ilə Zübeyr də bu səadət karvanına qoşulacaq və ona da bu mübarək evdə böyümə lütfü nəsib olacaqdı.

Səadət dolu ailə yuvası

Məhz belə bir ailədə xoşbəxtlik, səadət hökm sürə bilərdi. Allah Rəsulu öz-özlüyündə bir xoşbəxtlik mənbəyi idi. Səadəti yuxusunda belə görməyənlərin başından xoşbəxtlik yağışı yağdırmaq Onun yaradılış qayəsi idi.