Səhabələr

Xədicə ilə ilk görüş

Hələ karvan yola düşməmiş ən böyük qazancını əldə etmişdi və bu qismətin sevincini yaşayırdı iliklərinə qədər... İndiyə qədər ən faydalı ticarətini edirdi. Bütün malını istəsə, bəlkə də, vermək üçün tərəddüd göstərməzdi... Əbu Talibin sözləri onu diksindirir:

− Ey Xədicə! Bu işin müqabilində zəhmət haqqı iki dəvə verəcəyini eşitmişəm, amma mənim qardaşım oğlu Məhəmməd Əmindir və mən Onun üçün bunun iki qatını istəyirəm.

Bir müddət bu istəyi götür-qoy edir zehnində... Belə bir qazanc üçün heç bazarlıq etməyə dəyərdimi? Dünya və axirət səadətinə qapı açılmışkən dəvə söhbətinə ehtiyac vardımı? Beləcə Əbu Talibin ardınca bunları deyir:

− Ey Əbu Talib! Doğrusu, sən çox asan və xoşa gələn miqdarda zəhmət haqqı istəyirsən. Bundan qat-qat çox istəsəydin, vallah, mən onu da qəbul edər və heç bir tərəddüd etmədən verərdim. Sən bunu heç sevmədiyim və uzaq bir adam üçün də istəsəydin, edərdim. Halbuki sən onu mənim çox istədiyim yaxın bir adam üçün tələb edirsən![2]

Artıq əməkhaqqı məsələsində də razılaşdıqları üçün karvanın yola çıxmasına heç bir əngəl qalmamışdı. Əbu Talib əvvəlki Şam səfərində qarşılarına çıxan rahib Bahiranın sözlərini yadına salıb qardaşı oğluna daha diqqətli olmağı tapşırır və dünya mənfəəti əldə edərkən qardaşı oğlundan məhrum olmamağın əndişəsini ifadə edirdi.