Səhabələr

Cəmiyyətlə Bütünləşən Nüzul Keyfiyyəti

Dan yerinin sökülməsi lap yaxında idi və səhər açılmaq üzrə idi. Günlər şəfəqin söküləcəyi və bahar havasını udacaqları anın həyə­ca­nı­nı yaşayırdı... Ancaq bunun üçün bir Əbu Bəkir, bir Xədicə, bir Əli olmaq lazım idi... Tarixdə sökülən hər yeni şəfəq, hər yeni səhər daima belə iman sahiblərinin çiyinlərində bayraqlaşmışdı.[35] Bu keyfiyyəti daşıyan insanlar yetişəndən sonra dünya bomba olub partlasa, nə dəyişərdi ki? Onsuz da zaman da dəyişmədiyini göstərəcəkdi...

Güc çoxluqda deyil, haqdadır.

O dövrkü Məkkədə hər məsələ zor gücün əsasında formalaşdığı üçün hər kəs özünü ətrafındakı adamların sayına görə güclü hesab edir və bu gücü rəqiblərinə də göstərmək istəyirdi. Hətta bəzən keçmişin  “dəftərlərini vərəqləyir”, dədə-babalar arasında nüfuzlu şəxslər varsa, onlarla öyünərək psixoloji müharibə aparırdılar.

Abdimənafoğulları ilə Səhmoğulları arasında ciddi anlaşılmazlıq və rəqabət hökm sürürdü. Tərəflər bir-birini keçmək üçün ağlagəlməz üsullara əl atır və öz tayfasının daha güclü olduğunu sübut etməyə çalışırdı. İşi o həddə çatdırmışdılar ki, məzarlarda yatan yaxınlarının adları ilə bağlı məşhur mənqəbələri (hadisələri) ağızdolusu danışırdılar. Beləcə, bu çoxluq yarışında Abdimənafoğulları geridə qalacaq və bu psixoloji müharibədə cahiliyyə dövründə sayı daha çox olan Səhmoğulları üstün gələcəkdi.

Məkkədə yeni bir mərhələ də vardı və bunun üzərində də bərqərar ediləcək bir hökm olmalı idi. Çox keçməmiş, Cəbrail gəlir və bu ayələri gətirir:

− Çoxluq (mal-dövlət, oğul-uşaq və qohum-əqrəba çoxluğu) ilə öyünmək sizi o qədər şirnikləndirdi, başınızı o qədər qatdı ki, hətta məzarlarda yatan ölülərinizi sayıb, onların da çoxluğu ilə fəxr etməyiniz üçün qəbirləri ziyarət etdiniz. Yox, belə yaramaz. Siz öləndən sonra bu yaramaz əməllərinizin aqibətini mütləq biləcəksiniz! Xeyr, siz öləndən sonra bu yaramaz əməllərinizin aqibətini mütləq biləcəksiniz![36]