Səhabələr

Cəmiyyətlə Bütünləşən Nüzul Keyfiyyəti

Bundan sonra da ayələr gəlməkdə davam edirdi. Nazil olan ayələrdə xülasə olaraq bunlar vurğulanırdı:

− Göylərin və yerin hökmü Allaha məxsusdur və Allah hər şeyə qadirdir.[12] Göylərdə və yerdə Allahı aciz edə biləcək heç bir şey yoxdur. Həqiqətən, O, hər şeyi biləndir, hər şeyə qadirdir![13] Qiyamətin qopması bir göz qırpımında, yaxud daha tez olar. Allah, həqiqətən, hər şeyə qadirdir![14] Bu insan yaradılışının müxtəlif mərhələləri, ölü torpağın cana gətirilməsi ona görədir ki, Allah haqdır, ölüləri dirildir və O, hər şeyə qadirdir!”[15] Allah axirət həyatını yaradacaqdır. Allah hər şeyə qadirdir![16]

Göründüyü kimi, bu günün insanları üçün mümkün görünməyən hər məsələnin sonunda Allahın gücü və qüdrəti vurğulanır və Onun bütün mülkün sahibi olduğu xatırladılaraq bu gün də qeyri-real görünən hər məsələnin Onun üçün çox asan olduğu bildirilir. [17]Heç bir şey yoxkən kainatı var etmək, havası ilə suyunu tənzimləyib işığı ilə hərarətini tarazlaşdırmaq və beləliklə, canlıların yaşaması üçün bütün zəruri imkanları yaratmaq... Sonra da hər bir canlı, bitki və maddi cisimlərə, cansızlara həyat verib mükəmməl bir sistem qurmaq... Dünən bunu xəlq edən qüdrət bu gün və ya sabah oxşarını yaratmaqda aciz hesab edilə bilərdimi? Halbuki, bir az düşünən insan yaxşı bilir ki, intizamlı ordu qurarkən meydana çıxan çətinliklər, verilən fasilələrdən sonra həmin ordunun toplanmasında yaşanmadığı kimi, ikinci yaradılış da birinciyə nisbətən daha asandır. Cəbrailin gətirdiyi bəyan da eyni şeyləri söyləyəcəkdi:

− Məxluqatı əvvəlcə yoxdan var edən kimdirsə, sonra da yenidən dirildəcək olan Odur. Bu, Onun üçün çox asandır.[18]

Eyni zamanda O (cəllə cəlaluhu), elə bir qüdrət sahibidir ki, Onun üçün ən xırda bir zərrəni yaratmaqla bütün sistemləri var etmək arasında heç bir fərq yoxdur. İnsanların bunu da bilməsi zəruri idi. Bu məqsədlə Quran ölümdən sonra təkrar dirilişdən bəhs edərkən bu ifadələri işlədəcəkdi:

− Ey insanlar! Sizin hamınızı yaratmaq və ya hamınızı öləndən sonra diriltmək, Allah üçün bir nəfəri yaratmaq və diriltmək kimidir. Həqiqətən, Allah hər şeyi eşidəndir, görəndir![19]

Həmçinin, məsələ təkcə nəzəriyyələr əsasında bildirilmirdi. Əslində bu, Quran üslubunun bir hissəsi idi, nəzəriyyə ilə yanaşı təcrübədən də misallar verilir və insanların görüb eşidərək qəbul etməsinə çalışılırdı. Quran yenidən dirilmək həqiqətindən bəhs edərkən düşünən insanlara  belə səslənir:

− Sən Allahın rəhmətinin (yağışının) əsər-əlamətinə bax ki, torpağı öldükdən sonra necə dirildir. Bunu edən qüdrət ölüləri dirildəcəkdir. Çünki  O, hər şeyə qadirdir![20]