Səhabələr

Davamçılar və möhnət illəri

Bu mərhələdə Qureyş, ümumiyyətlə,  prosesləri bir tamaşaçı kimi seyr etməyə üstünlük verirdi. Güman edirdilər ki, bu yeni dirçəlişin də aqibəti Zeyd ibn Amr, Quss ibn Səidə və Umeyyə ibn Əbi Salt kimi insanların fikirləri tək olacaq və fərdi bir hadisə olaraq yalnız Məhəmmədül-Əminlə məhdudlaşacaqdı. Ancaq vəziyyət heç də zənn etdikləri istiqamətdə inkişaf etmirdi.

Açıq dəvət və təbliğ kimi hadisələr Qureyşin  gözünə çarpmasa da, ən yaxınlarından bir-bir, iki-iki qopan insanlar gedib Hz. Məhəmmə­din (s.ə.s.) qarşısında imana gəlir, yollarını dəyişdirib  bambaşqa insan olurdular.

Çox keçmədən Bilali-Həbəşi, Əbu Sələmə,[21] Ərkam ibn Əbil Ərkam, Ubeydə ibn Haris, Hz. Əbu Bəkirin iki qızı Əsma və Aişə, Habbab ibn Ərətt, Umeyr ibn Əbi Vəqqas, Məsud ibn Qariyy, Səlit ibn Amr, Ayyaş ibn Əbi Rabia və xanımı Əsma binti Sələmə, Huneys ibn Hüzafə, Amir ibn Rəbia, Abdullah ibn Cahş və qardaşı Əbu Əhməd, Xatib ibn Haris və xanımı Fatimə binti Mucəlləl ilə Xatibin qardaşı Xəttab və onun xanımı Fukeyhə binti Yəsar, Mamar ibn Haris, Osman ibn Mazunun oğlu Saib, Muttalib ibn Əzhər və xanımı Ramlə binti Əbu Avf, Nuaym ibn Abdullah, Amir ibn Fuheyrə[22] ilə Xalid ibn Səid ibn As və xanımı Umeynə binti Xaləf də bu nura qovuşanlar idi.

Xalid ibn Səid yuxusunda özünü cəhənnəmə bənzər bir od-alovun kənarında və onun içinə sürüklənərkən görmüşdü. Atası da arxada dayanmış, onu alova doğru itələyirdi. Elə odun içinə düşdüyü anda Allah Rəsulu (s.ə.s.) dadına çatmış, belindən tutub kənara çıxarmış, cəhənnəm alovundan xilas etmişdi. Dəhşət içində yuxudan oyanmış və bir müddət fikirləşəndən sonra təsiri hələ davam edən bu yuxunun haqq və doğru olduğuna  şübhəsi qalmamışdı.

Öz-özünə: “Cəhənnəmdən xilas olmağımın yeganə yolu Rəsulul­lah­la birlikdə hərəkət etməkdi,” − deyirdi. Əvvəlcə gedib Hz. Əbu Bəkirlə məsləhətləşir, o da fərqli düşünmürdü və:

− Mən bununla sənin üçün xeyir murad edildiyini düşünürəm. Bax, Rəsulullah orada oturur, get və Ona  tabe ol! Çünki səni cəhənnəmdən O qurtaracaq. Təəssüf ki, atanın vəziyyəti heç də ürəkaçan deyil, − deyir.

Vaxt itirmədən Rəsulullahın (s.ə.s.) hüzuruna gələn Xalid ibn Səid Əcyad adlı yerdə:

−  Ey Məhəmməd! Sənin dəvətin nədir? − deyə soruşur.

− Mən sadəcə Allaha dəvət edirəm, Ona heç bir şeyi şərik və ortaq qoşmayacaq, Məhəmmədin də Onun qulu və Rəsulu olduğunu qəbul edəcəksən. Həmçinin eşidib görməyən, hətta özünə fayda və zərəri olmayan, kimin ona sitayiş etdiyini, kimin də ibadət etmədiyini  bilməyən bu daşlara qulluqdan vaz keçib yalnız Ona ibadət edəcəksən, − deyirdi Allah Rəsulu (s.ə.s.).  Hz. Xalid tərəddüdsüz :

− Əşhədu ən lə iləhə illəllah və əşhədu ənnəkə Rəsulullah, − deyərək elə oradaca müsəlman olur.[23]