Səhabələr

Davamçılar və möhnət illəri

Cəbrailin (ə.s.) gətirdiyi xəbərdə Allah (c.c.) onlar üçün saysız-hesabsız uxrəvi nemət  vəd edirdi; içində irmaqların axdığı, fəvvarələrin qaynayıb çeşmələrin çağladığı həmin dünyada xalis ləzzətin olduğu bir həyat gözləyirdi onları. Və bütün bunlar onlar üçün bir qayə də deyildi: Allahın xoşnudluğunu qazanmaq eşqi doldurmuşdu onların üfüqünü. Elə bir iffət  sahibi idilər ki, onlardan bunun xaricində bir şey gözləmək də əbəs idi.

Mənəvi duyğularını gücləndirmək üçün gələn ayələrdə Allah (cəllə cəlaluhu) əvvəlki peyğəmbərlərdən nümunələr verir və:

− Şübhəsiz ki, Biz öz peyğəmbərlərimizə və iman gətirənlərə həm dünyada, həm də şahidlərin şəhadət verəcəyi gündə − qiyamət günündə yardım edəcəyik![36] − deyərək bu kimi çətinliklərə Onlarla birlikdə çarpışan həvarilərin də düçar olduqlarını bildirir, amma sonda gülən (sevinən, qalib) tərəfin kimlər olduğunu açıq-aşkar göstərirdi. Hz. Nuhdan... Hz. İbrahimdən... Hz. Şuaybdan... Hz. Əyyubdan... Hz. Salehdən... Hz. Musadan... Hz. İsadan... örnəklər verir və bütün bunlardan sonra:

− Onlar səbir edib bu yolda lütf edilən nüsrətlə (ilahi yardımla) qalib gəldilər, siz də bir az səbr edin ki, sabahkı bayramı yaşaya biləsiniz, − bəyanları verilir və yeni möminlərdən də eyni yolda səbir və dözüm istənilirdi. Bu cür şəraitdə səbir mömin üçün ən böyük silah idi və hər cür yalana və qaralamaya rəğmən, bu mətanətdən əsla vaz keçməmək lazım idi. Çünki gələn ayələrdə Uca Allah həm Sevgili Peyğəmbərinin mənəvi qüvvəsini artırmaq, həm də möminlərin əhvali-ruhiyyəsini yüksəltmək üçün açıq-aşkar belə buyururdu:

− O halda, Sən səbrinlə döz! Allahın vəd etdikləri mütləq və gerçəkdir. Ona inanmayıb  bu işə etinasız baxanların mövqe və davranışları Səni təşvişə salıb əndişəyə sövq etməsin![37]