Səhabələr

Davamçılar və möhnət illəri

O gün Əbu Zər üçün bayram olmuşdu: qardaşı getmiş, gəlişini gözlədiyi Şəxsdən xəbər gətirmişdi. İllərin intizarının  sonu gəlmişdi və yerində dayana bilməzdi. Dərhal yola düşür, birbaşa Məkkəyə gəlir.

Məkkəyə gəlməyinə gəldi, amma Onu tanımırdı. Həmin vaxtlarda İslama dəvət açıq şəkildə aparılmadığı üçün heç kimi görə bilməmişdi. Çarəsiz qalıb soruşa-soruşa axtaracaqdı Allah Rəsulunu. Rastına çıxan bir adamdan:

− Sizin “sabi” dediyiniz adam haradadır? − deyə soruşur. Baxışları Əbu Zəri sual verməyə peşman edir. İnsanların bu qədər çəkingən olmasına bir məna verə bilmirdi. Artıq axşam düşmüşdü, çarəsiz halda  Kəbənin həyətinə girir və  orada gecələyir.

Səhəri Allah (cəllə cəlaluhu) ona tuş gətirir Hz. Əlini. Hz. Əli uzaq yerlərdən Məkkəyə gələn bu əcnəbiyə kömək etmək istəyirdi. Ancaq həmin vaxt müsəlmanlara qarşı Məkkədə elə bir ictimai təzyiq var idi ki, heç kim inancını açıq-aşkar dilə gətirə bilmirdi. Hər ikisi məqsədini açmaqda çətinlik çəkirdi.  Hz. Əli: “Birdən deyərəm, inanmaz, etiraz edər...”, − deyə fikirləşir, Əbu Zər də: “Bu da hirslənib uzaqlaşsa, necə olacaq?” − deyə narahatlıq keçirirdi, beləcə, heç biri əsl niyyətini aça bilmirdi. Həm də bir-birlərini tanımırdılar. Əsas məsələdən söz salmayıb gecəni bir yerdə keçirirlər. Əbu Zər artıq üç gün, üç gecə idi ki, Məkkədə idi, amma aradığını tapmamışdı. Kəbəyə gəlmiş, Ona qovuşacağı anı gözləyirdi. Nəhayət, Hz. Əli Əbu Zərə yaxınlaşır və hər şeyi gözə alıb ondan gəliş məqsədini soruşur. Allah Rəsulundan söz açır. Bəli, artıq eyni dildə danışmağa başlamışdılar. Əbu Zər Ona bu qədər yaxınlaşmışkən, üç gün ayrı qaldığına təəssüflənirdi. Niyyət və hədəf məlum idi, indi növbədə maneəsiz görüş yerinə çatmaq qalırdı. Çünki müşriklər Məhəmmədül-Əminin hüzuruna başqa bir adamın da gəldiyini görsələr, buna mane olmağa çalışar və ya yerli-yersiz sözlərlə onu fikrindən daşındırar, hətta pislik edə bilərdilər. Yəni işin yaxşı qurtarması üçün müəyyən mənada tədbirli davranmaq lazım idi.