Səhabələr

Hicrət İzni və Qureyşin Təlaşı

− Mal-dövlətinin yerini göstər, biz də sənə mane olmayaq, − cavabını verirlər. Bu adamları başa düşmək olmurdu; dünya malına kölə olmuşdular. Süheyb təəccüb içində bir daha soruşur:

− Əgər bütün mal-dövlətimi sizə versəm, yolumdan çəkilib məni sərbəst buraxacaqsınızmı?

− Bəli, buraxarıq,− deyirlər istehzalı əda ilə... Bəlkə də, “Belə bir şey olmaz”, − deyə düşünürdülər. Amma Süheyb çox ciddi idi:

−  Oldu, elə isə, mən də bütün malımı sizə verirəm, − deyir.

Qureyşlilər məəttəl qalmışdılar. Necə olur ki, bir adam bütün malından, mülkündən əl çəkir, amma Məhəmmədül-Əminin hüzuruna varmaqdan vaz keçmirdi? Özləri Süheybin yerinə olsaydılar, ən ucuz  mallarını da itirməmək üçün həyat bahasına mübarizə aparar və lazım gələrsə, canlarını da əsirgəməzdilər. Həqiqətən də, təəccüb doğuran vəziyyət idi və Qureyşin məntiqinin bunu dərk etməsi də mümkün deyildi.

Süheybin bu igidliyi  özündən əvvəl Allah Rəsuluna (s.ə.s.) gəlib çatmışdı. Eşidər-eşitməz də:

− Süheyb necə böyük qazanc əldə etdi! Süheyb necə böyük qazanc əldə etdi! − buyuracaq, bu fədakarlığı qarşısına çıxan insanlara da danışacaqdı.[11] Cəbrailin gətirdiyi bəyan  da bu qazancı elan edirdi:

−  İnsanların eləsi vardır ki, Allahın rizasını qazanmaq üçün  öz canını satın alar. Allah, qullarına qarşı çox mərhəmətlidir.[12]

Hz. Ömərin hicrəti

Hz. Ömər igid və cəsur bir insan idi. Hicrət kimi mühüm bir məsələdə hər kəs xəlvət hərəkət edərkən, o, Mədinəyə hicrət edəcəyini açıq-aşkar elan etmiş, “Cəsarəti çatan filan yerdə qarşıma çıxsın” demişdi. Əlbəttə, bu cür hərəkəti hər kəsdən  gözləmək mümkün deyildi və hər kəs  də bunun öhdəsindən gələ bilməzdi. Ancaq bu, Ömər kimi bir insana çox yaraşırdı.