Səhabələr

Hicrət İzni və Qureyşin Təlaşı

Hz. Ömər Mədinəyə hicrət qərarını Ayyaş ibn Əbi Rabia və Hişam ibnul As ilə birlikdə vermiş və ertəsi gün Tənadub adlı yerdə görüşərək birgə yola çıxmaq barədə vədələşmişdilər. Hətta bir səbəb üzündən, kimsə həmin yerə gəlməsəydi belə, gələnlər yola davam edəcək və beləliklə, birinə görə digərləri hicrətdən qalmayacaqdı. Çünki Qureyş əlindən qaçırdığı müsəlmanlara görə yanıb-yaxılır, geridə qalanların da əldən çıxmaması üçün hər vasitəyə əl atırdı.

Beləcə, vaxt-vədə gəlib çatmış, Hz. Ömər də evindən çıxmışdı. Ancaq ilk hədəfi razılaşdıqları kimi Tənadub deyil, Kəbə idi. Çox keçmədən, Hz. Ömər qılıncına qurşanıb kamanını çiyninə keçirmiş və bir əlində mizraq, bir əlində ox qabı Kəbəyə tərəf gəlirdi. Hz. Ömərin hicrət edəcəyindən bixəbər olanlar onu görəndə nə baş verəcəyini gözləməyə başlamışdılar. İnsanlar Kəbənin həyətinə dolub onu seyr edərkən Hz. Ömər əvvəlcə təvafa başlayır və Allahın evini yeddi dəfə təvaf edir. Sonra Məqamı-İbrahimə gəlir və burada iki rükət namaz qılır. Daha sonra oradakı hər bir dəstəyə yaxınlaşaraq müsəlmanlara rəva gördükləri bu qədər əziyyət və işgəncəyə görə əvvəlcə onlara:

− Qəhr olsun bu qara üzlər! Allah bu burunları da sürüm-sürüm süründürsün! − deyə üstlərinə hayqırır . Sonra da:

− Sizlərdən kim anasını göz yaşlarında boğmaq, övladlarını  və arvadını dul qoymaq istəyirsə, bu vadinin arxasında qabağıma çıxsın, − deyərək iman qarşısında cəbhə quranlara  açıq-aşkar meydan oxuyurdu.[13]

Əlbəttə, Hz. Ömər kimi bir insanın qabağına belə asanlıqla çıxa bilməyəcəklərini çox yaxşı bilirdilər. Onların gücü yalnız zəif və himayəsizlərə çatırdı və Hz. Ömər dediyi vadiyə doğru gedərkən müşriklər  yalnız  arxasınca  baxa-baxa qalmışdılar.

Hz. Ömər Hişam və Ayyaşla vədələşdikləri yerə gəlir. Amma orada onu təkcə Ayyaş ibn Rəbia gözləyirdi. Bundan başqa, Hz. Ömərin gəlişini gözləyən iyirmiyə yaxın adam da vardı. Bu adamlar tək hicrət etməkdənsə, Hz. Ömər kimi bir adama yoldaş olmağa üstünlük verən zəif və gücsüz insanlar idi.[14]Vədələşdikləri kimi bir müddət də Hişam ibnul Ası gözləyirlər, amma əbəs idi. Çünki məkkəlilər onun da hicrət edəcəyini anlamış  və  Hz.Hişamın yolunu kəsərək həbs etmişdilər.