Səhabələr

Hicrət İzni və Qureyşin Təlaşı

Ayyaş ibn Rəbia

Ayyaş ibn Əbi Rəbia ilk müsəlman olan səhabələrdəndir. Hələ İbn Ərkamın evi irşad mərkəzinə çevrilmədən müsəlman olmuş, təzyiq və zülmlər artınca Həbəşistana hicrət etmişdi. Məkkəlilərin müsəlman olması ilə bağlı yayılmış şayiədən sonra Məkkəyə qayıdanların arasında o da var idi. Amma bu qayıdış işgəncələrin və təzyiqlərin azalması demək deyildi. İndi Ayyaş da hərəkətə gəlmiş,  artıq yeni bir hicrət üçün yola düzəlmişdi.

Yol yoldaşı Hz. Ömərlə danışdıqları yerdə görüşdükdən sonra uzun və yorucu, amma nəticə etibarilə rahatlıq və əmin-amanlıq vəd edən bir səfərə çıxmışdılar. Düzdür, digər yoldaşları Hişamın gələ bilməməsinə kədərlənmişdilər, amma bu məqamda əllərindən bir iş gəlmirdi.

Günlərlə sürən yorucu səfərdən sonra, nəhayət, Qubaya qədər gəlmiş və burada istirahət etmək üçün fasilə vermişdilər. Bu vaxt arxadan gələn iki atlı diqqətlərini cəlb etmiş və onların da mühacir olduqlarını güman edərək gözləməyə başlamışdılar. Nə yaxşı ki, iki müsəlman da möhnətdən qurtulmuş və Mədinənin mədəni ab-havasına qovuşmaq üçün yolun sonuna yaxınlaşmışdılar!

Amma çox keçmədən ümidlərində yanıldıqlarını gördülər. Çünki gələnlər Əbu Cəhillə qardaşı Haris ibn Hişam idi. Bunların hicrətlə heç bir əlaqəsi ola bilməzdi! Əslində Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) Əbu Cəhilin qapısına dəfələrlə getmiş, amma o, hər dəfə  Allah Rəsulunu təhqir etmiş, qapısına qədər gələn səadətdən üz döndərmişdi. On üç il idi ki, kin qusan bir firon bir günün içində düz yola gələ bilməzdi, amma kaş gələydi! EIə isə, bura qədər gəlməkdə nə məqsədləri vardı? Yoxsa Hz. Ömərin Kəbədə meydan sulamasına dözməyib onunla haqq-hesab çəkməyə gəlmişdi? Nə isə, məsələ az sonra necə olsa,  məlum olacaqdı.