Səhabələr

Hz. Ömərin gəlişi və ibn Ərkamın Evinin Tərk Edilməsi

Rəsulullah (s.ə.s.) bu şəkildə surəni axıra kimi oxumuş, Ömər də bunu təəccüb və heyrət içində dinləmişdi. O gecə xeyli, uzun-uzadı fikirləşdi. Beynində fırtınalar qopurdu. Amma bunlar hələ də Öməri hərəkətə gətirib cəbhəsini dəyişdirəcək gücdə deyildi. Buna görə də, səhərisi gün yenə əvvəlki yoldaşlarının yanına gəlmiş, əvvəlki vərdişlərinə qayıtmışdı.

Amr ibn Hişam (Əbu Cəhil) isə hər fürsətdə Allah Rəsuluna (s.ə.s.) qarşı çıxan, dinlə bağlı hər cür irəliləyiş və inkişafa mane olmağa çalışan və bundan da həzz alan bir adam idi. Rəsulullah (s.ə.s.) bu günə kimi onun da müsəlman olması üçün çox çalışmış, amma bu ona nəsib olmamışdı. Dəfələrlə qapısına kimi getmiş, lakin hər dəfə həqarətlə qarşılaşmışdı. Buna baxmayaraq, Allah Rəsulu (s.ə.s.) Əbu Cəhildən əlini üzmür, onun qəlbinə iman salmağı Allahdan istəyirdi. Ancaq bu dua Ömər üçün qəbul edildi, itirən isə Əbu Cəhil oldu.

Peyğəmbərimizin (s.ə.s.) dua etdiyi günün səhəri Ömər Səfa təpəsi istiqamətinə, İbn Ərkamın evində yığışan möminlərə pislik etmək niyyəti ilə yola çıxmışdı. Qılıncı belində idi. Yolda rastına müsəlman olduğu halda, imanını gizli saxlayan Nuaym ibn Abdullah çıxır. Gördüyü mənzərə Nuaymı narahat etmişdi, çünki Ömərin nəfəsində qəzəb vardı. Nəyin bahasına olursa olsun, onu bu yoldan qaytarmalı və şərindən arxayın olmalı idi. Buna görə də:

− Hara gedirsən, ey Ömər? − deyə soruşur.

− Qureyşin arasına ayrılıq salan, dədə-babaları və ilahları haqqında pis sözlər deyən və onları alçaldan dinindən dönmüş Məhəmmədi öldürməyə gedirəm, − cavabını verir.

Nuaym zənnində yanılmamışdı; Ömərin, həqiqətən də, niyyəti pis idi və məqsədinə çatmaq üçün də yola düzəlmiş, İbn Ərkamın evinə gedirdi. Nə olur-olsun onu bu yoldan döndərməli idi. Birinci ağlına gələn Ömərin bacısı və bacısının əri idi.

− Allaha and olsun ki, nəfsin səni aldadıb, ey Ömər! Abdimənafoğullarını qoyub Məhəmmədi öldürməyə gedirsən? Heç olmasa, öz evinə qayıt, əvvəlcə onların məsələsini həll et!

Ömər heyrət içində idi. Ola bilməzdi. Ondan xəbərsiz ailəsindən heç kim müsəlman ola bilməzdi. Ona görə dərhal soruşur:

− Öz evimdə nə var? Yoxsa...?

Bəli... Onun ailəsindən də bu şirin bulağın başına gələn və ondan doya-doya içməyə başlayanlar vardı. Bunlardan xəbərsiz olan Ömər dərhal cavab vermək üçün Nuaymı sıxışdırır. Nuaym ən azı hədəfi dəyişdirmiş və bir müddət də olsa, vaxt qazanmışdı. İndi isə həqiqəti demək məcburiyyətində idi:

− Bacının əri Səid ibn Zeydlə[3] bacın Fatimə Binti Xəttab. Allaha and olsun ki, onlar da müsəlman olub Məhəmmədə tabe olmuş və Onun gətirdiyi dini qəbul etmişlər. Sən əvvəlcə öz məsələni həll et, − deyir Ömərə.

Ömərin beynində şimşəklər çaxmışdı. İnana bilmirdi ki, ondan xəbərsiz evindən kimlərsə gedib bu axına qoşulardı. Məsələyə dərhal müdaxilə edilməli, qarşısı alınmalı idi. Buna görə də, həmin anda istiqamətini dəyişir. O sanki uça-uça gedirdi. Ancaq bu dəfəki hədəfi Allah Rəsulu (s.ə.s.) deyil, bacısı və onun həyat yoldaşı idi.

Qapıya yaxınlaşmışdı ki, içəridən ürək yandıran bir səs eşidir. Bu səs Kəbədə qaldığı gecəni xatırladırdı. Səsin sahibi başqası olsa da, mənbəyi eyni idi. Bu, Habbab ibn Ərəttin səsi idi:

− Ta, Ha! Biz Quranı sənə məşəqqət çəkməyin üçün nazil etmədik...

Davamı: 1 2 3 4 5